22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş muxtar respublika məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satış təşkil edilib.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək vurğulayıb ki, ölkəmizdə gələcəyin qurucuları olan uşaqların hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi böyüməsi üçün dövlət qayğısı və diqqət yüksək səviyyədədir. Bunu muxtar respublikamızın timsalında da aydın görmək olar. Uşaqların milli dəyərlər əsasında tərbiyəsi, sosial ehtiyaclarının hərtərəfli təmini, sağlam mühitdə böyümələri, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili kimi məsələlər daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif metodlar, innovativ layihələr tətbiq olunur, tədbirlər, bilik və yaradıcılıq müsabiqələri, sərgilər, idman yarışları keçirilir. Bütün bunların nəticəsidir ki, hər ötən il ümumtəhsil məktəblərinin şagirdləri istər qəbul imtahanlarında, istərsə də muxtar respublika, ölkə və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda yüksək nailiyyətlər əldə edir, istedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər.

Bildirilib ki, Ali Məclis Sədrinin tapşırığı əsasında 2019-2020-ci tədris ilindən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin, 2020-2021-ci tədris ilindən isə ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb. Ötən müddət ərzində məktəbdənkənar təhsil müəssisələrində 60-dan çox innovativ dərnək, 15 məktəb və məktəbdənkənar təhsil müəssisəsində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb. Yaradılan innovativ dərnəklərə bütün kateqoriyalardan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların cəlbi də diqqətdə saxlanılıb. Məktəbdənkənar təhsil müəssisələrində müxtəlif profilli dərnəklərə sağlamlıq imkanları məhdud olan 169 uşaq cəlb edilib.
Təhsil naziri muxtar respublikada uşaqlara göstərdiyi diqqət və qayğıya, onların təhsili üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, bütün uşaqları 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev sərgi haqqında geniş məlumat verib. Bildirib ki, sərgi-satışda 100 rəsm, 31 ebru sənəti, 38 xalçaçılıq, 287 toxuculuq, 50 bədii tikmə, 32 dulusçuluq, 137 heykəltəraşlıq, 40 ağac üzərində oyma, 46 ağac üzərində yandırma, 45 metal üzərində bədii döymə, 166 bijuteriya, 72 dekorativ iş olmaqla, müxtəlif janrlarda 1109 yaradıcılıq işi nümayiş etdirilir.
Qeyd olunub ki, ümumilikdə, 348 şagirdin yaradıcılıq nümunələri sərgi-satışa çıxarılıb. Bunlardan 750-si dekorativ, 359-u isə təsviri sənət işləridir.
Sonra milli üslubda hazırlanaraq sərgi-satışa çıxarılan əl işlərinə baxış olub. Nümayiş etdirilən işlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, sərgi-satış 5 gün davam edəcək və yekun tədbirdə fəal iştirak edən məktəbdənkənar təhsil müəssisələri, dərnək rəhbərləri və şagirdlər təltif olunacaq.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR