22 Dekabr 2024, Bazar

Milli dəyərlərimiz içərisində özünəməxsus yer tutan Azərbaycan xalçaları xalqımızın tarix və şöhrət salnaməsinə pozulmaz izlərini yazıb, köklü bir məktəb yaradıb. Məmləkətimizin müxtəlif regionlarında toxunan bir-birindən gözəl xalçalar dünyanın müxtəlif ölkələrini gəzib. Bu sırada Naxçıvan xalçaçılıq məktəbinin öndə getməsi də faktdır və bununla hər bir naxçıvanlının qürur hissi keçirməyə böyük mənəvi haqqı var. Çünki Azərbaycan xalça sənətinin ənənəvi naxışlar və elementlər, özünəməxsus rəng çalarları ilə zənginləşdirilməsində Naxçıvan xalçaçılıq məktəbi mühüm rol oynayıb.

Naxçıvan xalçaçılıq məktəbi özünəməxsus inkişaf mərhələsi keçib. Bu günümüzə qədər qorunub saxlanılan xalça nümunələri belə deməyə əsas verir ki, bu qədim diyarda xalça toxunuşunda daha çox butalardan, rəmzi çeşnilərdən istifadə edilib. Xalçatoxuma növlərindən şaquli istiqamətli zolaqlarla bəzədilmiş xovsuz xalçaların əsas istehsal mərkəzi tarixən Ordubad olub. Əsasən, ipək liflərdən toxunan bu xalçalar ağ, yaşıl, qırmızı, sarı, mavi və sair rəngli zolaqların növbələşməsi ilə bəzədilib, zəriflik baxımından qumaş təsəvvürü yaradıb.

Muxtar respublikada toxunan xalça nümunələri həm də mürəkkəb dolama texnikasına, rənginə, bədii xüsusiyyətlərinə görə digər xalçaçılıq məktəblərinin məhsullarından seçilib.
Naxçıvan xalçaçılıq məktəbinin bərpa edilməsi, tədqiqi və təbliği  üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılıb. Xalçaçılığın elmi əsaslarla inkişafını diqqətdə saxlayan, evlərdə olan xalça nümunələrinin muzeyə təhvil verilməsi istiqamətində xeyli iş görən muzeyin iş şəraitinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildə bu mədəniyyət müəssisəsi yeni bina ilə təmin olunub.
Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində digər tədbirlər də həyata keçirilib. Belə ki, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi yaradılıb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunub. Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kursları açılıb. Məlumat üçün bildirək ki, bu mərkəzdə hər biri iki aylıq olmaqla bir neçə dəfə kurslar təşkil edilib. Kursları 50-dək məzun bitirib.
Ötən il Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalça­ları: Naxçıvan qrupu” jurnalı­nın, “Naxçıvan xalçaları” sə­nədli filminin və muzeyin www.xalca.nakhchivan.az saytının təqdimat mərasimi keçirilib. Bu, milli dəyərlərimizin daşıyıcısı olan xalçaçılığın gələcəyinə ümidləri daha da artırıb.
Bu günlərdə eşitdiyimiz bir xəbərdən sonra bu istiqamətdə həyata keçirilən tədbirlərin dinamik xarakter aldığı qənaətinə gəldik. 18 dekabr 2013-cü il tarixdə qəbul edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili üzrə həyata keçirilməsi nəzərdə tutulan işlər sırasında milli və xalq tətbiqi sənət növlərinin öyrənilməsi, milli ənənələrimizin yaşadılması istiqamətində reallaşdırılacaq tədbirlər də vardır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqıödənilən ictimai işin təşkil edilməsi o deməkdir ki, gələcəkdə muxtar respublikada xalça istehsalı sahəsi ilə məşğul olan sahibkarların yetişməsi şəksizdir. Bu tədbir eyni zamanda işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi, onların maddi-rifah halının yaxşılaşdırılması istiqamətində növbəti addımdır.
Nazirlik tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli tədbiri həyata keçirmək üçün Şahbuz rayonunda 5, Şərurda 3, Kəngərlidə 2, Culfada 1, Ordubadda 1, Babəkdə 1 ailəyə xalça toxumaq üçün bütün avadanlıqlar verilib. Onların bir neçəsi ilə görüşmək qərarına gəldik. İlk üz tutduğumuz ünvan Kəngərli rayonunun Yurdçu kəndi oldu. Xalçaçı Bahar Səfərova dövlətimizin bu sahəyə və xalçaçılığa maraq göstərən insanlara qayğısını yüksək qiymətləndirdi, belə qayğıya görə xeyli razılıq etdi. Bildirdi ki, bu sənəti anasından öyrənib, bu sahə ilə məşğul olub. 10-dan çox xalça toxuyub. Övladlarının hamısının evində Bahar Səfərovanın toxuduğu xalçalar ən qiymətli sərvət kimi qorunur. Bahar xanım onu da bildirdi ki, hazırda qardaşı qızları Münəvvərə və Aynura da bu sənəti öyrədir.
Şərur rayonunun Tənənəm kəndində isə 3 ailə bu qayğıdan bəhrələnib. Güllər və Nazilə Salmanova bacıları bir vaxtlar analarının xalça toxuduqları hananı indiyədək qoruyub saxlayıblar. Onlarla söhbət zamanı dedilər ki, köhnə hana bir qədər ağırdır. Odur ki, son vaxtlar ondan istifadə etmirdilər. Bu evdə bir daha xalça sənətinə böyük bağlılığın şahidi olduq. Yerə döşənmiş, divardan asılmış xalça və kilimlərin hamısı vaxtilə Salmanovlar ailəsinin üzvləri tərəfindən toxunub. Xalçalardakı ilmələrə baxdıqca baxmaq istəyirsən. Ailə başçısı Əli Salmanov bildirdi ki, hər xalçanın toxunması üçün onlara 1 kiloqram əriş, yarım kiloqram arğac, 2 kiloqram yun ip verilib. Digər avadanlıqlarla da təchiz olunublar. Hazırda toxuduqları xalçanın eni 80, uzunluğu isə 120 santimetrdir. Xalça toxunuşu başa çatdıqdan sonra bu iş üçün xalçaçılara əməkhaqqı da veriləcək.
Onların qonşusu Məlahət Həsənova üçün də yeni hana ilə işləməyin heç bir çətinliyi yoxdur. Çünki bu ailədə indiyə qədər köhnə hana üzərində 20 xalça toxunub. Deməli, adət-ənənə yaşadılıb, bu gün də dövlətimizin qayğısı hesabına yaşadılmaqdadır.
Əslən Şahbuz rayonunun Keçili kəndindən olan Sabirə Zamanova Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurs bitirib. Onun üçün yeni hanalarda işləmək heç bir problem yaratmır. Babək rayonunun Qahab kəndində yaşayan Sabirə xanım bu sənəti qızı Sumayəyə də öyrədir.  
Ordubad şəhərində yaşayan Aynur Kərimova bildirdi ki, 4 uşaq anasıdır. Heç bir yerdə işləmir. İndi sevinir ki, evinin içində özünə iş tapıb. Buna görə də dərin minnətdarlığını bildirən Aynur xanım ilk günlər bu işə alışa bilmədiyini dilə gətirdi. İndi müstəqil surətdə xalça toxuduğunu vurğuladı. Öhdəsinə götürdüyü işi Novruz bayramınadək təhvil verəcəyini qeyd etdi.
Culfa rayonunun Ləkətağ kənd sakini Səməngül Quliyeva, Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini Natəvan Zeyniyeva, Kolanı kənd sakinləri Əzizə Quliyeva, Adilə Namazova, Bəsti Əhmədova, Mətanət Məmməd­ova da dövlətimizin bu qayğısından bəhrələniblər. Onlar bu qiymətli sənətin sirlərini öz yaxınlarına da öyrədirlər. Çalışırlar ki, onlara göstərilən qayğıya əməli işlə cavab versinlər, xalçaçılıq sənətini yaşadaraq gələcək nəsillərə ərməğan etsinlər.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR