26 Aprel 2024, Cümə

Xalqımızın mədəni, elmi, siyasi səviyyəsinin yüksəlməsində kitab böyük əhəmiyyətə malikdir. Əlbəttə, kitabın ərsəyə gəlməsi nəşriyyat prosesindən keçir və hər bir vəsaitin nəşri müəyyən məqsəd və vəzifəni yerinə yetirir. Əsərin nəşriyyat-redaksiya prosesində formalaşması, çapdan buraxılması nəşriyyat fəaliyyəti ilə əlaqədardır. Müasir texnoloji yeniliklərlə nəfis şəkildə çap olunmuş kitablar mütaliə sevənlər üçün, sözün əsl mənasında, ən dəyərli hədiyyədir. Əgər belə bir hədiyyəni Naxçıvan kimi qədim elmi, ədəbi və mədəni tarixi keçmişə malik torpaqda yaşayanlara təqdim etsək, bu onların yaddaşında daim qalacaq. 

 

Naxçıvanda fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin çap məhsullarının da, bu mənada, yüksək elmi-mədəni və publisistik dəyəri vardır. Elə bu səbəbdən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilmiş, burada ən müasir mətbəə avadanlıqları quraşdırılmış, maddi-texniki baza gücləndirilmişdir. Birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması bu sahədə görülən işlərin davamıdır. Fəaliyyətə başladığı ilk günlərdən muxtar respublikanın müxtəlif idarə və təşkilatları özlərinə lazımi dəftərxana vəsaitlərini buradan əldə edirlər. Biz də bununla bağlı ətraflı məlumat almaq üçün həmin ünvana yollandıq.
Burada olarkən Naxçıvan Dövlət Universitetinin coğrafiya müəllimi Aytən Novruzlu ilə qarşılaşdıq. Yeni açılmış müəssisə ilə bağlı fikirlərini öyrəndik. Müsahibim bildirdi ki, burada yüksək səviyyədə, bütün standartlara uyğun keyfiyyətlə hazırlanmış məktəbli və dəftərxana ləvazimatları var. Sərgi-satış mərkəzində yaradılmış “Nəşriyyat xidmətləri” bölməsində mətbəə işlərinin görülməsi üçün çoxfunksiyalı çap avadanlıqları fəaliyyət göstərir. Biz də bu avadanlıqların köməyi ilə elmi məqalələrimizi, kitablarımızı çox uzağa getmədən burada keyfiyyətlə çap edə bilərik. Bununla bərabər, təhsil müəssisələrimizdə çalışan müəllimlərimizin illik və gündəlik dərs planları, şagirdlərimiz üçün məktəbli kitabçalarının satışını görə bilərik. Burada Naxçıvanın tarixini, milli dəyərlərimizi əks etdirən kitablar da satışa çıxarılıb. Deyə bilərəm ki, mərkəzin bu şəkildə fəaliyyət göstərməsi şagirdlərimizə, tələbələrimizə, geniş auditoriyaya diyarımızın daha yaxından öyrənilməsində böyük rol oynayacaqdır.

Yeni açılmış mərkəzin müştərilərə hansı xidmətləri göstərdiyini öyrənmək üçün satış müdiri Mirələsgər Seyidovla həmsöhbət olduq. Öyrəndik ki, satışda müxtəlif mövzuları əhatə edən elmtutumlu, ictimai, bədii kitablar satılır. Hər hansı bir hədiyyəlik miniatür kitabın sifarişlə hazırlanması, ümummilli lider Heydər Əliyevə həsr olunmuş ədəbiyyatların, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi üzvlərinin əsərlərinin, oxunması zəruri olan kitabların satışı da həyata keçirilir. Satışda olan kitablardan, demək olar ki, hamısına müraciət olunur. Ən çox alınan kitablar sırasında isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yeni 2001”-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabıdır. Bununla yanaşı, “Kitabi-Dədə Qorqud” dastanına, eyni zamanda dünya ədəbiyyatından Teodor Drayzerin “Dahi” romanına daha çox üz tutulur. Mirələsgər müəllim ilə söhbət zamanı onu da vurğuladı ki, satışda olan nəşriyyat məhsullarının üzərində muxtar respublikamızın təbliği məqsədilə diyarımıza aid yerli abidələrimizin rəsmləri əks olunub. Eyni zamanda 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımız və onların geri alınmasının tarixləri məktəbli kitabçalarının arxasında qeyd olunub. Məhsulların satışı müvafiq qiymətlərədir.

“Muxtar respublikada nəşriyyat işi yüksək səviyyədə təşkil olunmuşdur. Bu da mətbəə mədəniyyətinin formalaşmasının və ümumi inkişafın göstəricisidir. Artıq muxtar respublikada məktəbli ləvazimatlarının, idarə və müəssisələrə aid blankların çapı həyata keçirilir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzinin fəaliyyəti həm çap olunmuş məhsulların sərgi-satışını təşkil etmək, həm də dövlət büdcəsi ilə maliyyələşən təşkilatları dəftərxana ləvazimatları ilə təmin etməkdən ibarətdir. Birlik geniş imkanlara malikdir və bundan da səmərəli istifadə olunmalıdır...” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mərkəzin açılışı zamanı qarşıya qoyduğu bu vəzifəni bu gün həmin təşkilatda çalışanlar özləri üçün iş prinsipinə çevirib. Biz də inanırıq ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin sərgi-satış mərkəzi bundan sonra da öz fəaliyyətini uğurla davam etdirəcək.

Aytac CƏFƏRLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR