Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı ərzində muxtar respublika üzrə 28 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 14 nəfərin hər birinə 2 baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 2 nəfərə dərzi, 1 nəfərə qaynaqçı avadanlıqları və ləvazimatları, 3 nəfərə isə miniyerşumlayan aqreqatlar verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 3 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunanlar, 2 nəfərini isə gənclər təşkil edib. Eyni zamanda təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 2 nəfər həvəsləndirmə tədbirlərinə cəlb olunub.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb edilmiş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir göstərib. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edənlər ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.
Daha sonra aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti