22 Dekabr 2024, Bazar

Torpağı ovuclayan qızıl ovuclar


Dünyanın yaranmasında əsas ünsür kimi keçən həftə qeyd etdiyimiz ilk çərşənbə – Su çərşənbəsi öz ardınca Torpaq çərşənbəsini “səsləyir”. İkinci ilaxır çərşənbə torpağın oyanması, torpaqla bağlı təsərrüfat işlərinin başlanması ilə bağlı olaraq xalq təfəkküründə Torpaq çərşənbəsi adlanmaqdadır.

Torpaq çərşənbəsində Azərbaycanın müxtəlif regionlarında, o cümlədən muxtar respublikamızın şəhər və kəndlərində müxtəlif ayin və mərasimlərin icrası torpaq kultuna inamı əks etdirən mərasimlər kimi diqqət çəkir. Bu çərşənbəni el arasında “çilləbeçə çərşənbəsi” də adlandırırlar. Torpağı əkib-becərmək, ona qulluq etmək üçün bu çərşənbədə fəallıq daha da artır. Hamı öz həyət-bacasına, torpağa bağlılığını artırmaq məqsədilə əkin işlərini sürətləndirir. Naxçıvanda bu münasibətlə xalq arasında belə bir deyim formalaşmışdır ki, “Torpaq, ona olan qulluğun, hörmətin qarşılığını insana mütləq verəcəkdir”. Bu deyim elə qədim türk mifizminin daşıyıcısı olan Naxçıvan mühitinin mifoloji dünyasında Torpaq əyəsinin varlığını, onun bir zamanlar kult səviyyəsində olmasını təsdiqləyir. İnsanlar torpağa qulluq etməklə özlərinin maddi təminatını da müəyyən qədər ödəmiş olduqlarını düşünürlər. Həm də torpaqla bağlılıqlarını, əməyə, zəhmətə olan sevgilərini folklor nümunələri şəklində yaradıb gələcək nəsillərə ötürürlər:

Qarışqadan ibrət al,
Qış ikən yazı düşün.

Torpaq çərşənbəsinin xarakterik ayinlərindən biri də Naxçıvanda evlərin həyətlərində tonqal qalanmasıdır. İnsanlar od üstündən tullanaraq ağırlığın, dərd-sərin köhnə ildə qalmağını arzulayarlar.
Naxçıvanda Torpaq çərşənbəsində icra olunan ayinlərdən biri də ağacqorxutma adətidir. Ev əhlinin ən yaşlı nümayəndəsi əlində balta bağa gələr, hər ağacın dibinə üç dəfə balta ilə vurar. Bu ayin vasitəsilə inanırlar ki, ağaclar “qorxaraq” növbəti ilə yaxşı bar verəcək. Naxçıvan Muxtar Respublikasının bəzi regionlarında bu ayini, əsasən, barverməyən ağac üçün tətbiq edərlər. Əlində balta barsız ağaca yaxınlaşan insan baltanı ağacın dibinə yaxınlaşdıraraq deyir ki, əgər gələn il bar verməsən, səni kəsəcəyəm. Başqa biri isə baltanı onun əlindən alaraq onu dayandırmağa çalışır və deyir ki, dəymə, kəsmə, mən zamin, gələn il bar verəcək. Bu ayinin kökündə yenilənmə dayanır.
Naxçıvanda xalq yaddaşında belə bir inam dolaşmaqdadır ki, bir qarış yer var, onun da əyəsi var. Hər nəsnənin əyəsi olduğu kimi, torpağın da əyəsi var. Torpağa qulluqdan öncə gərək onun əyəsinə salam verəsən. Əgər salam verməsən, torpaq əyəsi səni cavabsız qoyar, yaxşı məhsul verməz. Bu inanclar torpağa tapınmanın izlərini özündə qoruyub saxlamaqla kosmoqonik görüşləri ifadə edir. Bu baxımdan xalq arasında torpaqla, yerlə bağlı olan “Yerin yeddi qatından keçmək” ifadəsi də dolaşmaqdadır.
Torpaqla bağlı Naxçıvanda müxtəlif xalq yaradıcılığı nümunələri yaddaşlarda yaşamaqdadır ki, bunlardan sözün sehirli qüvvəsinə inamı xarakterizə edən alqışları diqqətinizə çatdırmaq istərdik:

Torpağın bərəkətli olsun.
Torpağı sanı yaşıyasan!
Torpaq kimi bar-bəhrəli olasan!
Torpağından təzə-təzə nübarlar dadasan!
Torpağın rahat olsun!

Torpağı xəbər aparmasın! (dünyadan köçən biri haqqında danışarkən istifadə olunur);
Bu nümunələrdən göründüyü kimi, torpaq qədim türklərdə insanı haqq dünyasına qovuşduran varlıq olmaqdan əlavə, insanın xilasına xidmət edən kult kimi də düşünülmüşdür. Torpaq müqəddəsliyi ilə həm insana həyat verər, həm də onu haqq dünyasında ağuşuna alar. Hər mənada torpaq insana hamidir.
Naxçıvan Muxtar Respublikasının bəzi regionlarında xalq arasında torpağın müqəddəsliyini ifadə edən atalar sözü və məsəllər də yetərincədir:

Torpaqda itki olmaz, kötüksüz bitki olmaz
Torpaq əkinçinin zəhməti ilə zinətlənər
Torpağa var versən, o da sənə bar verər
Sular hərəkətlidir, torpaq bərəkətli
Torpağı ovuclayan qızıl ovuclar
Torpağın üzü soyuq olar
Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör
Torpaqla oynayan ac qalmaz
Torpaqdan pay olmaz

İcra olunan ayin və mərasimlər, eləcə də torpaq çərşənbəsi ilə əlaqəli yaddaşlarda qorunan ­inanc ­sınama örnəkləri ulu əcdadın erkən təsəvvürlərinin məhsulu kimi dəyərlidir. Bu örnəklər torpağın xalqın həyatındakı vacibliyini, əhəmiyyətini bədii və poetik şəkildə təsdiqləyir. Necə ki, babalarımız haqlı olaraq demişdilər: “Torpaqdan pay olmaz!”. Biz də bu ulu vəsiyyətə sadiq qalaraq 30 il işğal altında olan torpaqlarımızı mənfur düşmənlərdən geri aldıq!
Bəli, uzun illərdir ki, düşmən tapdağında olan müqəddəs torpaqlarımız, nəhayət ki, Ali Baş Komandanımızın uğurlu siyasətinin, ordumuzun yenilməz gücünün və xalqımızın əbədi, tükənməz birliyinin sayəsində azad olundu. Biz bundan sonrakı, nəinki ilaxır çərşənbələri, hətta bütün milli və dini bayramlarımızı həmin müqəddəs torpaqlarımızda da qeyd edəcək, o torpaqlarımızın paklaşması, yenidən öz ruhuna qayıtması üçün çalışacağıq. Biz ürəyimizin o torpaqlarımızdan ötrü qübar etdiyi həmin 30 ildə hər zaman arzulamışıq: “Gün o gün olsun ki, müqəddəs torpaqlarımıza şərəflə geri dönək!”. Bəli, gün o gündür! Gün o gündür ki, biz uğurlu siyasət və yenilməz ordunun sayəsində o torpaqlara geri dönməkdəyik! İndi o müqəddəs məkanların çiçəklənən vaxtıdır! Qəhrəman xalqımız builki torpaq çərşənbəsini öz ata-baba torpaqlarına sahib çıxmağın – Böyük Qələbənin sevincini yaşayaraq, torpaq uğrunda canlarından keçən igid, cəsur Vətən oğullarının müqəddəs ruhunu dərin hörmət və ehtiramla yad etməklə qeyd edir! Torpaqlarımızın bol ruzili-bərəkətli olması diləyi ilə.

Aytən Cəfərova
filologiya üzrə fəlsəfə doktoru

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR