Arzusunda olduqlarımızı biz yaradırıq. Ata və anaların “müəllifi” olduğu yaxşılar və pislər sabahkı cəmiyyətindir, sabahkı dövlətindir, sabahkı Vətənindir. Övladlarımızın yaxşısı ilə öyünərkən qürurla deyirik: “Gələcək onlarındır”. Gələcəyin övladlarımız üçün işıqlı, xoşbəxt olmasından ötrü bu gün biz onların həyatında var olmalıyıq.
Hər bir valideyn öz övladının sağlam və gümrah, bilikli və dünyagörüşlü böyüməsini istəyir. Bu gün cəmiyyətimizin də məqsədi buna doğru yönəlmişdir. Övladının fiziki cəhətdən sağlam, gümrah olmasını istəyən valideyn onu həm də mənəvi cəhətdən düzgün yetişdirməli, Vətənə, doğma yurda, torpağa məhəbbət və onun uğurları ilə iftixar hissi keçirmək ruhunda tərbiyələndirməlidir.
Ailələrdə uşaqlara Vətənimizlə bağlı ölkəmizdə və xaricdə baş verən mühüm hadisələr obyektiv şəkildə öyrədilməli, bu barədə onlara məlumat verilməlidir. Naxçıvanımızın və onun bölgələrinin dünənini görməyən, bu günündə yaşayan övladlarımıza onun dünənini və bu gününü olduğu kimi anlatmalıyıq. Anlatmalıyıq ki, keçdiyimiz müstəqillik yollarında bu Vətənin vətəndaşı olanların kimliyindən, onların çəkdiyi zəhmətdən, bu qədər gözəlliyin yaradılmasında əməyi olanlardan xəbərdar olsunlar. Anlatmalıyıq ki, vətənpərvər olmaq üçün əməli iş görmək, daşı daş üstə qoymaq, dövlətin apardığı siyasətə öz imkanı daxilində kömək etmək amalı ilə böyüsünlər övladlarımız. Hər birimizə bəllidir ki, bu Vətənin dar günündə kimin dost, kimin düşmən olduğunu yetərincə bilmədiyimizə görə itirdiklərimiz oldu. Amma nə yaxşı ki, Vətənin bir damla suyu, bir ovuc torpağı olmağı bacaran igidlərimiz vardı. Nə yaxşı ki, Tanrının bizə bəxşişi olan ulu öndərimiz Heydər Əliyev vardı. Onu da unutmamalıyıq ki, tale həmişə adamın üzünə belə gülmür. Ona görə də keçmişimizdən ibrət dərsi alıb gələcəyimiz üçün elə təməl yaratmalıyıq ki, səhvlərə yol verilməsin.
Əgər ailələrdə uşaqlara hələ lap körpə ikən Vətənimizin gözəllikləri ananın dili, atanın müdrikliyi ilə aşılanarsa, o valideynlər övladlarının könül mülkündə bir Vətən abidəsi ucalda bilərlər.
Beləcə, zaman-zaman yurdumuzun təbii və insan əli ilə yaradılan gözəlliklərini övladımızın görməsinə, ondan mənəvi zövq almasına nail olarıq. Bu isə istər-istəməz yurd sevgisinin onların könül dünyasında özləri kimi günlərlə, aylarla böyüyüb elə özləri qədər də yaşa dolmasına səbəb olar. Yəqin ki, onda “vətənpərvər ol, Vətəni sev” təbliğatına ehtiyac qalmaz.
Gözəlliklərin yaradılması və qorunması haqqında körpələrimizə lazım olanları nağıllar, şeirlər vasitəsilə verməliyik. Əgər buna nail ola bilsək, onların könlündə səmimi duyğular oyada bilərik.
Əgər atalar, analar xalqımıza məxsus mədəni, mənəvi sərvətlərin qorunub saxlanılmasının vacibliyini həm süfrə başında, həm gəzinti zamanı, həm istirahət saatlarında övladlarına çatdırarlarsa, uşaqlarda hələ erkən yaşlarından vətənpərvərlik hisslərinin formalaşması prosesi başlayar. Bu duyğular, bu hisslər övladımızda gözəl insani keyfiyyətlərin yaranmasına, onun bir şəxsiyyət kimi yetişməsinə güclü təsir edə bilər. Bizim arzumuz da, istəyimiz də bu, deyilmi?
Unutmamalıyıq ki, müəllifi olduğumuz yaxşılar və pislər sabahkı cəmiyyətindir, sabahkı dövlətindir, sabahkı Vətənindir və onu dünyaya bəxş edən ata-ananındır.
Elimizdə illərin, əsrlərin sınağından çıxmış deyimlər var: “Bala baldan şirindir”, “Acılığından yemək olmur, şirinliyindən atmaq” və sair kimi onlara dərin məzmunlu ifadələri gündəlik həyatımızda özümüz də tez-tez işlədirik ki, bu da övlad məhəbbətinin, ona olan qayğı və sonsuz məhəbbət hissinin ifadəsidir.
Uşaqlara şirin canını pay verən atalar, analar bilirlər ki, çəkdikləri zəhmət hədər getməyəcək. Axı onların hamısının nazını çəkən, övladlarını boya-başa çatdıran valideynlər bu bəşəri borcu yerinə yetirərkən övladının xoşbəxt gələcəyinə bir işıqlı yol açırlar.
Dünyanın coğrafi xəritələrindəki dünya ölkələrindən başqa, bir də uşaqlıq ölkəsi – uşaq dünyası mövcuddur. “Sıx əhalisi olan” bu dünyada bərabərlik, mehribançılıq, sevinc və kədər böyüklərin dünyasından çox-çox fərqlidir. Bu hüdudsuz, sərhədsiz ölkədə bütün sakinlər bizdən – uğurlu və uğursuz ata-analardan, böyüklərindən asılıdırsa, deməli, onların bizə, bizim qayğımıza ehtiyacı da böyükdür. Uşaqların dünyasını işıqlı, abad görmək istəyiriksə, onların əlindən tutmalıyıq ki, büdrəməsinlər, yıxılmasınlar. Əgər biz onlara bu gün laqeyd, biganə olsaq, onda sabah övladlarımızın mənəvi dünyası kasıb və talan olar. Həmçinin onların iç dünyasından kainata dikilən gözləri “kor” olar.
Uşaqlar valideynlərini dünyada hamıdan və hər şeydən çox istəyirlər, onları hamıdan və hər şeydən üstün görürlər. Elə buna görə də bizim onlara arxa çevirməyimizə, laqeydlik etməyimizə, biganə olmağımıza haqq qazandıracaq bir səbəbimiz ola bilməz. Uşaq dünyasının öz qanunları olduğunu bilirik. Bu qanunların “qanunverici orqanı” ailədirsə, ata, anadırsa, deməli, onları biz formalaşdırırıq. Övladımıza verdiyimiz yaxşı və pis nə varsa, zaman onu bizə artıqlaması ilə qaytaracaq, elə övladımız vasitəsilə.
Tez-tez eşitdiyimiz bir fikri bu məqamda yada salsaq yaxşı olar: “Valideyn məsuliyyəti”. Bu məsuliyyəti hiss etmək və ona uyğun davranmaq özü də vətənpərvərlikdir. Valideynlərin hansı sahədə çalışmasından asılı olmayaraq, onlar vəzifə borclarından əvvəl valideynlik borcunu icra etməklə, ilk növbədə, övladlarının tərbiyəsi ilə məşğul olmalıdırlar. Hələ körpə yaşlarından bizim bir şirin təbəssümümüzə möhtac olan övladımıza laqeydlik və etinasızlıq göstərmək gələcəyin barlı-bəhərli bir meyvə ağacına balta çalmaqdır. Bu mənada atalarımız demişkən, “bağa baxarsan, bağ olar”. Bir fidanın böyüyüb bar verməsi, qollu-budaqlı ağac olması üçün ona bir bağbanın mehri gərəkdir. Deməli, övladımızın gələcək xoş günü, onun cəmiyyətdə yeri, ailədə rolu, xalqa xidməti bizim ona bugünkü münasibətimizin son nəticəsidir desək, yanılmarıq.
2012-ci il muxtar respublikamızda Ali Məclisin Sədri tərəfindən “Milli dəyərlər ili” elan olunmuşdu. Çoxları, bəlkə də, bunu olduğu qədər, dəyərincə qiymətləndirə bilmirdi. Amma bu gün cəmiyyətimizdə və bütün dünyada baş verən proseslər onu göstərir ki, qarşımıza çıxan çox böyük mənəvi problemlərin kökündə milli dəyərlərimizin dəyərdən düşməsi dayanır. Hər birimizə məlumdur ki, yaşadığımız cəmiyyətin fərdləri olan qadınların və kişilərin iştirakı ilə yaranan ailələr artıq “oyuncağa” çevrilib. “Yar yardan küsür”, atalar və analar bir-birinə düşmən kəsilir, var-dövlət mübahisəsi başlanır. Rütbə, mənsəb, vəzifə hərisləri şəxsi məqsədlərlə qurduqları ailələrdə yerində olmayan ata və ya ana olduqda, o ailədə dünyaya gəlmiş körpələrin üzündən təbəssüm silinir. Bəlkə də, dünyanın ən böyük dərdi budur – körpələrin üzündəki təbəssümün yerini yaşından böyük qəhər tutur. Onların körpə qəlbi zaman-zaman qaba sözlə, ədalətsizliklə, yersiz bir hərəkətlə sərtləşir, inadlaşır. Böyüdükcə o inadkarlıq qəddarlığa, o kədər nifrətə çevrilirsə, o övladın öz ailəsinə, ata-anasına, dövlətinə, Vətəninə verəcəyi yalnız qəm-kədər, dərd-bəla ola bilər. Ona “vətənpərvər, vətəndaş ol” deməklə heç nəyə nail ola bilmərik. “Daldan atılan daş topuğa dəyər”, – deyib atalarımız. Deməli, gələcəkdə cəmiyyətin üzvü olacaq bu gənc xalqına və millətinə fayda verə bilməz. Çünki o, cəmiyyətin bir fərdi olaraq ictimai həyatdakı yerini belə, müəyyən etmək iqtidarında olmayacaq. Bu ruhda böyümüş gəncə, yeniyetməyə “vətənpərvər ol, vətəndaş ol, yaxşı insan ol” deməklə nəyəsə nail olmaq mümkündürmü?
Şəhla NƏBİYEVA