22 Dekabr 2024, Bazar

Yel kultu arxaik mifoloji təsəvvürlərdə


Üçüncü ilaxır çərşənbəmiz olan Yel çərşənbəsində yelin ayılması, əsməyə başlanması bəzi təsərrüfat işlərinin də sahmana salınmasını zəruri edir. Əvvəllər Xırman mərasiminin icrasında da yelin, küləyin funksiyası aparıcı mövqe daşıyırdı. Xalq arasında “Küləkli hava gərəkli olar” atalar sözü də bu məqamı təsdiqləyir. Və ya “Xırmanın yelsiz qalmasın” kimi alqış nümunəsi də yelin təsərrüfat əhəmiyyətini bir daha sübuta yetirir.

Yel çərşənbəsinə bəzən xalq arasında “toz çərşənbə” də deyirlər. Təbiət qüvvələrinə etiqadla yanaşan etnos təbiətə hörmətini, ondan imdad, kömək istəyini müxtəlif ayinlərlə ifadə etmişdir. Təbiətdən kömək uman, aman diləyən xalq əzizləmə xarakterli adlarla da bu məqsədini açıq-aydın büruzə verir. Yelin təsərrüfata gərəkli olduğunu düşünən xalq onu əzizləyərək “külək oyadan çərşənbə”, “küləkli çərşənbə”, “yelli-güllü çərşənbə”, “yelli çərşənbə” də adlandırmışdır.
Azərbaycan xalqının folklor örnəklərinə əsasən söyləmək olar ki, yel çərşənbəsi zamanı müxtəlif ayin və mərasimlərin icrası mütləqdir. Xalq düşüncəsində yelin müqəddəs anlam daşıması xalqımızın şifahi təfəkküründə uzun müddət başlıca mövqe tutmuşdur. Naxçıvan ərazisindən toplanmış folklor örnəklərinə əsasən söyləmək mümkündür ki, xalqın folklor yaddaşında Yel kultu – Yel əyəsi ilə bağlı maraqlı mifik mətnlər, inanc-sınama nümunələri mövcuddur. Belə ki, xalqın folklor yaddaşında Yel çərşənbəsi zamanı yel əyəsinin ayıldığına inanc dolaşmaqdadır. Biz əyə kultuna, sözünə Naxçıvan ərazisində daha çox rast gəlirik. Xalq belə deyir: “Yel çərşənbəsində yel ayılır, külək əsir, havanın ağırrığı sınır”. Bu inanclar qədim türklərdə yelin kult səviyyəsində olduğunu nümayiş etdirir. Yelin “baba” hesab edilməsi xalqımızın şifahi təfəkküründə uzun zamanlar başlıca mövqedə olmuşdur.
Əvvəldə qeyd etdiyimiz kimi, Yel çərşənbəsində, ümumiyyətlə, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində bir-birindən maraqlı ayin və mərasimlər icra edilməkdədir ki, bunların çoxunda Yel Tanrısına sitayiş əks olunur. Evlərdəki paltar-palazın təmiz havaya çıxarılıb tozunu təmizləmək, “Xırman” mərasiminin aktual olduğu vaxtlarda taxılın biçilib xırmana yığılması ilə icra olunan “Yel baba” mərasimi Yel Tanrıçılığına inamı təsdiqləyir. Yel çərşənbəsi zamanı qəbirüstü ziyarətlər də təşkil olunur. Belə ki, dünyadan köçən insanların xatırlanması münasibətilə ehsanlar bişirilib paylanır, qəbirləri ziyarət edilir. Həmin ildə yas düşən evin sakinləri yasdan çıxarılır. Muxtar respublikamızın Ordubad rayonunda buna “paxır bayramı” deyilir. Belə ki, bu çərşənbəyədək qırxı çıxmayan mərhumun evinə yaxınlar, qohumlar toplaşır. Onun ailə üzvləri ilə birgə evdə bayrama hazırlıq görürlər. Bayrama münasib şirniyyatlar bişirilir, evin sakinlərinə təzə geyimlər geyinmək, qara libasları Novruz əhval-ruhiyyəli libaslarla əvəzləmək tövsiyə olunur. Beləliklə, həmin ailə də ərazidəki digər ailələr kimi sosial birlikdən, el-obanın bayram əhval-ruhiyyəsindən kənarda qalmır.
Xalqımızın şifahi yaddaşında yaşayan, yel kultuna tapınmanı ifadə edən atalar sözləri diqqətçəkəndir:

Yel qayadan nə aparar?!
Yelnən gələn selnən gedər.
Alçaxda yatma – sel aparar,
Ucada yatma – yel aparar.
Kələklə gələn, küləklə gedər.

Yel baba obrazı muxtar respublikamızın ərazilərindən toplanmış inanc nümunəsində öz maraqlı əksini tapmaqdadır. Xalq belə deyər: “Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün yarpaqları ağaca toxunsa, diləyin gerçəkləşər”.
Yel çərşənbəsində ayılan yelin, küləyin təsiri ilə təbiətə güc-qüvvət, yeni nəfəs gəlir. Qışda “ölən” təbiəti Boz ayda oyadan 4 ünsür – Su, Torpaq, Yel, Od yeni təbiətin carçısı kimi xalq yaddaşında güc-qüvvət rəmzi olaraq yaşamaqdadır.
Uca Tanrı ömrünüzə nur qatsın, sağlam həyat, sağlam ruh diləyiniz gerçək olsun! Yelli-güllü çərşənbənin yeni nəfəsli, yeni ruhlu qədəmləri uğurlu olsun!

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR