21 fevral 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirədə tikinti işçilərinin əmək şəraitinin və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin edilməsinə, işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinin bağlanmasına nəzarəti gücləndirmək, həmçinin əməyin mühafizəsi üzrə ixtisasartırma kurslarının təşkil olunması barədə tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində tikintidə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması mövzusunda ixtisasartırma kurslarına başlanılıb.
Martın 3-dən keçilməsinə başlanılan ilk ixtisasartırma kursuna Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon idarələrinin, “Gəmiqaya Şirkəti”, “Dizayn İnşaat”, “Cahan İnşaat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Əcəmi” Açıq Səhmdar Cəmiyyətinin, “Altay” LTD-nin və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin əməyin mühafizəsi üzrə 14 mütəxəssisi cəlb edilib.
7 gün davam edəcək kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən tikintidə iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi normaları, qaydaları və prinsiplərinə uyğunlaşdırılması, əmək müqavilələrinin bağlanması, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə olunması qaydaları, baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanması və sair mövzular tədris olunacaqdır. İxtisasartırma kursunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən də müvafiq olaraq tikinti obyektlərində əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin görülməməsinə görə məsuliyyət, sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər haqda məlumat veriləcəkdir.
Yekunda ixtisasartırma kursunda iştirak edənlərin bu sahədə bilikləri yoxlanılacaq.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti