22 Dekabr 2024, Bazar

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin icrası ilə bağlı təlimlər davam edir. Növbəti təlim “Sahibkar ol!” mövzusunda keçirilib.

Təlimdən əvvəl muxtar respublikada dövlət qadın siyasəti, bu sahədə görülən işlər və əldə olunan uğurlar haqqında iştirakçılara ətraflı məlumat verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar respublikanın rayonlarında aztəminatlı və məhdud fiziki imkanlı qadınlar üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlimlər keçirilir, qadınların özünüməşğulluqlarının təmin edilməsi üçün sərgi-satışlar təşkil edilir, qadınların əl işlərinin satılması məqsədilə müxtəlif tədbirlər görülür. Həmçinin muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi üçün mikro və makro sahibkar kimi fəaliyyət göstərməsi üçün dövlət tərəfindən dəstək göstərilir, bu da öz bəhrəsini verməkdədir.
Ramilə Seyidova əminliyini bildirib ki, bu layihə çərçivəsində keçirilən təlimlərdə iştirakçılar maliyyə savadlılıqlarını artırmaqla öz təsərrüfatlarını və ya məşğul olacaq fəaliyyət sahələrini quracaq, sahibkar olacaqlar.
Layihə çərçivəsində öz biznes- planı ilə fərqlənən 20 nəfər qadına maksimum 500 Amerika Birləşmiş Ştatları dolları məbləğində sərmayə kapitalı veriləcəkdir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, onların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradacaqdır.
Qeyd edək ki, layihə çərçivəsində veriləcək sərmayə kapitalının 70 faizi ailə təsərrüfatlarının yaradılmasına, qalan məbləğlər isə qadınların məşğulluqlarının artırılması istiqamətindəki digər sahələrin yaradılması və inkişafına ayrılacaqdır.
Ramilə Seyidova muxtar respublika qadınlarına göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək layihə çərçivəsində keçirilən “Sahibkar ol!” təlimi haqqında layihə iştirakçılarına ətraflı məlumat verib.
Təlim qarşılıqlı diskusiya şəklində keçirilib, qadınlar tərəfindən maraqla qarşılanıb. Təlimin sonunda layihədə iştirak edən qadınlara sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR