Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız bu il muxtariyyətinin 90-cı ildönümünü qeyd edir. Bu 90 illik tarixi yolda 20 ili əhatə edən inkişaf geridə qalmış 70 ili əməlli-başlı kölgədə saxlamağı bacarmış, Naxçıvanın müasir inkişaf və tərəqqisi intibaha çevrilmişdir. Və bu intibah özünün kulminasiya həddini yaşayır. Son illərin tərəqqisi insanda belə bir fikir yaradır ki, Naxçıvan diyarında inkişaf hədlərə görə yox, daim yenilənən hədəflərə doğru istiqamətlənir. Bunun əksini düşünmək bu yurdda qəbul olunmur.
Naxçıvanda hər bölgənin bir özünəməxsusluğu var. Bu özünəməxsusluq, əsasən, tarixdən, təbiətdən qaynaqlanan keyfiyyətdir. Məsələn, Naxçıvanın elə bölgələri var ki, burada 30-40 kilometrlik məsafədə iqlim dəyişkənliyinin şahidi olursan. Daha aydın ifadə etsək, bir bölgədə yetişən meyvə digər bölgədə bir-iki ay sonra hasil olur. Və yaxud bir bölgədə yerləşən tarixi abidələrin say çoxluğu digər bölgənin təbii gözəlliyinə uduzur və sair. Bax özünəməxsusluq odur ki, bütün bu zənginliklərin yerdəyişməsi sahəsi 5,5 min kvadratkilometr ərazidə baş verir.
Elə bu yazıda haqqında bəhs edəcəyimiz Şahbuz rayonu da məhz özünəməxsusluğu ilə seçilir...
Ulu Tanrı bu bölgənin gözəlliyi üçün heç nəyi əsirgəməyib. Buna görə gəlin bu yurda bir az keçmişi xatırlamaqla həm də emosiyanın gözü ilə baxaq. Emosiya deyəndə bir bölgə (şəhər, rayon, kənd) haqqında insanların düşüncəsində yer alan təəssüratlar toplusunu nəzərdə tuturam. Hələ sovet dövründən Ordubad gözəl meyvələri, Şərur keyfiyyətli tərəvəzləri, Babək dadlı bostan məhsulları, Sədərək geniş üzümlükləri ilə tanınmışdır. Şahbuz rayonu isə, açığını desək, kasıb bir bölgə kimi bilinirdi. Rayonda dağlıq ərazilərin çox olması, əkin yerlərinin isə məhdudluğu sanki Şahbuzun inkişaf etməsinin “qarşısını alırdı”. Burada bir incə məqam da ondan ibarət idi ki, sovet idarəçiliyində Azərbaycan, eləcə də Naxçıvan aqrar bölgə sayıldığından burada başqa sahələrin inkişaf etdirilməsi də “qeyri-mümkün” idi (Yadımıza salaq, ümummilli lider Heydər Əliyev Azərbaycanda sənaye müəssisələrinin açılması üçün hansı çətinliklərlə üzləşməmişdi). Əgər ərazi kənd təsərrüfatına, xüsusilə əkinçiliyə yaramırdısa, o “yararsız, gələcəkdə heç bir perspektivi olmayan” bir əraziyə çevrilirdi. Halbuki sovet başbilənləri bir zamanlar elə Şahbuz rayonunun həmin “yararsız sahələri”ndən bir hissəsini Ermənistana pay verməkdən çəkinməmişdilər. Xülasə, sözümün canı odur ki, Şahbuz rayonunun əkinəyararlı torpaqları az olduğundan ərazi perspektivli bölgə hesab edilmirdi və bu səbəbdən buraya diqqət ayırmaq “mənasız idi”. Gəliri olmayan bir rayonu abadlaşdırmaq, kəndlərinə asfalt yol çəkdirmək və ya insanların rahat güzəranı üçün digər infrastruktur ehtiyatlarından istifadə etmək kimə lazım idi ki? Amma bu “uzaqgörənlik” çox çəkmədi. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsindən sonra bölgə özünəməxsus inkişafa çox yaxın yollarla varmış oldu. Çünki muxtar respublikanın bölgələrinin hərtərəfli inkişafı üçün bütün potensial imkanlar səfərbər edilmişdi. Bu səfərbərlikdə Şahbuz rayonunun əsl gözəllikləri özünə qaytarılmalı, onun haqqında yaradılmış təsəvvür (gəlirsiz rayon) məhv edilməli idi...
1993-cü ildən sonra isə bu proses daha da sürətləndirildi. Budur, “Muxtariyyət ili”ndə artıq Şahbuzun da fəxr edəcəyi, öyünəcəyi ünvanları, təbiiliyi özünə qaytarılmış əsrarəngiz gözəllikləri, qonaqlar qəbul edəcək məkanları, tərif söyləniləcək özünəməxsusluğu vardır...
Əvvəlcə özünəməxsusluqdan başlayaq. Tarixin bilinməyən dövrlərindən ulu Yaradan bura elə bir gözəllik bəxş edib ki, bu gözəlliyə başqa yerdə rast gəlməzsən. Kiçik Qafqaz silsiləsinin Şahbuz rayonuna düşən dağlıq ərazilərində müxtəlif xəstəliklərə çarə olan yüzlərlə dərman bitkiləri, bu dağların ətəyindən qaynayıb coşan dumduru bulaqları, yamyaşıl yaylaqları, ildən-ilə sayları artan müxtəlif canlı növləri sanki buranı təbiət cənnətinə döndərir. Ona görə də rayonda indiyədək həyata keçirilmiş tədbirlər sırasında təbii gözəlliklərin artırılmasına, ətraf mühitin qorunmasına böyük diqqət yetirilib. Muxtar respublikada ümumxalq işinə çevrilmiş yaşıllıqların artırılması tədbirləri Şahbuz rayonunda da geniş vüsət alıb. Məsələn, təkcə ötən il rayonda 12,5 hektar ərazidə yeni bağlar salınıb, Naxçıvan-Batabat magistral yolunun Heydər Əliyev Su Anbarı ərazisindən Biçənək kəndi ərazisinədək olan hissəsində yolun sağ və sol istiqamətlərində, həmçinin ayrı-ayrı kənd yolları boyunca 11 min 882 ədəd meyvə tingləri əkilib. Ümumilikdə isə 2013-cü ildə rayon ərazisində 18 min 358 ədəd meyvə, 975 ədəd həmişəyaşıl, 210 ədəd isə meşə ağacları əkilib.
Təbii ki, su harada varsa, həyatı da orada axtarmaq lazımdır. Bu gün Şahbuzda nə təsərrüfatçı, nə də ki sıravi sakin, necə deyərlər, su dalınca qaçmır. Məsələn, 2013-cü ildə rayonun Kükü, Qızıl Qışlaq, Külüs, Ayrınc, Sələsüz, Kolanı, Ağbulaq kəndlərinə içməli su xətləri çəkilib, Badamlı kəndində subartezian quyu istifadəyə verilib, əlavə olaraq 1 kəhriz təmir olunub. Kolanı kəndində isə suvarma su xəttinin, Şahbuzkənddə kəhrizin təmiri işi və digər ərazilərdə meliorativ tədbirlər bu il də davam etdirilir. Əlbəttə, su, yaşıllıq olan yerdə təbiət də gözəl görünür, qurub-yaratmaq həvəsi də yüksək olur. Lakin Şahbuz haqqında düşünərkən bu iki sahədə görülən işlərlə bağlı qısa məlumatlara əvvəldə yer verməyim bir də onunla bağlıdır ki, rayonun bu özünəməxsusluğu həm də insanların düşüncəsinə emosional olaraq təsir edir. Yəni bu gün hansı səmtdən bir qonağımız gəlirsə, onu Batabata, Ağbulağ kəndindəki istirahət mərkəzinə aparmaq istəyirik. Və ya yolumuz Şahbuzadırsa, mütləq bir neçə su qabı götürüb onları Batabat, Çınqıllı, Badamlı suları ilə doldurub evimizə gətirməyi düşünürük. Deməli, Şahbuzun suyu, yaşıllığı, təmiz havası bizim üçün bir dəyərə, həm də emosional dəyərə çevrilir.
Ancaq az əvvəl də vurğuladığımız kimi, təbii gözəllik olan yerdə insanların işləmək əzmi də yüksək olur. Elə bunun nəticəsidir ki, son illər ərzində bu bölgədə xeyli sayda quruculuq tədbirləri həyata keçirilib. Məlumat üçün deyim ki, Şahbuz rayonunda 1 şəhər, 1 qəsəbə, 22 kənd var. İndiyədək rayonun 17 yaşayış məntəqəsində kənd mərkəzləri tikilərək sakinlərin istifadəsinə verilib. Sevindirici haldır ki, ən ucqar dağ kəndləri olan Şada, Kükü, Kolanı, Biçənək, Keçili və adını saymadığım neçə belə kəndlərə də bu quruculuq tədbirlərindən pay düşüb. Oxucularımızı yormadan bu tədbirlərin miqyasına bir də ötən ilin simasında nəzər salsaq, düşünürəm ki, yaxşı olar. 2013-cü ildə rayonda tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 28 milyon 79 min 300 manat təşkil edib. Həmin dövrdə Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki parkın və sursat anbarının, Ağbulaq İstirahət Mərkəzinin, Qızıl Qışlaq və Kükü kəndlərində kənd mərkəzlərinin və həkim ambulatoriyaları binalarının, Güney Qışlaq və Ayrınc kəndlərində kənd mərkəzlərinin və feldşer-mama məntəqələrinin açılışı olub. Qızıl Qışlaq kəndində 110, Kükü kəndində 198, Ayrınc kəndində 110 şagird yerlik məktəb binaları tikilərək, yaxud əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Ən əsası odur ki, muxtar respublikamızın bütün bölgələrində, xüsusilə kənd yaşayış məntəqələrində istifadəyə verilən kənd mərkəzləri kəndlərimizə bütöv bir kompleks yanaşmanı özündə təcəssüm etdirir. Məsələn, ən ucqar sərhəd kəndində kənd mərkəzi yaradılıbsa, deməli, orada müvafiq sahələr – mədəniyyət, səhiyyə, rabitə və sair üçün də şərait yaradılıb. Bu şərait yaradılıbsa, deməli, ora gediş-gəliş üçün rahat yol da çəkilib. Yol çəkilibsə, deməli, ətrafında yaşıllıq sahələri də salınıb. Yəni komplekslik, sözün həqiqi mənasında, vətəndaşlara yüksək rifah, rahat yaşayış təqdim edir. Rahat həyat həm də rahat yoldan başlayır. “Heydər Əliyev ili”ndə bu sahədə görülən işlərə nəzər salsaq, bunları görə bilərik: Naxçıvan-Batabat magistral avtomobil yolundan Ayrınc kəndindən keçməklə Kükü və Güney Qışlaq kəndlərinədək olan yolun hərəkət hissəsinin eni 7,2 metr, yol yatağının eni isə 8,5 metrədək genişləndirilib, yola asfalt örtük salınıb. İki hərəkət zolağından ibarət yolun üzərində 9 körpü inşa olunub, Külüs-Keçili avtomobil yolunda isə 2 körpü istifadəyə verilib. Eləcə də Naxçıvan-Batabat magistral avtomobil yolundan Ağbulaq-Gömür kəndlərinədək uzunluğu 8 kilometr olan yola asfalt örtük salınıb. Az əvvəl rayonun 17 yaşayış məntəqəsində kənd mərkəzinin istifadəyə verildiyini qeyd etdik. Bu fakt özlüyündə həm də həmin yaşayış məntəqələrinə gediş-gəlişi təmin edən rahat yolların salındığını göstərir.
2013-cü il Şahbuz rayonunda digər sahələrin inkişafında da müsbət nəticələrlə yadda qalıb. Lakin mövzunun genişlənəcəyindən ehtiyat edib bu məlumatları oxucularla bölüşmək fikrindən uzağam. Sonda bir məqamı da vurğulamaqdan özümü saxlaya bilmirəm. Peşəm gərəyi muxtar respublikanın hansı bölgəsində oluramsa, çox şeyə diqqət edirəm. Ədalət naminə deyəcəklərimin oxucularımız tərəfindən tərif kimi qəbul edilməyəcəyinə elə ədalətin özü qədər inanıram. Ona da inanıram ki, fikirlərimizdən muxtar respublikamızın digər rayonlarında yaşayan dostlarımız da inciməz: mən Şahbuz rayonunda, eyni zamanda rayon mərkəzi olan Şahbuz şəhərində olan təmizliyi heç bir yerdə görməmişəm.
Təmizliyin və bu təmizliyin bəxş etdiyi gözəlliklərin həssaslıqla qorunduğu bir bölgənin çox yaxın gələcəkdə əsl turizm bölgəsinə çevrilməsi şübhəsizdir. Hələ qarşıda görüləcək işlər çoxdur, qət edilən yolun hələ başlanğıcıdır. Necə deyərlər, qədim diyarda hərəkət yenilənən hədəflərə doğrudur!
Səbuhi HƏSƏNOV