“Oğlumun nağılları və yaxud bizim həqiqətlərimiz” silsiləsindən dördüncü nağıl
Kənddən yenicə qayıtmışdıq. Hər dəfə evə çatanacan yolda yuxulayan oğlum bu dəfə nədənsə oyaq idi. Heç birimizin fərqinə varmadığımız bu məqamı oğlum öz uşaq diqqətcilliyi ilə bizə xatırladanda, doğrusu, hamımız təəccübləndik. Təəccübümüzü görən oğlum bunu izah etmək üçün öz səbəbini də müəyyənləşdirmişdi:
– Bilirsiz, bu dəfə niyə yatmamışam? Axı hər dəfə kəndə gedib-gələndə yollar maşını o qədər atıb-tuturdu ki, elə bil beşikdə yırğalayırdı, adamı da yuxu tuturdu onda. Amma bu dəfə kəndə gedəndə də, gələndə də heç yuxum gəlmədi. Çünki yol çox qəşəng olmuşdu.
* * *
Evə çatanda hava qaralmışdı. İstirahət günü bitir, sabah növbəti iş həftəsi başlayırdı. Tez yatmaq lazım idi. “Bu dəfə yolda yatmadım, deməli, bu gün də nağıl danışmalı olacaqsan, dədə”, – deyib oğlum yataq otağına yollandı. Nağılın budəfəki mövzusunu da oğlum istəmədən vermişdi. Ona bu dəfə yollardan danışacağam. Oğlum yaşda olarkən getdiyim və bu yaşında oğlumun getdiyi yollardan danışacağam. Qısacası, yolların nağılını danışacağam.
* * *
Bir vaxt vardı, heç nə yox idi. Heç nəyin olmadığı zamanlarda balaca bir uşağın getdiyi və tanıdığı ilk yol – birinci yol evlərindən məktəblərinə kimi olan yol oldu. İllər keçdikcə o balacanın getdiyi ünvanlar kimi, keçdiyi yollar da artdı, tanıdığı yerlər də.
Bu həyatda dəyişilməz bir qanun var ki, gedəcəyin hər yerə bizi yollar aparır. Oxuduğumuz, dinlədiyimiz nağıllarda, dastanlarda yolları ilana bənzədiblər – ilan kimi qıvrılaraq dağların, təpələrin qoynundan keçib gedib yollar. İlan kimi qıvrılaraq keçən yollar elə nağıllarda, dastanlarda qaldı. İndi düzlüklə yaşadığımız həyatımızda keçdiyimiz yollar da dümdüzdür.
– Oğlum, bir vaxtlar sənin kimi balaca bir uşaq öz kəndlərindən qonşu kəndlərə gedəndə yolların dərə-təpəsi, əyri-üyrüsü, kələ-kötürü onu düşündürmürdü. Düşündüyü bir şey vardısa, o da ünvana tez çatmaq idi.
Həmin uşağın xatirələrində nisbətən uzaq ünvanlar rayon mərkəzi, bir neçə aydan bir getdikləri məşhur Əshabi-Kəhf ziyarətgahı idi.
– Dədə, səninlə getdiyimiz Əshabi-Kəhf? Şəhərdən dayımın maşını ilə 10-15 dəqiqəyə getdiyimiz Əshabi-Kəhf?
– Bəli, oğlum, həmin Əshabi-Kəhf. Amma o vaxt o balaca həmin yolu sənin kimi 10-15 dəqiqəyə gedə bilmirdi. Çünki nə o yol elə düz, o cür asfalt idi, nə də yollar kələ-kötür olduğundan balaca maşınlar ora gedə bilirdi.
Bir vaxtlar müqəddəs ziyarətgahımıza gedib çatmaq üçün heç təkər izlərinin olmadığı dərəli, təpəli yolları qət etməli olurduq. Yük maşınlarının arxasında böyük bir ailə, qonum-qonşular yığılıb getdikləri o yolda maşın bir neçə dəfə dayanmalı olurdu, bu yollara tab gətirmirdi. Amma indi istənilən maşın o yoldan bir göz qırpımında asfalt üzərində şütüyərək keçir.
Oğlum, təkcə Əshabi-Kəhfə gedən yol deyil, şəhərlərdən kəndlərə gedən yollar da ürəkaçan deyildi. Heç paytaxt şəhərimiz Naxçıvanın mərkəzi küçələrindən tutmuş nisbətən balaca küçələrində də, şəhərkənarı məhəllələrdə də yollar könül oxşamırdı. Hələ şəhərdən kəndlərə, rayonlara gedən yolları demirəm. Ayrı-ayrı kəndiçi yollardan isə, ümumiyyətlə, danışmağa dəyməzdi. Amma indi Naxçıvan şəhərinin mərkəzi yolları, şəhərkənarı məhəllələrin, ara küçələrin yolları gözə xoş gəlir. Naxçıvan şəhərindən Sədərəyə, Türkiyə sərhədinə qədər, Culfaya, İran sərhədinə qədər, cənnət bölgəmiz olan Batabata qədər, bir vaxtlar maşınların 2-3 saata ancaq gedib çıxdıqları Ordubad rayonunun Gəmiqaya bölgəsinə qədər, düşmənlə üz-üzə dayanan postlarımıza qədər yollar geniş, abad şəkildə qurulub, asfaltlanıb.
Bir vaxtlar insanlarda belə bir düşüncə var idi ki, kənd yolu elə tozlu-torpaqlı, zığlı-palçıqlı olar. Amma indiki zamanda kəndlərimizin gözəlliklərindən biri də kəndlərə müasir yolların çəkilməsi, asfaltlanması, kənd insanının gündəlik istifadə etdiyi yol infrastrukturunun qurulmasıdır.
İndi ən ucqar kəndlərimizə – Sədərək rayonunun Qaraağac kəndinə, Şərur rayonunun Şahbulaq kəndinə, Şahbuz rayonunun Şada kəndinə, Kəngərli rayonunun Çalxanqala kəndinə, Babək rayonunun Gərməçataq kəndinə, Culfa rayonunun Boyəhməd kəndinə, Ordubad rayonunun Parağa kəndinə və bu cür onlarla kəndimizə asfaltlanmış rahat və geniş yollar çəkilib, bir neçə rayonda bir neçə kəndi birləşdirən dairəvi yollar salınıb. Bütün bunların hamısının qayəsində insanların rahatlığını təmin etmək, sosial problemlərinin həllinə çalışmaq dayanır.
İndi yollara baxdıqca doymaq olmur, getdikcə yorulmursan. Elə ona görə də bir vaxt vardı, heç nə yoxdu, – deyib keçmişi dərin bir köks ötürməklə xatırlayırıqsa, indi, çox şükür, hər şey var, – deyib, qürurla dilə gətiririk. O vaxtkı yollarla indiki yolları müqayisə edəndə nağıllar aləmində yaşadığını hiss edirsən. İndiki yollar adama nağıl kimi gəlir...
* * *
Sözlərimi yenicə bitirmişdim ki, yuxunun ağırlığına tab gətirməyib yorğun düşən, gözlərini bərk-bərk yuman oğlum astadan və pıçıltıyla dedi:
– Nə yaxşı ki, mənim məktəbə getdiyim yollar dümdüz, tərtəmiz, səliqəli və asfalt yollardır.
Elxan YURDOĞLU