Şərur rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin sanitar-gigiyenik vəziyyəti ilə bağlı maarifləndirici seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Surəyya Bəşirova açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev, Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov, Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-gigiyena şöbəsinin müdiri Elxan Orucəliyev tədbirdə çıxış etmişlər. Çıxışlarda muxtar respublikada fəaliyyət göstərən dövlət uşaq müəssisələrində sanitar-gigiyenik normaların daha da təkmil təmin olunması, məktəbyaşlı uşaqların sağlamlığının qorunması, onların müayinə və müalicəsinə göstərilən diqqət, dispanserizasiyanın təşkili, yoluxucu xəstəliklərin profilaktikası barədə məlumat verilmişdir.
Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış bukletlər paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti