Cəmiyyət inkişaf edib, insanların rahat həyat və fəaliyyəti təmin olunduqca bir sıra mühüm iqtisadi münasibətlər də özünün yeni təkmilləşmə mərhələsinə qədəm qoyur. İnkişafa doğru atılan hər addım insan həyatının rahat və təhlükəsiz keçməsi üçün zəruri olan məsələlərin tam və zamanında həll olunmasına xidmət edir. Əgər bu günün işini sabaha qoymamaq inkişafın mühüm bir tezisidirsə, sabahın risklərini də bu gündən zəmanət altına almaq insanın həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin olunmasına xidmət edən mühüm bir çağırışdır. Bu cəhətdən sığorta fəaliyyətinin insanların sosial müdafiəsindəki rolu şəksizdir. Muxtar respublikamızda həyatın bütün sahələrində olduğu kimi, sığorta işinin də təkmilləşdirilməsi istiqamətində görülən bütün məqsədyönlü tədbirlərin müsbət sosial səmərəsi bu gün bunları deməyə əsas verir.
Şübhəsiz, sığortanı təkcə iqtisadi fəaliyyətlə əlaqələndirmək, onu bu sahənin bir tənzimləyici vasitəsi kimi təqdim etmək düzgün olmazdı. Müasir dünyada sığorta münasibətləri təkcə iqtisadi fəaliyyət sferasında deyil, eyni zamanda insan həyatının və fəaliyyətinin bütün sahələrində tətbiq edilir. Çünki cəmiyyət inkişaf edir və gəlinən nəticə artıq odur ki, insanları təkcə işgüzar fəaliyyət zamanı deyil, eyni zamanda həyatın bütün dövrlərində rast gəlinə bilən arzuedilməz hadisələrdən də sığortalanmaq maraqlandırır. Belə ki, hər gün hər yerdə baş verə bilən müxtəlif təbii hadisələrlə bərabər, cəmiyyətin də sürətli inkişafı ilə əlaqədar müxtəlif yerlərdə – evdə, işdə, yolda rast gəlinən riskli hadisələr nəticəsində insanlara maddi zərərlər dəyir, onlar xəsarət alır, sağlamlıqlarını itirirlər. Bunların əvəzinin ödənilməsi və zərərə uğramış vətəndaşlara maddi dəstəyin göstərilməsi baxımından sığortanın oynadığı rol əvəzsizdir. İndi vətəndaşlar ola biləcək bu riskləri vaxtında sığortalamaqla onlara dəyə biləcək zərərlərin özləri tərəfindən deyil, sığorta agentliyi tərəfindən ödənilməsinə maraqlıdırlar.
Ölkəmizdə və muxtar respublikamızda iqtisadi və sosial həyatın müxtəlif sahələrində əldə olunmuş dinamik inkişaf öz nəticəsini sığorta sahəsində də işlərin genişləndirilməsində göstərir. Sığorta fəaliyyətinin günün tələbləri səviyyəsində yenidən təşkil olunması, sığortanın dünyanın bir çox yerlərində tətbiq olunan forma və növlərinin genişləndirilməsi bugünkü real həyatın zəruri şərtlərindəndir. Məhz buna görə də iki il bundan əvvəl – 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə muxtar respublikada sığortanın inkişafının mövcud vəziyyəti ətraflı müzakirə olunmuş, sığortanın bütün növlərinin inkişafının təmin edilməsi, hüquqi və fiziki şəxslərin xidmətin bu növündən faydalanması üçün geniş izahat-təbliğat işinin aparılması, aidiyyəti orqanlar tərəfindən qanunamüvafiq tədbirlər görülməsi barədə mühüm və zəruri tapşırıqlar verilmişdir. Həmin müşavirədən sonra muxtar respublikada sığortanın bütün növlərinin inkişafı üçün yeni mərhələ başlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında sığorta fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilmişdir. Muxtar respublikada daşınmaz əmlakın, avtomobil nəqliyyatı sahiblərinin mülki məsuliyyətinin, habelə istehsalatda baş verən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta tədbirləri üzrə xeyli işlər görülmüşdür. Bunlardan başqa, muxtar respublikamızda əhalinin könüllü sığortanın müxtəlif növləri – fərdi qəza, əmlakın yanğın və digər risklərdən sığortalanması, avtonəqliyyat vasitələrinin tam sığortası və digər mühüm könüllü sığorta növləri əhali arasında geniş təbliğ olunmuş, tədbirlər həyata keçirilmişdir.
Bu müddət ərzində avtomobil nəqliyyatı sahiblərinin mülki məsuliyyətinin sığortalanması məqsədilə Dövlət Yol Polisi ilə birgə tədbirlər həyata keçirilmiş və müntəzəm reydlər aparılmışdır. Daşınmaz əmlakın icbari sığortasının aparılması üçün yerli icra hakimiyyətləri və Fövqəladə Hallar Nazirliyi ilə birlikdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Görülmüş işlərin nəticəsi olaraq, muxtar respublikamızda daşınmaz əmlakın (yaşayış evi və mənzillərin) icbari sığortaya cəlb edilməsi xeyli artırılmışdır. Hazırda muxtar respublikada hərəkətdə olan əksər nəqliyyat vasitələrinin sahibləri avtonəqliyyat vasitəsinin sahibi kimi mülki məsuliyyətini icbari sığorta etdirməklə öz risklərini zəmanət altına almışlar. Eynilə muxtar respublikada sənayedə, nəqliyyatda, kənd təsərrüfatında, dövlət, qeyri-dövlət müəssisələrində, sahibkarlıq obyektlərində çalışan işçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmuşlar.
Sığorta fəaliyyətinin genişləndirilməsinin nəticəsidir ki, sığorta müqavilələrinin sayında artım müşahidə olunmaqdadır. Əhalinin bu sahədə maariflənməsi və sığorta agentliklərinin apardığı işlərin nəticəsi olaraq, hər il daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalar üzrə artım müşahidə olunmuşdur. Belə ki, 2011-ci illə müqayisədə muxtar respublikada sığorta haqlarının toplanması 2,5 dəfə artmışdır.
Görülən işlərin nəticəsi kimi, sığorta fəaliyyətinin sosial səmərəsi də hər keçən dövr ərzində daha qabarıq görünməkdədir. Bu müddət ərzində vətəndaşların əmlakına, həyatına və sağlamlığına dəymiş zərərlərə görə verilən sığorta ödənişləri təqribən 2,2 dəfə artmışdır.
Bütün bunlar muxtar respublikada sığorta fəaliyyətinin genişləndirilməsinə göstərilən dövlət qayğısının nəticəsində mümkün olmuşdur. Muxtar respublikada Dövlət Baş Sığorta Agentliyi üçün yeni bina inşa olunmuş, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə və rayon, şəhər dövlət sığorta agentliklərinə yeddi ədəd xidməti avtomobil verilmiş, bütün işçilər kompüterlərlə təmin olunmuşlar. Əhali ilə aparılan işin səmərəsini artırmaq, sığorta müqavilələri bağlamaq üçün müraciət edən vətəndaşlara operativ xidmətlər göstərilməsi üçün müasir iş şəraiti yaradılmışdır. Bütün bunlar muxtar respublikamızda sığorta fəaliyyətinin daha da genişləndirilməsi və əhaliyə göstərilən sığorta xidmətlərinin növünün və keyfiyyətinin artırılmasına öz müsbət təsirini göstərməkdədir.
Əli CABBAROV