Bu gün müasir dünyada məlumatların elektron müstəviyə inteqrasiyası sürətlə təşkil olunur və nəticədə, bu məlumatların əlçatanlığı və dəqiqliyi təmin edilir. Muxtar respublikamızda da son illər geniş vüsət alan bu proses, əmək münasibətlərinin təşkili diqqət mərkəzində saxlanılır. Elektron rəsmiləşdirilmə növü işəgötürənlə işçinin əmək münasibətinin şəffaflığına, həmçinin qeyri-formal məşğulluğun qarşısının alınmasına daha operativ nəzarəti təmin edir. Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununa əsasən əmək qanunvericiliyinə köklü dəyişiklik edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinə “əmək müqaviləsi bildirişi” anlayışı daxil edilib.
Bəs “əmək müqaviləsi bildirişi” nədir? Əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir. Dəyişiklikdən əvvəl işəgötürənlə işçi arasında bağlanılmış əmək müqaviləsi kağız üzərində rəsmiləşdirilirdisə, indi artıq müvafiq əmək müqaviləsi “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nə daxil edildikdən sonra hüquqi qüvvəyə minir.
Əmək münasibətinin elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsinin başlıca üstünlüyü işçinin qeyri-formal məşğulluğa cəlb olunmasının qarşısının alınmasına operativ nəzarəti təmin etməkdirsə, digər tərəfdən işçi ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsindən ibarətdir. Belə ki, əvvəllər əmək müqaviləsi kağız üzərində rəsmiləşdirilərkən rast gəlinən minimum əməkhaqqından az əməkhaqqının ödənilməsi, iş saatlarının və məzuniyyət müddətlərinin düzgün qeyd olunmaması, əmək müqavilələrinə əsassız xitam verilməsi halları elektron informasiya sisteminin tətbiqindən sonra minimuma enib. Həmçinin əvvəllər rast gəlinən işəgötürənlə bağlanılmış əmək müqaviləsinin nüsxəsinin işçiyə təqdim edilməməsi, yaxud da itirilməsi əmək mübahisələrində işçinin əmək hüququnu tam şəkildə müdafiə edə bilməməsinə səbəb olurdusa, artıq işçi elektron informasiya sistemində müvafiq əmək müqaviləsi bildirişlərini asanlıqla əldə edə bilir. Elektron sistem əmək münasibətləri üzrə işəgötürənlərin də işini xeyli asanlaşdırıb. Belə ki, sistem vasitəsilə işçilərin reyestrinin aparılması və nəzarəti daha da təkmilləşdirilib ki, xüsusilə işçi sayı çox olan iri müəssisələr bundan faydalanırlar.
Əmək münasibətlərinin elektron informasiya sistemi vasitəsilə tətbiqinə başlanıldıqdan sonra bu sahədə neqativ halların qarşısının alınmasına yönələn tədbirlər daha da sərtləşdirilərək qanunvericiliyə olunmuş ciddi dəyişikliklərlə işəgötürənlərə əlavə məsuliyyətlər müəyyən edilib. Belə ki, artıq işçilərin qeyri-formal məşğulluğa cəlb olunması inzibati məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də yaradır. Bununla bağlı Cinayət Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən on nəfər və ondan çox işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə işəgötürən yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Məhz belə faktların aşkarlanması baxımından əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, muxtar respublikada tətbiqinə 2018-ci ildən başlanılan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən işəgötürənlər bu gün geniş şəkildə istifadə edir. Sistemin tətbiqi ilə bağlı mütəmadi olaraq dövlət və qeyri-dövlət müəssisələrinin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir, həmçinin onlara metodik köməkliklər göstərilir. Eyni zamanda əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilərkən yaranmış suallar 255 qaynar xətt vasitəsilə operativ cavablandırılır. Sistemdən istifadəyə dair hazırkı statistikaya əsasən muxtar respublika üzrə 37535-i dövlət, 11838-i isə özəl müəssisələrdən olmaqla, ümumilikdə, 49373 işçinin əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilib. Əldə edilən bu nəticələrlə yanaşı, işçilərlə əmək münasibətlərinin elektron informasiya vasitəsilə rəsmiləşdirilməsinə dövlət nəzarətini həyata keçirmək məqsədilə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən monitorinqlərin təşkili də davam etdirilir.
Sonda onu da əlavə edək ki, işəgötürənlərin və işçilərin sözügedən sistemdən istifadəsini asanlaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (sosial.nmr.az) maarifləndirici videoçarx yerləşdirilib. Bununla yanaşı, sistemin fəaliyyətinə dair maarifləndirici məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır.
Elnar HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi