Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə xidmətin rəisi Müslüm Cabbarzadə açaraq qeyd edib ki, torpaqların şoranlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aid qurumlarla razılaşdırılmaqla müvafiq komissiya yaradılıb. Komissiya tərəfindən iki ay müddətində muxtar respublika ərazisində monitorinqlər aparılıb, müxtəlif amillərin təsiri ilə deqradasiyaya məruz qalmış torpaq sahələri müəyyənləşdirilib.
Deqradasiyaya məruz qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin münbitliyinin artırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planında xidmətin qarşısına deqradasiyaya məruz qalmış torpaq sahələrinin uçotu və xəritələşdirilməsi, torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının yenilənməsi, əkin atlaslarına uyğun ixtisaslaşmanın təşviqi, torpaqlardan səmərəli istifadəyə dair maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı konkret vəzifələr qoyulduğu qeyd edilib.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə
Dövlət Xidmətinin mətbuat xidməti