Təmir-bərpa və yenidənqurma işlərindən sonra müasir görkəmə gətirilən Uzunoba İstirahət Mərkəzində növbəti çimərlik mövsümü münasibətilə açılış mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış ediblər. Çıxışlarda bildirilib ki, isti yay günlərində yerli sakinlərin və qədim diyara gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Uzunoba Su Anbarında yaradılan çimərlikdir. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Çıxış edənlər aprel ayında Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksinin əhəmiyyəti barədə də danışıb. Qeyd olunub ki, aktiv şəkildə fəaliyyət göstərən idman mərkəzinin çimərliyə çox yaxın ərazidə yerləşməsi əhalinin paralel olaraq çimərlik futbolu ilə məşğul olması, bu növün inkişafı üçün əlavə imkanlar açır.
Qeyd edək ki, çimərlik ərazisində yüksək istirahət və nümunəvi xidmətin təşkili məqsədilə abadlıq və quruculuq işləri görülüb. Bura əlavə olaraq 465 kubmetr qum verilib, əşyaların saxlanılması üçün 100 nəfərlik dəmir dolab qoyulub, 8 duş kabinəsi yerləşdirilib, 4 pedallı su qayığı gətirilib, 41 çətir qurulub, 16 şezlonq, 2 yelləncək, 7 stol, 40 stul qoyulub və açıq istirahət köşkləri yaradılıb. Təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılıb. Fövqəladə Hallar Nazirliyinin 6 nəfərdən ibarət xilasetmə qrupu ərazidə xidmət aparacaq. Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik var. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.
Çimərlik saat 10:00-dan 19:00-a, kafe-restoran isə gecə saatlarınadək fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti