Muxtar respublikamızda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə mütəmadi olaraq bu kateqoriyadan olan uşaqların zehni inkişafına, dünyagörüşünün artmasına zəmin yaradan intellektual oyunlar təşkil edilir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu istiqamətdə növbəti tədbir təşkil edilib. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək 21 uşağın iştirakı ilə intellektual və kinekt oyunlar üzrə yarış keçirilib. Yarışda üç qrupa bölünən sağlamlıq imkanları məhdud uşaqlar üç mərhələdə yarışıblar. İki mərhələdə yarış iştirakçıları kompüter vasitəsilə “çətin basketbol” və “almaz məntiqi” oyunları, üçüncü mərhələdə isə “dağ silsiləsi” kinekt oyunu üzrə qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.
Hər mərhələnin qalibinə mükafat, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti