Muxtar respublikamızda uzunömürlü ailələrin “gümüş”, “qızıl” və “brilyant toy”larının qeyd olunması artıq ənənə halını alıb. Sevindirici haldır ki, muxtar respublikamızda belə ailələr çoxluq təşkil edir.
Uzunömürlü ailələrdən biri də Şahbuz rayonunun Qızıl Qışlaq kəndində yaşayan Hacıyevlər ailəsidir. İdris Hacıyevlə Asya Hacıyevanın evliliklərinin bu ay 50 ili tamam olur. Ailənin 6 övladı, 8 nəvəsi var.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova və ailənin yaxınları iştirak ediblər.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, muxtar respublikamızda yaşayan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, ailələrin daha da möhkəmləndirilməsi və uzunömürlülüyün təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Sonda yubilyarlara hədiyyələr təqdim edilib.
Yubilyarlar və ailə üzvləri yüksək qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Xəbərlər şöbəsi