Muxtar respublikamızın ahıl sakinlərinə xüsusi diqqət göstərilir, onların sosial müdafiəsi diqqət mərkəzində saxlanılır. Xüsusən, sosial qayğıya ehiyacı olan ahıl vətəndaşların sağlamlıqlarının qorunması, məişət məsələlərinin həlli, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ahıllar Evi”nin sakinləri və sosial xidmətə cəlb edilmiş tənha ahıllar mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir. Bununla yanaşı, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, sosial könüllülərin iştirakı ilə onların yaşayış yerlərində iməciliklərin keçirilməsi ahıllara göstərilən dövlət qayğısının növbəti nümunəsidir.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə bir qrup sosial qayğıya xüsusi ehtiyacı olan ahıl sakinlərin iştirakı ilə təbiət gəzintisi təşkil edilib, burada onlar üçün çay süfrəsi açılıb. Naxçıvan Aşıqlar Birliyinin üzvlərinin ifasında isə saz havalarından ibarət musiqi proqramı təqdim olunub. Daha sonra ahıl sakinlər Şahbuz şəhərində yerləşən “Ahıllar Evi”ndə olub, burada yaradılan şərait və göstərilən xidmətlərlə tanış olublar. Görüş nahar süfrəsi ətrafında davam etdirilib.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
Qeyd edək ki, ahılların muxtar respublikamızın tarixi yerlərinə, ziyarət ocaqlarına, mədəniyyət müəssisələrinə ekskursiyaları qarşıdakı dövr ərzində də davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti