Naxçıvan Şəhər Nəqliyyat İdarəsində 2021-ci ilin 6 ayı ərzində taksi xidməti üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev açaraq bildirib ki, muxtar respublikada əhali sayının artması avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulmasını şərtləndirir. Hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən artıq avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir. Dövlət Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq nümunəvi xidmət göstərən, eləcə də ucqar dağ və sərhəd kəndlərinə işləyən sürücülərin fəaliyyətləri qiymətləndirilir, onlara lazımi köməklik göstərilir.
Sonra 2021-ci ilin 6 ayı ərzində nümunəvi sərnişindaşıma xidməti göstərən 20 sürücüyə qiymətli hədiyyələr təqdim olunub. Mükafatlandırılan sürücülərdən Fuad Mürsəlov yaradılan şəraitə, göstərilən qayğıya görə bütün sürücülər adından dövlətimizə minnətdarlıq edib.
Xəbərlər şöbəsi