İnzibati ərazi vahidliyindən asılı olmayaraq, istənilən yaşayış məntəqəsinin inkişafı onun ümumi mənzərəsindən bəlli olur. Fərqi yoxdur, kənd və ya şəhər olsun. Yaxud əhalisinin sayı çox və ya az olsun. Sürətli inkişaf yoluna qədəm qoymuş yaşayış məntəqələrindən biri də xalqımızın qəhrəman övladının adını daşıyan Babək qəsəbəsidir. Babək qəsəbəsi ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 35 il bundan əvvəl yaradılmış eyniadlı rayonun mərkəzidir. Ötən dövr ərzində Babək rayonu da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, nəticədə, rayon mərkəzi Babək qəsəbəsi sürətli inkişaf yolu keçib. Elə bu yazıda da söhbətimizin əsas mövzusu əhalisi 3800 nəfərə yaxın olan Babək qəsəbəsi haqqındadır.
Muxtar respublikamızın bütün rayon mərkəzlərində mövcud olan Heydər Əliyev prospekti Babək qəsəbəsinin də ən gözəl ünvanıdır. Prospekt boyu rayonun müxtəlif idarə, müəssisə və təşkilatları üçün yeni binalar inşa edilib. Həmin binalarda işləyənlər üçün hərtərəfli şərait yaradılıb. Burada yerləşən inzibati binaların ətrafında yaşıllıq zolaqları salınıb, ətrafda abadlıq işləri aparılıb. “Heydər Əliyev ili”ndə prospektdə daha 3 təşkilat – Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi, rayon Qeydiyyat Şöbəsi və Dövlət Notariat Kontoru yeni binalarda fəaliyyətlərini davam etdirməyə başlayıblar.
“Muxtariyyət ili”nin ilk ayının 23-də burada yeni quruculuq ünvanları sakinlərin istifadəsinə verilib. Bu ünvanlarla bağlı məlumatlara istərdik oxucularımızla birlikdə nəzər salaq. Əvvəlcə başlayaq bu ünvanları birləşdirən avtomobil yollarından. Bildiyiniz kimi, muxtar respublikamızda yol tikintisi, mövcud yolların yenidən qurulması xüsusi əhəmiyyət daşıyan və diqqət edilən infrastruktur layihələrindəndir. İnkişafın əsas göstəricilərindən sayılan yol tikintisi adıçəkilən qəsəbəni də ağuşuna alıb, 6,4 kilometr məsafədə yol genişləndirilərək və yenidən qurularaq istifadəyə verilib. Heydər Əliyev prospektində 2850 metr və qəsəbədaxili 3550 metr uzunluğunda yeni salınmış yolda müasir işıqlandırma sistemi quraşdırılıb, suötürücü qurğu və su keçidləri tikilib.
Yenidən qurulmasına 2011-ci ildən başlanılmış rayon Mərkəzi Xəstəxanasının binası da cari ilin yeni ünvanları sırasındadır. 70 mindən yuxarı rayon sakininə xidmət göstərən xəstəxana binası 4 mərtəbədən ibarətdir. Xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılıb. Burada poliklinika, ümumi stasionar, ginekologiya və doğuş, təcili və təxirəsalınmaz yardım şöbələri və hemodializ bölməsi fəaliyyət göstərir. Xəstəxananın şöbələrində müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılıb. Orijinal memarlıq üslubunda inşa olunan binanın birinci mərtəbəsində qəbul-qeydiyyat, stomatoloji kabinələr, aptek, ginekologiya və doğuş şöbəsi, hemodializ bölməsi, rentgen, təcili və təxirəsalınmaz yardım şöbəsi üçün otaqlar yerləşir. Hemodializ bölməsində yaradılan şərait böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrə imkan verir ki, başqa ünvana üz tutmadan burada müalicə ala bilsinlər. Ginekologiya və doğuş şöbəsində yenidoğulmuşların intensiv müalicəsi üçün lazımi şərait yaradılıb. Binanın ikinci mərtəbəsində poliklinika və stasionar şöbələri, reanimasiya, cərrahiyyə və əməliyyat üçün palata və otaqlar, üçüncü mərtəbədə isə stasionar şöbənin terapiya və pediatriya bölmələri üçün palatalar, eləcə də inzibati hissə üçün otaqlar ayrılıb. İnzibati bölmədə kitabxana və kompüter otağı fəaliyyət göstərir. Kompüterlərin hər biri muxtar respublikanın səhiyyə müəssisələri arasında yaradılan lokal şəbəkəyə qoşulub. Bu da xəstəxanada aparılan müayinə və müalicələrin nəticələrinin avtomatik olaraq mərkəzə və digər səhiyyə müəssisələrinin elektron məlumat bazasına ötürülməsinə və elektron arxivdə saxlanılmasına imkan verir. Binanın zirzəmi hissəsində isə laboratoriya, yoluxucu xəstəliklər üçün izolyator, camaşırxana, yeməkxana və qazanxana yerləşir. Bütün bunlarla yanaşı, xəstəxanada müalicə və müayinə üçün ən müasir tibbi avadanlıqlar quraşdırılıb ki, bu da xəstəliklərin dəqiq diaqnozunda mühüm əhəmiyyət kəsb edir.
Qəsəbədə istifadəyə verilmiş digər bir obyekt isə rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasıdır. Bina ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. 1981-ci ildən fəaliyyət göstərən muzeyin fondunda 3884 eksponat qorunub saxlanılır. Müasir işıqlandırma sistemi ilə təchiz edilmiş ekspozisiya zalında rayon sənətkarlarının əl işləri, Daş, Tunc dövrlərini əks etdirən eksponatlar, qədim musiqi alətləri, milli geyimlər, bədii tikmələr, tətbiqi sənət nümunələri, zərgərlik, misgərlik, dulusçuluq məmulatları, bəzək əşyaları, toxuculuq alətləri, xalçalar, rəsm əsərləri, fotoşəkillər və sənədlər olmaqla, 300-dən çox eksponat nümayiş etdirilir. Artıq bu ünvan rayon sakinlərinin və bura yolu düşən qonaqların ziyarət etdiyi bir məkana çevrilib.
Qeyd olunan hər iki tikilinin ətrafı burada aparılmış abadlıq işlərindən öz nəsibini alıb. Ətrafda yaşıllıq zolaqları salınıb, yeni işıqlandırma sistemləri quraşdırılıb. Elə muzey binasının yaxınlığında 1941-1945-ci illər müharibəsi və Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə də bu gözəlliyin işığında daha əzəmətli görünür.
Əlbəttə, yeni istifadəyə verilmiş bu obyektlər qəsəbəyə gözəllik bəxş etməklə yanaşı, burada yaşayan sakinlərin də sevincinə səbəb olub. Rayon ziyalısı Vaqif Hüseynov qəsəbədə aparılan quruculuq işlərindən ürəkdolusu danışır: “Rayonumuzun hər bir səmtində, eyni zamanda bu qəsəbədə görülmüş işlər hər kəsi sevindirir. Ötən ildə də, bu il də burada xeyli işlər görülüb. Yollarımız genişləndirilib, yeni asfalt salınıb. İldən-ilə qəsəbədə istifadəyə verilən yeni tikililər buranın gözəlliyini daha da artırır. Çalışmalıyıq ki, bu gözəlliyi qoruyub saxlaya bilək. Çünki bu, bizim həm də mənəvi borcumuzdur”.
Qəsəbə sakini Bülbül Əşrəfovanın dediklərindən: “Artıq neçə illərdir ki, mütəmadi olaraq muxtar respublikamızın hər tərəfində yeni tikililərin istifadəyə verilməsinin şahidi oluruq. Bu tədbirlərin yaşadığımız Babək rayonunda da həyata keçirilməsi hər birimizi sevindirir. Axı kim yaşadığı yerin təmiz, hərtərəfli şəraitlə təmin olunmasını istəməz. Dövlətimizin bizə bəxş etdiyi bu rahat şəraiti gördükcə ürəyimiz dağa dönür. Çalışırıq ki, biz də bunun əvəzini öz əməyimizlə, sevgimizlə ödəyək”.
Digər qəsəbə sakini İsmayıl Abbasov da yaşadığı ərazinin gözəlləşməsini böyük iftixar hissi ilə dilə gətirir: “Bu gün muxtar respublikada elə bir sahə yoxdur ki, orada inkişaf getməsin. Ancaq bizim üçün daha qürurvericisi odur ki, görülən bütün işlərin kökündə xalqa xidmət, həm də layiqincə xidmət etmək məqsədi dayanır. Bir zamanlar bu qəsəbə adi kənddən belə seçilmirdi. Ancaq indi qəsəbəmiz şəhər timsallıdır! Qəsəbədə hara getsən, orada bir yeniliyin şahidi olursan. Hər tərəf abadlaşıb, yaşıllıqlar salınıb, yollar, küçələr təmizliyi ilə göz oxşayır. Gecələr isə qəsəbə ayrı bir gözəlliyə qovuşur. Bütün bunlar insanlarda sabaha olan inamı bir daha artırır. Qoy bu gözəllikdən hər yerə pay düşsün”.
Bəli, Babək qəsəbəsi bir yaşayış məntəqəsi, həm də rayon mərkəzi olaraq gündən-günə dəyişir, yeniləşir. Bu yeniliyin fonunda isə dövlətimizin gücünü və bu gücü gözəlliyə çevirməyi bacaran zəhmətsevərliyi görmək çətin deyil...
Səbuhi HƏSƏNOV