Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın məqsədlərindən biri də peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılmasıdır. Bunun üçün dövlət proqramında əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili üzrə silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara tədris müddəti ərzində əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi ilə bağlı proqramda nəzərdə tutulan tapşırığın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmış qrafikə əsasən, muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün peşəyönümü məşğələlərə başlanılıb.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunan peşəyönümü məşğələdə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən əyani vasitələrlə məşğulluq xidmətinin fəaliyyəti, əmək bazarı və muxtar respublikamızın iqtisadiyyatında müxtəlif peşələrə olan tələbatlar haqqında məlumatlar verilib, şagirdlərin hansı peşələrə maraq görtərmələri barədə sorğu keçirilib.
Ümumiyyətlə, peşəyönümü məşğələlərin təşkili əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşmasına, məşğulluq məsələlərinin həllinə, şagirdlərin meyil və maraqları, fiziki imkanları nəzərə alınmaqla onların düzgün peşə seçimi etməsinə imkanlar yaradır.
Məşğələlər davam etdirilir.
Xəbərlər şöbəsi