19 Aprel 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri” proqramı çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin icrası təmin olunmuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində tədbir keçirilmişdir.


Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, ötən illərdə olduğu kimi Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı cari ildə də muxtar respublikada yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə növbəti layihənin icrası təmin olunmuşdur. Layihənin icrası muxtar respublikada qadınların məşğulluqlarının artırılmasına xidmət etməklə yanaşı, ailə təsərrüfatlarının, həmçinin gələcəkdə muxtar respublikada mikro və makrobiznes sahələrinin inkişafına kömək etmək məqsədi daşıyır. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır!”, biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlər keçirilmişdir. Təlimlərdə Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli rayonlarının hər birindən 2, Culfa, Sədərək rayonlarından 3, Naxçıvan şəhərindən isə 12 nəfər olmaqla, ümumilikdə, 28 sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadının iştirakı təmin olunmuşdur.
Qeyd olunmuşdur ki, təlimlərin sonunda iştirakçılar tərəfindən biznes planlar hazırlanmış, ən uğurlu biznes planı hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilmişdir. Müvafiq layihə 2021-ci ilin aprel-avqust ayları ərzində həyata keçirilmişdir. Layihə çərçivəsində 20 nəfərə maksimum 500 ABŞ dolları sərmayə kapitalı verilməsi nəzərdə tutulmuşdur. Lakin qadınların maraqları, müraciətləri və ehtiyacları nəzərə alınaraq 26 qadına sərmayə kapitalı verilmişdir.
Vurğulanmışdır ki, ümumilikdə, layihə çərçivəsində verilən sərmayə kapitallarının dəyəri 17 min manat təşkil etmişdir. Sərmayə kapitalı almış qadınlar üçün öncə VÖEN-lər açılmış və alacaqları vəsaitlər bank hesablarına köçürülmüşdür. Layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən müqavilələr bağlanmış, ümumilikdə, 26 qadına sərmayə kapitalı verilmişdir. Həmin sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ-tətbiqi sənət, silahsazlıq, toxuculuq sahəsi ilə məşğul olmaları üçün verilmişdir.
Komitə sədri çıxışının yekununda qadınların sahibkar kimi formalaşmasına və onların məşğulluqlarının təmin olunmasına göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə haqqında ətraflı məlumat vermiş, muxtar respublikada qadınlara göstərilən yüksək diqqət və qayğıdan ətraflı bəhs etmiş, bu cür layihələrin muxtar respublikada nəzərdə tutulan vaxtda və uğurla icra olunduğunu diqqətə çatdırmışdır. Layihə iştirakçıları Tovuz Məhərrəmova, Səkinə Qarayeva və Reyhan Salmanova çıxış edərək onlara və ailələrinə göstərilən qayğıya görə dövlətimizə və təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə qadınlar arasında bağlanmış müqavilələrin təqdim olunma mərasimi keçirilmiş, qadınlara verilmiş sərmayə kapitalının dəyərində alınmış aktivlərin bəziləri nümayiş edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR