Muxtar respublikada əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər aztəminatlı ailələri də əhatə etmişdir. Bu qrupdan olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı sosial yardımların təyin olunması, əmək qabiliyyətli ailə üzvlərinin məşğulluq problemlərinin həlli, əlil və ahılların təqaüdlərinin vaxtlı-vaxtında verilməsi, aztəminatlı ailələrə mütəmadi olaraq baş çəkilməsi bu istiqamətdə görülən işlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, növbəti belə görüş Babək rayonunun Naxışnərgiz kəndində yaşayan aztəminatlı Qəmbər Zamanovun ailəsi ilə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin əməkdaşları ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvlərini tibbi müayinədən keçirərək ailəyə məişət əşyası və ərzaq payı vermişlər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Xəbərlər şöbəsi