22 Dekabr 2024, Bazar

Həyatı çətinliyə salan qışın obrazı, heç şübhəsiz ki, ulu babalarımızın təsəvvüründə qara cizgilərlə canlanırdı. Elə buna görə də, dilimizdə “Qara qış” deyimi təbiətin sərt iqliminin məzmun daşıyıcısı kimi ortaya çıxıb. Amma buna baxmayaraq, qarın insanlar üçün müsbət xüsusiyyətli olması “Qar olmasa, bar olmaz”, “Qar ili, var ili” kimi atalar sözlərində də əks edilib. 

Qədim türklər arasında qeyd olunan bayramlar, mərasimlər daha çox qış və yazla bağlı olmaqla, ilin müəyyən olunmuş günlərində qeyd edilirdi. Günümüzə qədər yaşayan bu bayramlar, adətən, payızda işlərin yekunlaşması, qışda isə mal-heyvana qulluqla bağlı olub. Belə bayramlardan biri də çillə mərasimidir. Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq “Çillə” adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar-20 fevral), Ala çillə və ya Ala çolpav (Boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. Çillə bayramı, Çillə gecəsi payız fəslinin sonu, qış girən günü, yəni dekabr ayının 20-si gecəsi qeyd edilir. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. 

Mərhum tədqiqatçı, jurnalist Zaleh Novruzovun “Etnoqrafik yaddaşımızdan” adlı kitabında qeyd olunur ki, xalq təqviminə uyğun olaraq Böyük çillənin birinci ongünlüyü (dekabr ayı) “qarı qatıldı küfləyə”, yanvar ayının əvvəli isə “qarı boğan” adlanır. Bundan əlavə, xalq təqvimində Böyük çillənin sonlarına “qurdun insana yerikləyən dövrü” də deyilir. Bu da onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir. Qışın bərk şaxtalı günlərinə həm də “Qışın qulun (atın balası) salması” dövrü deyilir.
Çillə bayramını xalqımız xüsusi qeyd edir, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görürlər. Bəzi bölgələrdə Çillə bayramı adı ilə tanınan həmin gün həyətdə tonqallar yandırılır, odun üstündən tullanılır, tonqal ətrafında rəqs edilir, əyləncəli oyunlar, tamaşalar göstərilir. Böyük çillənin şərəfinə hər evdə açılmış süfrəyə bədənə istilik gətirən dadlı-ləzzətli yeməklər qoyulur. Böyük çillə süfrəsinin ən sayılıb-seçiləni çillə qarpızıdır. Bayram günü, demək olar ki, bütün evlərdə “çillə qarpızı” kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində “çillə qarpızı” olsun. Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunardı. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar. Çilləyə saxlanılması nəzərdə tutulan qarpızın ən yaxşısı tam yetişməmiş və saplaqlı olanı idi. “Çillə qarpızı” xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayırdılar. Çillə qarpızını adətən evin böyüyü kəsərdi. Onun tumları isə yığılıb saxlanılardı. İnanca görə, çillə qarpızının tumlarının atılması günahdır, onda növbəti il bol məhsul olmaz. Qarpız saxlamağa imkanı olmayan ailələr bazardan da olsa boranı, qarpız alıb bayramı qeyd edərlər. İnama görə, qışda ağ boranı bişirdikdə və ya qarpız kəsdikdə o il qış daha mülayim keçər və ruzili olar.
Çillə gecəsində nişanlı qızlara oğlan evindən hədiyyə göndərilməsi Naxçıvan bölgəsində adətdir. Qız evinə müxtəlif meyvələr, hədiyyə, şirniyyat ilə bərabər, çillənin rəmzi hesab olunan qarpız da göndərilir. “Çilləlik” adlanan belə hədiyyələr xüsusi qablara qoyulur, üstü ağ və ya qırmızı şal ilə örtülür. Çilləlik hava qaralmadan hazırlanıb göndərilir. Etnoqrafların yazdığına görə, qızın və ya gəlinin ana-atası hədiyyə gətirənləri üzərlik yandıraraq qarşılayar, hədiyyələri gətirənlərə şirinlik verərdilər.
Asəf Orucov və Elxan Yurdoğlunun “Naxçıvanda bayram və mərasimlər” kitabında qeyd olunur ki, çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti mövcuddur. Niyyət zamanı qarpızın baş tərəfini kəsib, dörd yerə ayırıb atırlar. Əgər ikisi eyni rəngdə ağ və ya göy olarsa, niyyət qəbul edilmiş olur. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsini dörd yerə bölüb niyyət tutub atılması adəti ehtimal edilir ki, dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır. Bundan başqa, qarpız kəsib yeddi evə pay göndərilirdi. Çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə, qatıq yeyərdilər. Həmin gecə süfrəyə “Q” hərfi ilə başlanan nemətlər, məsələn, qarpız, qovun, qatıq, qovurqa, qaysafa, qovurma, qovut və sair qoyma adəti də mövcuddur.
Artıq çillə sərt üzünü göstərməyə başlayıb. Soyuğu, çəni, dumanı ilə. Ancaq el arasında deyildiyi kimi, hər qışın bir baharı var. Baharı yenidən görmək ümidilə...

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR