Novruz bayramı ərəfəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində sosial qayğıya ehtiyacı olan şəxslərlə görüşlər keçirilib, onlara bayram sovqatı təqdim edilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək müvafiq kateqoriyadan olan şəxsləri bayram münasibətilə təbrik ediblər.
Çıxışlarda vurğulanıb ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin təmin olunması və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin məşğulluğunun təmin olunması, yaradıcılıq potensialının inkişaf etdirilməsi, müxtəlif növ sosial xidmətlərin göstərilməsi, bayram günlərində onların iştirakı ilə tədbirlərin keçirilməsi davamlı dövlət qayğısının bariz nümunəsidir.
Qeyd edək ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslər evlərində ziyarət olunub, onlara bayram sovqatı və Novruz bayramının rəmzi olan səmənilər təqdim edilib. Bayram tədbirlərində, ümumilikdə, sosial qayğıya ehtiyacı olan 1000 şəxsə sovqatlar verilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti