Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi pensiyaçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirlər həyata keçirir, onların rahatlığının təmin olunması istiqamətində işləri davam etdirir. Şöbə tərəfindən yeni tikilib istifadəyə verilən, müasir standartlara uyğun Kəngərli Rayon Rabitə Evinin iclas zalında növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə fondun Kəngərli rayon şöbəsinin müdiri Aqşin Əliyev çıxış edərək vurğulayıb ki, rayonda pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün hər cür şərait yaradılıb. Nəticədə, ucqar dağ və sərhəd kəndlərində belə, yaşayan pensiyaçılar pensiyalarını yerli poçt bölmələrindən rahat şəkildə əldə edirlər. Görülən tədbirlər nəticəsində hazırda rayonda 79 pensiyaçı əmək pensiyalarını əlavə vaxt və vəsait sərf etmədən poçt bölmələri vasitəsilə əldə edir.
Həmçinin bildirilib ki, pensiyaçılar bundan sonra da istədikləri halda ərizə ilə müraciət edərək pensiyalarını poçt bölmələrindən rahat şəkildə ala bilərlər. Şöbə bundan sonra da pensiyaçıların rahatlığını təmin etmək üçün müvafiq tədbirləri həyata keçirəcək, bu sahədə maarifləndirmə işlərini davam etdirəcəkdir.
“Naxçıvanpoçt” publik hüquqi şəxsin Kəngərli rayon filialının rəisi Elnur Ağayev çıxışında vurğulayıb ki, muxtar respublikanın bütün rayonları kimi, Kəngərli rayonu da abadlaşır, yeni yollar çəkilir, məktəb binaları, kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilir. Rayondakı belə yeni xidmət obyektlərindən olan Rabitə Evində də müasir iş şəraiti yaradılıb. Burada fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsin Kəngərli rayon filialında poçt xidmətlərinin nümunəvi təşkili təmin olunub. Rayonda əhaliyə xidmət edən poçt bölmələri müvafiq xidmətlərlə yanaşı, pensiya ödənişini də həyata keçirir. Bunun nəticəsində isə pensiyaçıların işi xeyli asanlaşıb.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi