Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə, eləcə də muxtar respublikamızda mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına xüsusi önəm verilir. Bu dəyərlərimiz sistemində İslam mədəniyyəti ayrıca yer tutur.
Müasir günümüzdə dünya ölkələrinin bir çoxunda, eləcə də müsəlman ölkələrində “Halal” markası ilə satışa bir çox növdə və çeşiddə məhsullar çıxarılır. Azərbaycan istehlakçısına da bu marka ilə satışa çıxarılan məhsullar yaxşı tanışdır. Ancaq etiraf etmək lazımdır ki, ət məhsullarının istehsalı ilə məşğul olan bəzi sahibkarlar bu marka ilə bazara məhsul çıxarmanın məsuliyyətindən xəbərsizdirlər. Bəzi hallarda isə “Halal” əmtəə nişanı ilə bazara məhsullar çıxarılır ki, bu da istehlakçıları çaşbaş salır, marka adı ilə əmtəə nişanının qarışdırılması nəticəsində arzuolunmaz nəticələr ortaya çıxır.
Müsbət haldır ki, bu günə qədər muxtar respublikada belə bir hala rast gəlinməyib. Buna baxmayaraq, sahibkarlarımızın sözügedən məhsulların istehsalında əsas olan tələbləri bilmələri vacib məsələdir.
Bəs “Halal” standartlarına uyğun məhsul istehsal etmək üçün sahibkarlar nələrə riayət etməlidirlər? Əvvəla, onu qeyd edək ki, bu standartlara uyğun “Halal” markası ilə satışa çıxarılan ət məhsullarının istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər mövcuddur və bu standartın tələbləri məcburidir. Bu məhsulların istehsalı üçün istifadə edilən xammal və materiallar qüvvədə olan normativ sənədlərin tələblərinə və sanitariya normaları ilə müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğun olmalıdır. “Halal” ət məhsullarının istehsalında xammal kimi donuz ətindən istifadə edilməsinə yol verilmir. İslami qaydalarla kəsilməmiş digər heyvanların ətindən də “Halal” məhsulların istehsalında yararlanıla bilməz.
“Halal” məhsulların istehsalında tərkibində alkoqollu və zəhərli maddələr olan qatqıların, boya maddələrinin, ədviyyatların da istifadəsi yolverilməzdir.
İslam qayda-qanunlarına görə, ətindən istifadə edilməsinə icazə verilən bütün heyvanların kəsimi həddi-buluğa çatmış, sağlam ruhlu, İslam qaydalarını yaxşı bilən müsəlmanlar tərəfindən aparılmalıdır. Kəsiləcək heyvanlar diri və sağlam olmalıdırlar. Bu heyvanların əvvəlcədən elektrik cərəyanı, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi qəbuledilməzdir.
Bir məsələni də “Halal” ət məhsulları istehsal etmək istəyən sahibkarların diqqətinə çatdırmaq istərdik. Ət məhsullarının istehsalı zamanı texnoloji proseslər və istehsal sahələri “Ət sənayesi müəssisələri üçün sanitariya qaydaları” ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Halal sayılmayan məhsulların da istehsal edildiyi müəssisələrin ərazisində “Halal” ət məhsullarının istehsalı üçün ayrıca sahələr və texnoloji xətlər ayrılmalıdır. Bu zaman “Halal” məhsulların digər məhsullarla kontaktda olmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir. İstehsal üçün istifadə edilən xammal və köməkçi materialların, qablaşdırma vasitələrinin, həmçinin hazır məhsulun saxlanılması üçün xüsusi sahələr ayrılmalıdır. Belə məhsullar istehsal edilən texnoloji xətlərdə sonradan digər məhsulların istehsalına icazə verilmir. Eyni texnoloji xətdə “Halal” və digər məhsulların növbə ilə istehsal edilməsi qadağandır. “Halal” ət məhsullarının qablaşdırılması qüvvədə olan normativ sənədlərin tələblərinə, sanitariya qaydalarına riayət etməklə həyata keçirilməli, qablaşdırma üçün digər məhsullarla kontaktda olmayan avadanlıq və ləvazimatlardan istifadə edilməlidir. Hazır məhsulların satış prosesində də standartlara əməl olunmalı, yüksək səviyyədə təmizliyə, çəkinin dəqiqliyinə diqqət yetirilməlidir.
Yuxarıda sadalananlar “Halal” ət məhsullarının istehsalı üçün müəyyən edilmiş tələblərin yalnız bir qismidir. Bu gün belə məhsulların istehsalı dünyada yüzlərlə sahibkara milyonlarla qazanc gətirir. Ona görə də ət məhsulları istehsalı ilə məşğul olan hər bir sahibkara bu sahə cazibədar gəlir. Ancaq yadda saxlamaq lazımdır ki, hər hansı bir məhsulun üzərinə standartların tələblərinə əməl etmədən “Halal” yazmaq olmaz. Ən azından ona görə ki, belə olan halda həmin sahibkar istehlakçının haqqına girməklə onun halallığını qazanmaq şansını itirmiş olar. Bu isə İslamda haram buyurulmaqla böyük günahdır.
Aynurə HÜSEYNOVA
Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı