22 Dekabr 2024, Bazar

Bu gün ekoloji problemlərin həlli sahəsində dövlət orqanları ilə yanaşı, bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür. Belə ki, yerli ekoloji proqramların qəbul və icra edilməsi bələdiyyələrin səlahiyyət dairəsindədir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, yerli ekoloji proqramların qəbulunda məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə elə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi və emalı, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması ilə bağlı tədbirlər daxil edilməlidir.

Yerli ekoloji proqramların qəbul və icra olunması məqsədilə bələdiyyələr “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli ekoloji məsələlər üzrə daimi komissiya yaradırlar. Həmin daimi komissiya yerli ekoloji proqramların layihələrini hazırlayır. Qeyd edək ki, qanunvericiliyə görə bələdiyyə üzvü eyni vaxtda bir neçə daimi və ya başqa komissiyanın üzvü ola bilər.

“Ekoloji təhlükəsizlik haqqında” Qanuna görə Azərbaycan Respublikasının bütün ərazisi ekoloji təhlükənin dərəcəsi üzrə zonalara bölünür. Zonalarda ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblər müəyyən olunub. Hər bir bələdiyyə öz ərazisində ekoloji təhlükəsizliyin təmin edilməsi üçün, ilk növbədə, ərazisinin ekoloji təhlükəlilik baxımından hansı zonaya bölünməsini dəqiq bilməlidir. Bunu bildikdən sonra həmin zonada hansı təsərrüfat və digər fəaliyyət növləri ilə məşğulluğun mümkünlüyü, yaxud hansı fəaliyyət növü ilə məşğul olmamaq dəqiq müəyyənləşdirilməlidir.
Ekoloji təhlükəsizliyin təmin edilməsi üçün ilk vacib şərt ekoloji proqramların hazırlanmasıdır. Ətraf mühitin mühafizəsi ekoloji təhlükəsizliyin vacib şərtidir. Yerli ekoloji məsələlərlə bağlı ayrı-ayrı qanunvericilik aktlarında yerli özünüidarə orqanlarının hüquq və vəzifələri müəyyən edilib. Bu vəzifələr sırasında ekoloji maarifləndirmə də xüsusi yer tutur.
Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində hər kəsin sağlam ətraf mühitdə yaşaması hüququnun olması hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququnu təsbit edir. Aydındır ki, ekoloji təhlükəsizliyə nail olmağın vacib amillərindən biri də əhalinin ekoloji maarifləndirilməsidir. Belə ki, hər bir bələdiyyə öz ərazisində yaşayan əhalinin ekoloji maarifləndirilməsi qayğısına qalmalı, əhalini ətraf mühitə, ekoloji və insanla təbiət arasında qarşılıqlı əlaqələrə dair məlumatlar ilə tanış etməyə, xüsusən də gənc nəsil arasında ekoloji mədəniyyətin formalaşmasına çalışmalıdır.
Ölkəmizdə insan fəaliyyəti nəticəsində əşya və maddə şəklində əmələ gələn istehsalat və məişət tullantılarından ətraf mühitin qorunması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, təkrar xammal kimi tullantıların istifadəsi ilə bağlı məsələlər “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası böyük təbii ehtiyatlara malik bir diyardır. Bu baxımdan mövcud təbii ehtiyatların gələcəyimiz naminə qorunması yerli özünüidarə orqanlarının da qüvvə və səylərini artırmasını tələb edir. Son illərdə dövlət tərəfindən bələdiyyələrə böyük dövlət qayğısı göstərilir, onlar müvafiq texnikalarla, təmizlik qutuları ilə təmin olunurlar. Bələdiyyələr də onlar üçün yaradılmış şəraitdən istifadə edərək ətraf mühitin mühafizəsinə öz töhfələrini verməlidirlər.

Xəyal EYVAZOV
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR