22 Dekabr 2024, Bazar

Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin edilməsi idarəçiliyin müasir prinsiplər əsasında həyata keçirilməsini zəruri etmişdir. Bu məqsədlə informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması həyata keçirilən islahatların başlıca istiqamətlərindən birinə çevrilib. Göstərilən elektron xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması daim diqqət mərkəzində saxlanılır. Müasir informasiya texnologiyalarından istifadə etməklə elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, həmçinin sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.


Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda da elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində mütəmadi olaraq işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində fond və onun yerli qurumları müasir standartlara cavab verən yüksək maddi-texniki baza ilə təchiz olunub. Nəticədə, əhaliyə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaranıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə fondun bütün sahələri avtomatlaşdırılıb. Bütün bunlar əmək pensiyaçılarına, sığortaedənlərə və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyətinin xeyli yaxşılaşdırılmasına səbəb olub.
Muxtar respublikada sığorta-pensiya sisteminin aparıcı tərkib hissəsi olan fərdi uçot sisteminin tətbiqinə 2006-cı ildən etibarən başlanılıb. Fərdi uçotun yaradılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasıdır. Yəni ödənilən məcburi dövlət sosial sığorta haqları fondda fərdi uçot sistemində açılan fərdi şəxsi hesablara işlənilir ki, gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürülür.
Qeyd edək ki, fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özünün məcburi dövlət sosial sığorta haqlarının tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Bunun üçün Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az), Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə (dsmf.nmr.az) və e-sosial.az saytına daxil olmaqla, “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə, hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə öz pensiya kapitalını izləyə bilər.
Fond tərəfindən qarşıya qoyulan başlıca vəzifələr muxtar respublikada bütün sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotunun aparılması, bu sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və vətəndaşların maarifləndirilməsinə nail olmaqdan ibarətdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR