22 Dekabr 2024, Bazar

İnsanın sınağa çəkildiyi anlardan biri də ailəsini qoruyub saxlamaq imtahanıdır. Ailənin bütövlüyünə son qoymaq mənəvi baxımdan ən böyük cinayət hesab olunur. Bəs ailəni necə mühafizə etmək olar, hansı amillər ailə modelimizə təhlükədir? Bu kimi suallarımızı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov cavablandırır.
– Bilirik ki, Azərbaycan xalqı üçün ailə müqəddəsdir. Ancaq etiraf etmək lazımdır ki, yaşadığımız zamanda özünü göstərən qloballaşma bəzən bu müqəddəsliyi təhdid edir. Bunlardan biri də, deyərdim ki, əsası ailələrin parçalanmasıdır.

– Ölkəmizdə ailənin qurulması, qorunması və inkişafı ən yüksək qanunverici akt olan Azərbaycan Respublikasının Konstitusiyasında açıqca göstərilir: “Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır”, “Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz”. Söz yox ki, əksər ailələr bu prinsiplər əsasında qurulur və ailə quranlar həyatın enişli-yoxuşlu yollarını birgə addımlamağa qərar verirlər.
Ailə Tanrının bir lütfüdür. Ailə öz-özünə yaranmır, qurulur. Və öz-özünə dağılmır, dağıdılır. Ailə uçqunu altında isə çoxları mənən məhv olur, sarsılır: qundaqdakı körpədən tutmuş bir zamanlar ailə yaratmaq məqsədilə təbəssüm dolu baxışlarla əl sıxışmış ərlə-arvadadək. Hər bir dağılan ailənin faciəsi bununla bitmir. Onun fəlakət dalğası cəmiyyətin özülünü silkələyir (çünki ailə cəmiyyətin özülüdür), dövlətin əsaslarına mənəvi zərbə vurur (çünki ailə kiçik bir dövlətdir).
Düzdür, muxtar respublikada nikaha xitam verilmə statistikasına nəzər salanda bu məsələ ilə bağlı təbil çalmağa gərək olmadığını görürük. Amma 20-30 il sonranı da düşünməyin bizim borcumuz olduğunu unutmamalıyıq. Xalqımıza xas olmayan, ziddiyyət təşkil edən ailə modellərinin tüğyan etdiyi dünyanın bəzi nöqtələrindən qaynaqlanan “qara buludu” qloballaşma küləyi bizim də ailələrin üzərinə gətirə, bunun qarşısını alacaq sipərin gecikməsində isə “amansız leysan” xalqımızın milli-mənəvi dəyərlərinin beşiyi, ən qiymətli xəzinəsi olan ailə modelimizi yuyub apara bilər.    
– Necə düşünürsünüz, ailələrin dağılma səbəblərini sosial problemlərə bağlamaq olarmı?
– Əsla yox. Bu, məsələyə düzgün yanaşma deyil. Çünki bir vaxtlar 10-15 nəfərin bir mənzildə yaşadığı ailələr olub. Həmin ailələrdə müxtəlif problemlər olanda belə, hər iki tərəf məhz ailənin dağılmaması üçün həmin çatışmazlıqları qabartmazdı. İndi ailələrin yaşayış standartları, sosial aurası 40-50 il bundan əvvəlkindən dəfələrlə yüksəkdir. Halbuki o dövrdə boşanmalar, demək olar ki, yox idi. Deməli, boşanmaya səbəb olan hadisələri başqa amillərdə axtarmaq lazımdır. Əvvəllər maddi sıxıntı ailəni daha möhkəm edirdi. Nənə-babalarımız bu sıxıntıdan qurtulmaq üçün əsl birlik göstəriblər. Bu da xalqımızın min illər ərzində formalaşdırdığı ailə dəyərlərinin vacib bir hissəsidir.
– Bəs siz bu gün cəmiyyətimizdə nikahlara xitam verilməsi səbəblərini nədə görürsüz?
– Nikahlara xitam verilməsinə səbəb olan amillərdən biri erkən nikahdır. Erkən nikah nikah yaşına çatmayanların (Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikah yaşı oğlanlar, həm də qızlar üçün 18 yaş müəyyən olunmuşdur) ailə qurmalarıdır. Belə ailələr mənəvi gücü və maddi bazası olmadığından bünövrəsi qoyulan gündən yerində ləngər vurur, hər an dağılma ehtimalı yüksək göstərici ilə müşayiət olunur. Birlik göstərəcək gücün və təcrübənin yoxluğu, ailənin özü-özünün təsdiq etmək bacarıqsızlığı, ər və arvadın “ailə yükünü” daşımaq iqtidarsızlığı ətrafdakıların da ailənin parçalanmaq təhlükəsinin ilkin “qığılcımlarına” laqeyd yanaşmasına gətirib çıxarır. Ailə parçalandıqda isə hamı bunu gözləyirmiş kimi sakit qarşılayır. Kor-koranə qurulan belə ailələrdə tərəflərə müəyyən müddətdən sonra, yaş keçdikcə yaşadıqları mühitin ab-havası o qədər də xoş təsir bağışlamır. Bu da ailə qurulan ilk 2-3 ildə cütlüklərin sosioloji baxımdan tam yetkin olmaması ucbatından bir-birlərinə adaptasiya olunmaması ilə bağlıdır. Kritik mərhələyə gözüyumulu  gələn tərəflər gözləri açılan vaxt qarşısındakının adi bir ərköyünlüyünü dəhşətli mənzərə kimi görür və qəbulolunmaz qiymətləndirərək ayrılmağa qərar verir. Erkən nikahın caynağına keçirdiyi qurbanlarının əksəriyyəti də təhsil səviyyəsi aşağı olan qadınlardır. Onlar düşünürlər ki, ali təhsil ala bilməyəcəyəm, heç olmasa ailə həyatı qurum ki, barı bu tərəfdən yarıyım. Lakin belə absurd fərziyyə bəzən onları mənalı ömür yaşamaqdan məhrum edir.
– Dünyanın hazırkı inkişaf mərhələsi, informasiyanın sürətlə yayılması, sosial şəbəkələrdən və yaxud mobil telefonlardan xalqımızın əxlaqi dəyərlərinə zidd istifadə ailələrin dağılmasında pay sahibi ola bilərmi?    
– Hamımıza məlumdur ki, XXI əsrin ürək döyüntüləri olan informasiya-kommunikasiya texnologiyaları insanların həyatında getdikcə daha böyük rol oynamaqdadır. İnformasiya selini dünyanın bir nöqtəsindən digər bir hissəsinə sürətlə daşıyan, insanların məlumat “aclığını” aradan qaldıran, intellekt səviyyəsini yüksəldən internet bəzən də iradəsi zəif insanları çaşbaş salır, süni həyat yaşamağa vadar edir. Bu aspektdən boşanmaların diaqramına nəzər salarkən sosial şəbəkələrdən yersiz, ər-arvada yaraşmayan səpkidə istifadə edildiyini görürük. Qiyabi tanışlıqlar, məktublaşmalar, mövsümi olaraq yaranmış “hüdudsuz məhəbbət” istər-istəməz doğma ailəsini yad bir insanın kölgəsində qoyur. Öz həyat yoldaşını qiymətləndirmək bacarığı məhdudlaşır, ailə və cəmiyyət qarşısında daşıdığı məsuliyyət dayazlaşır, beləliklə, boşanmanın ilk səhifəsi açılmış olur. Ailə daha dərin məzmun daşımır, adiləşir. Eyni ilə mobil telefonlara da bu prizmadan yanaşanların aqibəti ailə itkisidir. Ailəni dağıdan bu iki amil ailə üzvlərinin asudə vaxtının düzgün təşkil olunmaması ucbatından meydana gəlir. Birgə gəzintiyə çıxmaq, istirahət və görməli yerləri dolaşmaq, qohum-əqrəbanın ziyarətinə getmək ata, ana və övlad halqasını daha sıx bir-birinə bağlayır. Bəzən vaxtın yoxluğu ilə bunların mümkünsüzlüyündən dəm vuranlar saatlarla kompüter qarşısında faydasız, xeyir gətirməyən işlər üçün oturmağa, mobil telefonlarla danışmağa qiymətli vaxt sərf olunduğunu unutmamalıdırlar.
– Necə düşünürsünüz, indi ailə münasibətlərində mənfi cəhətdən qabarıq olan nədir?
– Ailə institutuna ağır zərbələri ilə yadda qala bilən məsələlərdən biri valideynlər arasında münasibətlərin kobud şəkildə pozulmasıdır. Bu acınacaqlı situasiyada hər iki qüvvə ailənin maraqlarını unudur, ailə müdafiəsiz qalır və  nişangaha çevrilir.
Ailədə tərəflər arasında etik normaların pozulmasına, nəticə etibarilə, ailənin dağılmasına səbəb olacaq amillər sırasında ərin pis vərdişlərə, avaralığa meyilli olması, zəhmətə qatlaşmaması, qadının isə tənbəllik etməsi, evin xanımına aid işlərdə bacarıqsızlığı yer almaqdadır. Əməksevərlik xoşbəxt olmağın açarıdır. Təsadüfi deyil ki, dünya nemətləri üçün başqalarının qarşısında əyilməmək, öz ləyaqətini saxlamaq, daim əməyə bağlı olmaq ulularımızın bizə ən dəyərli nəsihəti olmuşdur. Həqiqətdir ki, qanun-qayda ilə qurulan, zəhmətə qatlaşmağı bacaran, əməyə bağlılığı ilə seçilən hər bir ailə mehribançılığı qoruyub saxlaya bilmiş, xoşagəlməz halları özündən uzaq tutmuşdur. Evin kişisi zəhmət çəkməyi bacarmalıdır. Bu təkcə onun maddi gəlir əldə etməsini şərtləndirmir, eyni zamanda ailədə onun nüfuzunu yüksəldir, ona hörmət duyğusu yaradır. Evin xanımının da bu mənada üzərinə düşən vəzifələr vardır: mətbəx mədəniyyətini öyrənmək, səliqə-sahman işlərində tənbəllik göstərməmək. Qadının ictimai və digər sahələrdə fəaliyyət göstərməsi onu ev işlərindən kənarlaşdırmamalıdır. Ailəyə maddi köməkliyin göstərilməsi hər şey demək deyildir. Evin xanımı tərəfindən görüləcək elə məişət işləri var ki, ailənin möhkəmliyi üçün əvəzsizdir.
– Ailələrin dağılması uşaqlara necə təsir edir?
– Ailələrin dağılmasında ən çox zərbə nəslin davamçısı olan uşaqlara dəyir. Özü də bu zərbələri ata və ana onların bütün varlığına endirir. Ailədə valideynlərin mübahisələri, etik qaydaları kobudluqla pozması və nəhayət, nikaha xitam verilməsi zamanı məhkəmə çəkişmələri uşaqları sevinc yuvasından, şirin arzularından çəkib çıxarır. Onların saf, xoşagəlim təbəssümlərini nisgil dolu baxışlar əvəzləyir. Bu hadisədə uşaqların aldığı bərpaolunmaz travma vərəm çöpü kimi ömür boyu onları izləyir, psixi pozğunluq, aldıqları natamam təlim-tərbiyə gələcəkdə onların ictimai və peşə fəaliyyətlərinin dolanbaclarında büdrəmələrinə səbəb olur. Etiraf etməliyik ki, yetkin insan üçün dəyişilməz olan bir şey varsa, o da valideyndir. Yəni heç kimin ağlına gəlmir ki, öz valideynlərini dəyişdirsin və ya itkisini sakitcə seyr etsin. Uşaqlar ətrafla daha az təmasda olduqlarından ata və analarına sonsuz məhəbbətlə bağlanırlar. Boşanmağı ağlına gətirənlər, nikahlarına xitam verməyə imza atanlar, ilk növbədə, bunları ağlına gətirib uşaqları üçün nə qədər əzabverici bir məsələyə qərar verdiklərini düşünməlidirlər.
Uşaq milli-mənəvi dəyərləri, əxlaqi normaları, adət-ənənələri, davranış mədəniyyətini, ətrafdakılarla ünsiyyət qaydalarını ailədə valideynlərdən öyrənir. Buna görə də hər bir valideyn öz ailəsini qorumaqla övladları üçün şəxsi ambisiyalarından, müəyyən maraqlarından keçməyi bacarmalıdır.
– Sonda bilmək istərdik, komitə olaraq ailə institutumuza xas olmayan halların qarşısını almaq üçün hansı tədbirləri görürsünüz?
– Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi muxtar respublikanın rayon və kənd mərkəzlərində ailə dəyərlərimizin təbliğ olunması, ailə münasibətlərinin düzgün qurulması, ailəni quran tərəflərin hüquq və vəzifələri, cəmiyyət və dövlət qarşısında daşıdığı məsuliyyət və digər istiqamətlərdə gənclər arasında mütəmadi konfranslar, seminarlar və tədbirlər keçirir. Gənclərlə maarifləndirici söhbətlər zamanı biz ailə dəyərlərinin üzərində daha çox dayanıb onun cəmiyyətimiz üçün mahiyyəti, ailənin möhkəm və sağlam olmasındakı əhəmiyyətli rolu barədə geniş məlumat veririk. Çünki xalqımızın ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi hər birimizin əxlaqi keyfiyyətlərimizin formalaşmasında təməl prinsiplərdir. Düşünürəm ki, əgər xalqımızın seçdiyi ölkə Prezidenti “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam” deyib and içirsə, hər birimizin borcudur ki, milli-mənəvi dəyərlərimizi, o cümlədən ailə dəyərlərimizi, əsrləri özündə ehtiva edən adət-ənənələrimizi həyat tərzimizə çevirək.
Yekunda yeni ailə quran hər bir gəncə bildirmək istəyirəm ki, ailə uğurlu gələcəyin, xoşbəxt həyatın əvəzedilməz formuludur. Ailənin parçalanması yuvası dağıdılmış qaranquşların pərən-pərən olması kimi bir şeydir. Bunu yaşayan insanlar heç zaman uğur qazana bilmir, sıxıntılar ağuşunda ömürlərini başa vururlar. İnancımıza görə, balaca fidanların qanadını qırmaq, onları ata nəsihətindən, ana nəvazişindən məhrum etməyin də cəzası böyükdür.

Müsahibəni apardı:
Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR