Dünən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “İnternet və informasiya-kommunikasiya texnologiyalarından qeyri-düzgün istifadənin ailə münasibətlərinə mənfi təsiri” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova açaraq “İnternetdən və İKT-dən səmərəsiz istifadə ailə institutumuza xələl gətirir” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, sivilizasiyanın inkişaf səviyyəsindən asılı olaraq, müasir kompüter və elektron texnologiyalar, internet, mobil telefonlar istifadə vasitəsi kimi həyatımıza daxil olmuşdur. Lakin təəssüf hissi ilə qeyd edək ki, bu qurğulardan istifadə zamanı bəzən qarışıq informasiya bolluğuna düşən, vaxtdan düzgün istifadə edə bilməyən bir çox gənclər və yeniyetmələr xarakterlərindən, düşdükləri və ya yetişdikləri mühitdən asılı olaraq, gündəlik həyatlarında müəyyən problemlərlə rastlaşır, onların həlli yollarını tapmaqda çətinlik çəkirlər. Bildirilmişdir ki, bəzən internet və sosial şəbəkələrdən qeyri-düzgün istifadə ailədə münaqişələrin yaranmasına, ailə zorakılığının meydana gəlməsinə səbəb olur ki, bu da sonda ailənin parçalanması ilə nəticələnir.
Bu da, sözsüz ki, ailə institutumuzu silkələyən çox böyük problemdir. Azərbaycanda ənənəvi, mental dəyərlərə söykənən ailə münasibətlərinə sosial şəbəkələrin daxil edilməsi ailədaxili münasibətlərə xələl gətirir. Nəticədə, ailə daxilində olan dəyərlər dağılmağa başlayır; kiçikdən böyüyə, böyükdən kiçiyə olan münasibətlər istiqamətini dəyişir.
Vurğulanmışdır ki, ümumiyyətlə, internetdən istifadə edərkən onun faydalı tərəflərindən yararlanmaq məqsədəuyğundur. İnternet nəhəng bir kitabxanadır: bütün mövzularda araşdırma edə bilər, qaynaqlar, kitablar, məqalələr tapa bilərsiniz. İnternet həm də bir media vasitəsidir. Qəzetlər, jurnallar, xəbər saytları, son dəqiqə xəbərləri əlinizin altındadır. İnternet virtual bir dövlətdir. Dövlət saytları üzərindən bir çox rəsmi əməliyyat artıq internet üzərindən reallaşdırılmaqdadır. İnternet xalqımıza məxsus dəyərlərin dünyaya daşınması və təbliği üçün də mühüm vasitədir. Məlumdur ki, gənclik yeniliyə, öyrənməyə meyillidir. Yaşlı nəsil bundan qürur duyur, övladlarının uğurlarına sevinir. Amma bu bir reallıqdır ki, bəzən gənclərin həyatına daxil olan yenilik onların həm özləri, həm ailələri, həm də bütövlükdə, cəmiyyətimiz üçün narahatlıq doğuran problemlərlə üzləşməsinə səbəb olur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Fərid Hacıyev “Ailədə internet və İKT-dən təhlükəsiz istifadə imkanları” və Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Çapay Quliyev “İnternetin ailə münasibətlərində yaratdığı psixoloji çətinliklər” mövzularında çıxışlar etmişlər.
Sonda tədbir iştirakçılarına müvafiq mövzuda hazırlanmış broşürlər paylanılmışdır.
Xəbərlər şöbəsi