Müasir dövrün insanları evinin komfortu üçün gözəl dizayn və dekorasiya yaratmağı çox sevirlər. Bununla yanaşı, komfort və rahatlığın təkcə evin divarları arasında deyil, həm də bütün məhəllədə və şəhərdə olması insanın həyat tərzinin formalaşmasına mühüm təsir edir, onun dünyagörüşünü genişləndirən, kollektiv rifahların fərdi rifahdan daha vacib olmasını sübut edən bir mədəniyyətə çevrilir. Bu komfortu yaradan mühüm bir element isə şəhərdə rahat yaşayışı təmin edən müasir infrastrukturdur. Ona görə də yaşadığımız şəhərin də evimizin içi kimi gözəl və səliqəli görünməsini istəyiriksə, onun hər daşına, kərpicinə diqqətlə yanaşmalı, bu gün tikilənləri gələcək naminə qoruyub saxlamalıyıq.
Şəhər təsərrüfatı mürəkkəb işdir və onun idarə olunması dövrün və inkişafın tələbi ilə bir-birini tamamlayan çoxsaylı tədbirlərin məcmusudur. Şəhərin bir insan məskəni kimi inkişaf edib genişlənməsi tarixən baş vermiş müxtəlif hadisələrlə müşayiət olunsa da, burada gələcək perspektivlərə hesablanmış proqnozlar şəhərin ümumi görünüşünə mühüm təsir edir, vaxtında verilmiş qərarlar onun gələcəyini əhəmiyyətli dərəcədə formalaşdırır.
Şəhər infrastrukturu və onun sosial-mədəni həyatdakı rolu haqda bir Avropa şəhərinin təcrübəsi çox maraqlıdır. Belə ki, burada şəhər infrastruktur şəbəkəsinin onillər və hətta yüzillər keçəndən sonra hələ də yararlı vəziyyətdə işləyərək tarixi abidələri qorumaq, eyni zamanda müasirliyini də təmin etmək üçün nə dərəcədə əhəmiyyətli olduğu açıq görünür. Yəqin ki, bir çoxumuz plansızlıq ucbatından hər dəfə təkrar-təkrar qazılan şəhər küçələrinin hansı çətinliklər yaratdığını yaxşı bilirik. Ancaq belə bir şəhərin, təqribən, üç yüz il bundan əvvəl inşa olunmuş yeraltı kommunikasiya şəbəkəsinin əvvəlcə poçt məqsədilə, sonra su və kanalizasiya xətlərinin çəkilişi üçün istifadə olunması, müharibələr dövründə buranın əhalinin sığınacağına çevrilməsi, daha sonra buradan teleqraf, elektrik və qaz xətləri və nəhayət, XXI əsrdə fiber-optik kabellərin çəkilişi üçün istifadə olunması dünyada şəhər təsərrüfatına necə kompleks yanaşıldığını göstərir. Göründüyü kimi, şəhər infrastrukturu düzgün təşkil edilib idarə olunduqda onillər və hətta yüzillər boyu heç bir əsaslı xərc tələb etmədən insanların rifahına xidmət edə bilər.
Dünyanın gözəl şəhərləri çoxdur və şübhəsiz, hər kəsin həyatında bir şəhər vardır ki, bu, onun üçün ya doğulub boya-başa çatdığı, ya da ki, kənddən ilk dəfə gəldiyi zaman formalaşmış ən bəsit təəssüratının belə qorunub saxlanıldığı bir şəhərdir. Və bu, bizim Naxçıvanımız kimi bütün şəhərlərdən doğma olan bir şəhərdir. O Naxçıvan ki, tarix boyu ona heyran olan dostlarına isti qucaq açıb, bədniyyətli yadelliləri də gəldiyi kimi yola salıb və beş minillik keçmişi ilə Şərq və Qərb arasında oynadığı körpü rolunu indiyə qədər qoruyub saxlayaraq könüllərin mülkündə öz taxtını qurub. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının paytaxtı olmaqla yanaşı, Naxçıvan şəhəri bu bölgənin mühüm mədəniyyət mərkəzi olmaq yolunda da sürətlə irəliləməkdədir.
Dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşasa da, hər şəhərdə yaşayan özünün mədəniyyət mərkəzində yaşadığını iddia edə bilməz. Çünki bir mədəniyyət mərkəzində yaşamaq elə bir ahəngdar inkişaf və sosial məsuliyyət tələb edir ki, bu zaman insanın bütün iqtisadi, sosial, mədəni, ekoloji maraqları ödənilmiş, təhlükəsizliyi tam təmin olunmuş olsun. Axı mədəniyyət təsadüfi bir qazanc deyil. Bu, hər bir insanın cəmiyyətdəki davranış və tələbatlarının səviyyəsini və məqsədyönlü fəaliyyət istiqamətlərini müəyyən edən mühüm bir anlayışdır.Mədəniyyət minilliklər ərzində sivilizasiyanın hərtərəfli inkişafla əldə etdiyi nailiyyətlərlə formalaşır. Bir şəhər üçün də tarixin intibah anında digərlərindən bir addım irəli çıxaraq mədəniyyət mərkəzi halına gəlmək elə bir inkişaf nəticəsində mümkün olur ki, bu zaman qədim ənənələr ilə bu günün təcrübəsi uğurlu bir sintez halında vahid bir məqsədə – mədəni inkişafa yönəldilir, hər kəsin xidmətinin Vətənin qüdrətinə və dövlətin gələcəyinə yönəldiyi etiraf olunur. Bu, sözün əsl mənasında, insan həyatının bütün sahələrini güzgü kimi əks etdirən bir mədəni inkişaf modelidir.
Ölkəmizin müasir inkişaf mərhələsində Naxçıvan Muxtar Respublikasının istər paytaxt Naxçıvan şəhərinin və istərsə də onun digər yaşayış məntəqələrinin inkişafına göstərilən diqqət və qayğı sakinlərə müasir şəhər həyatının üstünlüklərindən yetərincə istifadə edə bilmək imkanı yaradır. Bu gün təkcə Naxçıvan şəhərində cəmləşmiş elm, təhsil, tibb, mədəniyyət və incəsənət ocaqları, mətbuat potensialı, çoxlu sayda muzey və mədəniyyət müəssisələri, geniş park və istirahət guşələri, müasir çay evləri, gənclər mərkəzləri ilin bütün fəsillərində naxçıvanlıların, buraya səfər etmiş yerli və xarici turistlərin öz asudə vaxtlarını səmərəli keçirməsinə imkanlar verir. Şəhərdə həm yaşayıb, həm də yaxşı istirahət etmək bir çox iri şəhərlər üçün mürəkkəb məsələ olsa da, məqsəd insanların kollektiv rifahını təmin etmək olduqda bu işin də öhdəsindən gəlmək olar. Ona görə də kənddən fərqli olaraq, şəhərdə hər kvadratmetr ərazinin öz dəyəri olduğundan burada aparılan planlaşdırmanın on il deyil, hətta yüzilliklər sonrası üçün aparılması hər gün diqqət mərkəzində saxlanılır. Elə bu baxımdan istehsal müəssisələrinin şəhər kənarına çıxarılması, yolların genişləndirilməsi, şəhərin arxitekturasına və tarixinə xələl gətirən yöndəmsiz tikililərin aradan qaldırılması, su, enerji, rabitə və digər vacib xətlərin yeraltı və daha təhlükəsiz yerlərlə aparılması, artıq xərclərə və sakinlərin narahatlığına yol verməmək üçün bu işlərin koordinasiyalı aparılması hər dəfə dilə gətirilən, qarşıya bir vəzifə kimi qoyulan məsələlərdəndir. Axı biz o avropalıdan niyə geri qalmalıyıq!? Onlarda hələ texnologiyalı şəhər planlaşdırılması olmayanda bizim şəhərlərdə on kilometrlərlə uzaqlardan çəkilmiş və yüzillərlə yaşı olan kəhrizlərimiz var idi. Bu kəhrizlərin bir çoxu indi də öz sirlərini qoruyaraq istifadə olunmaqda, Naxçıvana gələn turistləri təəccübləndirməkdədir.
Bəzən gözəl şəhərləri açıq hava altında muzeyə də bənzədirlər. Fikirləşirsən ki, doğrudan da, şəhərdə yaradılmış insan əli möcüzələrinin əl dəyməmiş təbiət guşələri ilə müqayisəsində bu ən uğurlu bənzətmədir. Hər daşında tarixin nişanlarını özündə qoruyub saxlayan qədim Naxçıvanın yeni inkişaf dövründə müasir şəhərsalma istiqamətində görülən mühüm infrastruktur işləri də bu məqsədə xidmət edir.
Əli CABBAROV