27 Aprel 2024, Şənbə

Dünən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” layihəsi çərçivəsində “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunub. Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək bildirib ki, gənclərin mütəmadi olaraq muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, muzeylərə, tarixi yerlərə ekskursiyaları təşkil edilir. Ekskursiyanın təşkil olunmasında məqsəd Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrinə qəbul olmuş əcnəbi tələbələri muxtar respublikanın turizm məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etməkdən ibarətdir.

Kompleksin bələdçisi məlumat verib ki, Naxçıvanda yerləşən Əshabi-Kəhf mağarası təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də Əshabi-Kəhfin adı çəkilir. Əshabi-Kəhf dağın və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer – Əshabi-Kəhf mağarası dağlar arasında yerləşir. “Əshab” yeniyetmə cavan oğlanlar, “kəhf” isə mağara, sığınacaq yeri deməkdir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsir. İlin hansı dövründə olursa-olsun, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə Əshabi-Kəhfdə iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 kilometr məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində qonaq evi, bələdçi otağı və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır.
Ekskursiya Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR