22 Dekabr 2024, Bazar

Ordubad Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı qanunvericiliyin tələbləri mövzusunda yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq rayonda  dövlət qurumları üçün yaradılan müasir şərait barədə danışıb, yaradılan şəraitin müqabilində rayonun kənd inzibati ərasi dairəsi üzrə nümayəndələrindən nümunəvi iş tələb olunduğunu deyib.
Yığıncaqda Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək qeyd edib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasını, qanunvericiliyin tələblərinə uyğunluğunu öyrənmək məqsədilə mütəmadi olaraq nazirlik tərəfindən rayon icra hakimiyyətləri ilə birlikdə yoxlamalar həyata keçirilib. Bu yoxlamalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb və rayon icra hakimiyyətləri məlumatlandırılıblar.

Ordubad rayonunun icra nümayəndəlikləri tərəfindən doğum, nikah və ölümün qeydiyyatı aparılır ki, əməliyyatlar 29 icra nümayəndəliyi tərəfindən rəsmiləşdirilir. 2009-2013-cü illər ərzində Ordubad rayonunun icra nümayəndəlikləri tərəfindən doğum, nikah və ölümün qeydiyyatı ilə bağlı 3 min 836 əməliyyat aparılıb, onlardan 658 əməliyyat 2013-cü ilin payına düşüb. Hüquqi maarifləndirmə tədbirləri olaraq 2009-2013-cü illər ərzində Ordubad rayon icra nümayəndələri üçün 14 dəfə seminar təşkil olunub. Ordubad rayonunun icra nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2013-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 10 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün icra nümayəndələrinə hərtərəfli metodik köməkliklər göstərilib.
Ədliyyə naziri bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunmasında, sosial-müdafiə proqramlarının həyata keçirilməsində, eləcə də ailə sağlamlığının təmin edilməsində, əhalinin mənəvi sağlamlığının müdafiəsində və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır. Qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl olunması, əhaliyə bu sahədə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsinin təmin edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra Qeydiyyat Şöbəsinin rəisi və əməliyyatları aparan icra nümayəndəsi müvafiq əməliyyatı rəsmiləşdirməli və bu zaman müvafiq qanunvericiliyin, Ailə Məcəlləsinin, kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə riayət etməlidir. Bununla əlaqədar müraciət edənlərin şəxsiyyəti müəyyənləşdirilməli, əməliyyatlar rəsmiləşdirilən zaman vətəndaşların şəxsən iştirakı təmin olunmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR