22 Dekabr 2024, Bazar

Müasir həyatın dinamikası çoxsaylı işlər və hadisələrlə zəngindir. Getdikcə hər tərəfdə tikinti və quruculuq işləri geniş vüsət alır, yeni-yeni istehsal və xidmət müəssisələri yaranır, onların fəaliyyətləri genişləndirilir. İnsanlar daha çox səyahət etməyə, gəzib-görməyə meyil edir, uzaq səfərlərə çıxır, avtomobil nəqliyyatı vasitələrindən istifadəyə zərurət yaranır. Digər bir tərəfdən isə insanlar həyatın bütün sahələrində öz rahatlığını və təhlükəsizliyini təmin etmək üçün yollar axtarır, risklərdən yayınmaq, gözlənilməz bədbəxt hadisələrdən və onların vurduğu zərərlərdən sığortalanmaq istəyirlər.

Ötən 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında ayrı-ayrı sığorta növləri üzrə bağlanmış müqavilələrin miqdarında, toplanan sığorta haqlarının həcmində yaranan artım və baş vermiş müxtəlif hadisələrə görə vətəndaşlara verilən sığorta ödənişləri bu sahədəki irəliləyişlərdən xəbər verir. Əlbəttə, sığorta fəaliyyəti üzrə görülən işlər bu vacib sahənin inkişaf etdirilməsi məqsədilə qarşıya qoyulmuş vəzifələrin icrası baxımından heç də son nəticə deyildir. Muxtar respublika iqtisadiyyatı inkişaf etdikcə iqtisadi və sosial həyatda müşahidə olunan sürətli yeniliklər bir çox sığorta növləri üzrə xidmətlərin genişləndirilməsini tələb edir.
Hazırda Naxçıvan Muxtar Respublikasında vətəndaşlara 27 növ sığorta xidməti təklif olunmaqdadır. Dövlətimiz tərəfindən müvafiq qanunlar əsasında aparılan icbari və könüllü sığortalar insanların cansağlığının, əmək qabiliyyətinin, daşınmaz əmlakının, nəqliyyat vasitələrinin müxtəlif gözlənilməz hadisələrdən zərər çəkməsi halında əvəzinin ödənilməsinə, habelə istehsal və xidmət obyektlərinin, o cümlədən nəqliyyat vasitələrinin istismarı zamanı mülki məsuliyyətinin sığortalanaraq dəymiş zərərin vaxtında ödənilməsinə xidmət edir.
Sığorta fəaliyyəti ardıcıl və məqsədyönlü olaraq həyata keçirilən işlərin nəticəsi olub, bu sahədə aparılan maarifləndirmə və təbliğat tədbirlərindən çox asılıdır. Bu məqsədlə 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə və 4 fevral 2013-cü il tarixdə 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirələrdə verilmiş tapşırıqlara uyğun olaraq, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon (şəhər) Dövlət Sığorta agentlikləri tərəfindən bir sıra işlər görülmüş və müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, bu müddət ərzində 700-dən artıq dövlət və qeyri-dövlət müəssisəsində, sahibkarlıq subyektlərində sığorta maarifləndirməsi tədbiri keçirilmişdir. Ümumilikdə, ötən il ərzində rayon (şəhər) Dövlət Sığorta agentliklərinin nümayəndələri tərəfindən vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar 45 mindən artıq vətəndaşa bildiriş vərəqəsi təqdim edilmiş, fərdi maarifləndirici məlumatlar verilmişdir.
Görülən işlər nəticəsində sığorta müqavilələrinin sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Təkcə ötən 2013-cü ilin statistikasına nəzər salsaq, görərik ki, 2012-ci illə müqayisədə avtonəqliyyat vasitələrinin sığortası üzrə 110 faiz, daşınmaz əmlakın icbari sığortası üzrə 9,1 faiz, fərdi qəza sığortası üzrə 22,5 faiz artıma nail olunmuşdur.
Ümumilikdə, ötən il 2012-ci illə müqayisədə muxtar respublikada sığorta haqlarının toplanması 8,9 faiz artmışdır. Ötən müddət ərzində əldə olunan nəticələr onu deməyə əsas verir ki, muxtar respublikada sığorta fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 30 yanvar 2014-cü il tarixdə keçirilmiş müşavirədə sığorta orqanları qarşısında sığorta fəaliyyətinin canlandırılması, əhalinin sığortaya etibarının artırılması üçün təsirli tədbirlər görülməsi istiqamətində mühüm vəzifələr qoyulmuşdur. Yaradılmış şəraitə uyğun olaraq, muxtar respublikanın sığorta orqanları bu mühüm məsələlərin həlli istiqamətində öz fəaliyyətlərini davam etdirirlər.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR