Əmək ehtiyatları iqtisadi inkişafın mühüm amillərindən biridir. Doğrudan da, hərtərəfli formalaşmış, bütün peşə və sənət növləri üzrə yetkinləşmiş insan resursları olmasa, heç bir təbii ehtiyatdan istifadə etmək və insanların minlərlə tələbatının heç birini ödəmək mümkün olmaz. Başqa sözlə, yaradılan nə varsa, bunlar məqsədyönlü fəaliyyətin – insan əməyinin məhsuludur. Buna görə də hər bir insanın ictimai-faydalı əməyinə qayğı göstərmək, onun üçün normal, təhlükəsiz əmək şəraiti yaratmaq inkişaf edən cəmiyyətlərdə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi olub, son nəticədə, insan inkişafına xidmət edən çoxşaxəli, fasiləsiz və kompleks tədbirlər sistemidir.
Müxtəlif əmək proseslərində çalışan işçilərin əmək qabiliyyətinin, sağlamlığının qorunub saxlanılması üzrə belə kompleks tədbirlər sistemi dövlət və vətəndaş həmrəyliyinin bir ifadəsidir. Belə tədbirlər, ilk olaraq, institusional bir fəaliyyət kimi mühüm dövlət orqanlarının birgə, koordinasiyalı işinin nəticəsində mümkün olur, əməyin mühafizəsi üzrə mövcud qanunlar, standart norma və qaydalar əsasında tənzimlənir. İnsan sağlamlığına zərərli olan, mürəkkəb maşın və mexanizmlərin tətbiq olunduğu istehsal proseslərində və tikinti meydançalarında işçilərin əmək qabiliyyətinin tam və qismən itirilməsi ilə nəticələnən bədbəxt hadisələrə yol verilməməsi üçün çox ciddi texniki təhlükəsizlik qaydaları vardır ki, bunlara əməl olunması həmin işlərin yerinə yetirilməsinə məsul olan şəxslər tərəfindən daim nəzarətdə saxlanılmalıdır. Doğrudur, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sığorta fəaliyyəti istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığortalanma yolu ilə insanlara əmək prosesində dəymiş zərərlərə görə sığorta ödənişlərinin verilməsini həyata keçirir ki, bu da onların maddi vəziyyətinə müəyyən dərəcədə dəstək olur. Ancaq bu da bir həqiqətdir ki, heç bir maddi dəstək insan sağlamlığından qiymətli deyildir. Ona görə də kiçik bir ehtiyatsızlığın insanın özü və ətrafdakılar üçün nə dərəcədə təhlükəli nəticələr doğura biləcəyini bir an belə unutmadan görülən bütün işlər zamanı əməyin təhlükəsizliyi şərtlərinə ciddi əməl edilməsi tələb olunur.
Naxçıvan Muxtar Respublikasının müasir intibah dövrü iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə xarakterizə olunur. Bir vaxtlar sırf aqrar region kimi tanınan muxtar respublikada indi artıq yüzlərlə adda və çeşiddə sənaye məhsulu istehsal olunur, yüngül və ağır sənaye, yerli xammaldan istifadəyə əsaslanan emal sənayesi inkişaf etdirilir, tikinti-quruculuq işləri paytaxt Naxçıvan şəhərindən tutmuş rayon mərkəzləri və ən ucqar kəndlərədək hər yerdə davam etdirilməkdədir. Getdikcə daha çox miqdarda yeni texnika və texnoloji avadanlıq alınıb gətirilir və bunlardan intensiv şəkildə istifadə olunur. Əvvəlki dövrlərdən fərqli olaraq, iş proseslərinin daha məhsuldar və intensiv xarakter alması, öz növbəsində, əməyin mühafizəsi məsələlərini də günün aktual məsələlərindən birinə çevirmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirləri əlaqəli şəkildə reallaşdırmaq üçün 2011 və 2012-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmiş, bu istiqamətdə geniş müzakirələr aparılmış, aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Bu dövrdə aparılan məqsədyönlü işlərin nəticəsidir ki, artıq muxtar respublikada istehsalat qəzalarının sayı minimuma enmiş, insanların əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən bədbəxt hadisələr isə daha da azalmışdır. Halbuki bir vaxtlar tikintidə və bir sıra istehsal sahələrində ən adi texniki təhlükəsizlik qaydalarına əməl olunmaması, texnika ilə iş zamanı səhlənkarlığa yol verilməsi, bəzi hallarda ağır texnikanın, sözün əsl mənasında, uşaq oyuncağı hesab edərək onunla düzgün rəftar edilməməsi ucbatından törənən bədbəxt hadisələr nəticəsində insanlar həyatını və sağlamlığını itirir, ailələr başsız qalır, dövlətə külli miqdarda zərər dəyirdi. Yəqin ki, təmir bitmədən yüksək gərginlik xəttinin birləşdirilməsi, ağır texnika işləyən sahəyə kənar adamların həddən artıq yaxınlaşması, tikinti gedən ərazinin hasarlanmaması ucbatından yoldan keçən adamların üzərinə düşən cismlər ucbatından nə qədər adamın xəsarət alması, yaxud həyatını itirməsi faktlarını yaxşı xatırlayırıq. Tikintidə işləyənin başına dəbilqə qoyması, yaxud əlinə əlcək geyməsi nə böyük məsələdir ki, bir kiçik hadisə böyük bir itki ilə nəticələnsin və sair? Ona görə də Naxçıvan Muxtar Respublikasında bu məsələlərin vacibliyi nəzərə alınaraq tikintidə və risk ehtimalı böyük olan istehsal sahələrində əməyin təhlükəsizliyinin qorunması və işçilərin texniki təhlükəsizlik şərtlərinə ciddi əməl etməsi daim diqqət mərkəzində saxlanılır, bu sahəyə məsul olan aid dövlət orqanlarına ciddi tapşırıqlar verilir. Bu il fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tikintidə keyfiyyət və təhlükəsizlik məsələlərinin ciddi nəzarətə götürülməsini, tikinti sahəsinin sanitar, yanğın, ekoloji, yaxınlıqdakı mühəndis və nəqliyyat kommunikasiyalarının və tikililərin təhlükəsizliyinin təmin edilməsini, təmir-tikinti aparılan yerlərdə xüsusi işarələrin qoyulmasına nəzarətin gücləndirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur. Muxtar respublikada insanların həyat və sağlamlığının qorunmasına göstərilən belə ciddi diqqət tikintidə və istehsal sahələrində texniki təhlükəsizlik qaydalarına əməl olunmasının bir iş normasına çevrilməsini təmin etməyə çağırır ki, bu da ümumi əmək intizamına əməl olunması deməkdir.
Əli CABBAROV