Naxçıvan Muxtar Respublikası ərazisində əlverişli ekoloji mühitin formalaşdırılmasında, xüsusilə bu sahədə ən mühüm ekoloji amil olan yaşıllıqların, meşə ehtiyatlarının qorunması və yeni meşə massivlərinin, meyvə bağlarının salınması üçün kompleks tədbirlər görülür. Həyata keçirilən belə tədbirlər və bu sahədə müşahidə olunan vətəndaş fəallığı nəticəsində son 27 ildə meşə və yaşıllıqların sahəsi 0,6 faizdən 20 faizə qədər artmışdır.
Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramları çərçivəsində, əsasən, kənd təsərrüfatı əkinləri üçün yararsız olan, müxtəlif dərəcədə eroziyaya məruz qalmış və meyilli (təpəlik) ərazilərdə, çay vadilərində, yol və sututarların kənarlarında, ümumilikdə, yüz hektarlarla sahədə meyvə bağları, o cümlədən cəviz, badam, ərik, alma, şaftalı, tut, iydə bağları salınmışdır. Onu da qeyd etmək lazımdır ki, kəskin kontinental iqlimə malik olan, yağıntıların azlığı, günəşli günlərin çoxluğu ilə səciyyələnən muxtar respublikamızda yaşıllıqların salınması ilə bərabər, onun becərilib saxlanılması da əsas şərtdir. Sevindirici haldır ki, hər il yaşıllıqların salınması muxtar diyarımızda xoş ənənə halını alır. Demək olar ki, hər kəs bu fəaliyyət sahəsinin faydasını yaxşı bilir, bu faydanın təkcə maddi deyil, həm də mənəvi olduğunu anlayır.
Xalqımızın əsrlərboyu malik olduğu zəngin maddi-mənəvi dəyərləri qoruyan, yaşadan, dini dəyərləri uca tutan, xalqına, elinə ömrünü fəda edən müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyev də hakimiyyətinin hər iki müddətində yaşıllıqların salınmasına və zənginləşdirilməsinə xüsusi önəm vermiş, onların qorunub artırılmasını diqqətdə saxlamışdır. Ulu öndərin tapşırıqlarına uyğun olaraq yaşıllıq salınması artıq muxtar respublikamızda ənənə halını almış, həyat tərzinə çevrilmişdir. Bu tədbirlər muxtar respublika ərazisində, ayrı-ayrı inzibati rayonlarda, təkcə yaşıllaşdırma aylıqları çərçivəsində ağac əkilməsi ilə bitmir, digər aylarda, xüsusən də isti yay aylarında onların qorunub becərilməsi ilə davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında ötən illərdə olduğu kimi, 2021-ci ildə də yeni meyvə bağlarının, yaşıllıqların salınması işləri davam etdiriləcəkdir. Bu məqsədlə yaz əkin mövsümündə aparılacaq əkin işlərinin planına əsasən 2021-ci ilin yazında, ümumilikdə, 231,8 hektar sahədə yaşıllaşdırma işlərinin icrası nəzərdə tutulmuşdur ki, bunun da 49,1 hektarı yeni yaşıllıqlar, meyvə bağları, 6,3 hektarı üzüm bağlarıdır. Ötən illərdə salınmış yaşıllıqların 47,4 hektarında tinglə bərpa, 127 hektar sahədə toxumla əkinin aparılması və 2 hektar sahədə yeni toxmacarlıq salınması nəzərdə tutulmuşdur. Yaxşı haldır ki, yaşıllıqların salınması işlərində vətəndaşlar, bələdiyyələr də təşəbbüs göstərir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin qorunması, yaşıllıqların artırılması işlərində geniş ictimaiyyətin fəallığının artırılması məqsədilə vaxtaşırı yerlərdə maarifləndirmə tədbirlərini icra edir. Məlumat üçün bildirək ki, ağac əkən, yaşıllıq salan vətəndaşlara nazirliyin tinglik sahələrində yetişdirilən meyvə və meşə tingləri təmənnasız olaraq verilir. Məqsəd muxtar respublikamızda yaşıllıqların sahəsinin genişləndirilməsinə nail olmaq, vətəndaşların bu işlərdə fəallığının təmin edilməsindən ibarətdir. Çünki bu gün əkilən meyvə bağları bir neçə il sonra ekoloji təmiz məhsulların bolluğu, bir və ya bir neçə ailənin gəlir mənbəyi, iş yeridir.
Hazırda Naxçıvan Muxtar Respublikasında yaz əkin mövsümünə hazırlıq, o cümlədən əkin işləri davam etdirilir, orta dağlıq, dağətəyi ərazilərdə toxumla əkin aparılır.
Yaşıllaşdırma işlərinin həm kəmiyyət, həm də keyfiyyətinin artırılması üçün yerli şəraitə uyğunlaşdırılmış ting yetişdirilməsi bu sahədə xüsusi əhəmiyyət daşıyır. Vaxtında toxum tədarük edilməsi, ting yetişdirilməsi sahəsində aparılan işlər tingə olan tələbatın tamamilə təmin edilməsinə şərait yaratmışdır. Hazırda nazirliyin tinglik təsərrüfatlarında 355 min ədəddən çox meşə, meyvə, həmişəyaşıl tinglər vardır ki, bu da muxtar respublika ərazisində 2021-ci ilin yaz yaşıllaşdırma işlərində tingə olan tələbatı tamamilə ödəyəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görüləcək işlər diyarımızın meyvə bağlarının, yaşıllıq sahələrinin artırılmasına öz töhfəsini verəcək.
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti