Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara olan diqqətinin göstəricisi olmaqla yanaşı, həm də onların cəmiyyətə inteqrasiyasına təkan verən amildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.
Muxtar respublikamızda da sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası ilə bağlı tədbirlərin əhatə dairəsi genişlənməkdə davam edir. Həyata keçirilən tədbirlər bu kateqoriyanın nümayəndələrinin sosiallaşmasına, sağlam həyat tərzinə, təhsilə maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradır. Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlbi onların cəmiyyətə inteqrasiyasının ilkin mərhələlərindən biri hesab olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın da məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Proqramda nəzərdə tutulmuş tədbirlərin icrası iyul-sentyabr aylarında diqqət mərkəzində olmuş və məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barədə yaradılmış məlumat bazasının yenilənməsi davam etdirilmişdir. Hazırda muxtar respublikada bu yaş kateqoriyasına aid 272 sağlamlıq imkanları məhdud uşaq vardır. Həmin uşaqların hər biri dövlət qayğısı ilə əhatə olunmuşdur ki, bu da onların həyatında və inkişafında mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”.
Sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi onların sosial, estetik inkişafına, zəruri həyati bacarıqlara, milli və ümumbəşəri dəyərlərə yiyələnmələrinə şərait yaradır. Dövlət proqramında bu məqsədlə nəzərdə tutulan tədbirin icrası üçüncü rübdə həyata keçirilmiş, əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə 26 sağlamlıq imkanları məhdud uşaq cəlb olunmuşdur. Hazırda məktəbəqədər təhsil müəssisələrində bu kateqoriyadan olan 68 uşaq qeydiyyatdadır.
Bu sosial kateqoriyadan olan uşaqların həmyaşıdları ilə birlikdə təhsilə cəlb edilməsi onların cəmiyyətə inteqrasiyasına nail olmağın başlıca şərtlərindəndir. Üçüncü rübdə 31 sağlamlıq imkanları məhdud uşaq mövcud potensialları nəzərə alınaraq ümumtəhsil müəssisələrinə cəlb edilmişdir. Ümumilikdə, muxtar respublikada 1062 sağlamlıq imkanları məhdud uşaq ümumtəhsil məktəblərinin müvafiq siniflərində təhsilini davam etdirir.
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar təhsilə cəlb edilərkən əqli və fiziki imkanlarının müxtəlifliyi, xüsusilə nəzərə alınır. Belə ki, muxtar respublikada eşitmə və hərəkət qabiliyyəti məhdud uşaqlar üçün distant dərslər təşkil olunur, görmə qabiliyyəti məhdud uşaqlar xüsusi ibtidai məktəbə cəlb edilir. Dövlət proqramında da bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. Üçüncü rübdə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə 4 uşaq cəlb olunmuşdur. Hazırda məktəbdə 10 sağlamlıq imkanları məhdud uşaq təhsil alır. Proqramın icrasına uyğun olaraq əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 12, eləcə də eşitmə qabiliyyəti məhdud 7 sağlamlıq imkanları məhdud uşaqla tədris prosesi davam etdirilir.
Muxtar respublikada bu sosial kateqoriyadan olan şəxslərin təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından kənarda qalmaması üçün görülən işlər davamlı xarakter almışdır. Bu baxımdan ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi mühüm önəm kəsb edir. Üçüncü rübdə Dövlət proqramının icrası istiqamətində 5 sağlamlıq imkanı məhdud uşaq peşə təhsilinə cəlb edilmişdir.
Bütün bunlarla yanaşı, iyul-sentyabr aylarında sağlamlıq imkanları məhdud 4 uşaq bacarıq və maraqları nəzərə alınaraq məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərinə cəlb olunmuşdur. Hazırda bu müəssisələrdə 115 sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır.
Sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması Dövlət proqramının əsas istiqamətlərindən birini təşkil edir. Bu kateqoriyadan olan uşaqların müasir dövrün texnoloji imkanlarından istifadə etməsi ilə bağlı görülən işlər onların həmyaşıdlarından geri qalmamasına və inteqrasiya imkanlarının çoxalmasına gətirib çıxarır. Üçüncü rübdə bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil edilmiş onlayn məşğələlərə 33 uşaq cəlb edilmişdir.
Proqramın əhatə dairəsinə daxil olan uşaqlarla təhsilin təşkilində maddi və digər tələbatların ödənilməsi stimullaşdırıcı əhəmiyyət daşıyır. Bu məqsədlə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların dövlət qayğısı ilə əhatə olunmasının əsas göstəricilərindəndir. Üçüncü rübdə Dövlət proqramının icrasına uyğun olaraq tədrisə cəlb edilmiş 290 sağlamlıq imkanları məhdud uşaq məktəbli geyimi və dərs ləvazimatları ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud uşaqların sosial adaptasiya işində bədən tərbiyəsi və idmanın rolu böyük əhəmiyyət daşıyır. İntellekt, nitq, eşitmə, görmə, hərəkət və ünsiyyət çatışmazlığı olan bu kateqoriyalı uşaqlarda istifadə edilən idman çalışmaları əqli və fiziki pozulmaların qarşısının alınmasında, uşaqların ümumi inkişafında əsaslı rol oynayır. Bütün bunlar nəzərə alınaraq sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikada fəaliyyət göstərən idman məktəblərinə cəlb edilməsi prosesi davam etdirilir. Üçüncü rübdə muxtar respublikada sağlamlıq imkanları məhdud 7 uşaq idman məktəblərinə cəlb olunmuşdur. Eyni zamanda istedadlarının aşkara çıxarılması məqsədilə iyulun 8-də sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis, avqustun 6-da dart idman növü üzrə muxtar respublika birincilikləri keçirilmişdir. Üçüncü rübdə bu sosial kateqoriyanın nümayəndələri arasında “Vətəni tanı” və “Xəmsə” intellektual oyunları təşkil olunmuşdur. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın müxtəlif sahələri üzrə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyası 5 idman tədbiri keçirmişdir.
İdrak fəaliyyəti, nitq, davranış və şəxsiyyət problemlərinin aradan qaldırılmasında sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili müstəsna əhəmiyyət daşıyır. Üçüncü rübdə uşaqların intellektual və mənəvi inkişafı, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakının təmin edilməsinə yönələn tədbirlər davam etdirilmişdir. Avqustun 17-də Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində rəsm və əl işlərindən ibarət sərgi təşkil olunmuş, sentyabrın 2-də uşaqların Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dulusçuluq və qum sənəti dərnəklərində onlayn iştirakı təmin edilmişdir. Sentyabr ayında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Gözəlləşən diyarım Naxçıvan” mövzusunda bilik, “Biz sülh istəyirik” adlı rəsm, “Azərbaycan Vətənimdir” başlıqlı şeir müsabiqələri keçirilmişdir.
Dövlət proqramında nəzərdə tutulan maarifləndirmə xarakterli tədbirlərin gerçəkləşdirilməsi cəmiyyətin diqqətini bu sosial kateqoriyanın nümayəndələrinə cəlb etməklə onların hərtərəfli qayğı ilə əhatə olunmasında əvəzolunmaz rol oynayır. Kütləvi informasiya vasitələrində maarifləndirici məlumatların verilməsi sağlamlıq imkanları məhdud uşaqlara xüsusi həssaslıqla yanaşılmasını təmin edir. İyul-sentyabr aylarında sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası tədbirləri ilə bağlı Naxçıvan Dövlət Televiziyasında 4 veriliş, 15 süjet efirə təqdim olunmuş, Naxçıvan Dövlət Radiosunda 4 veriliş hazırlanmış, “Şərq qapısı” qəzetində 9, rayon (şəhər) qəzetlərində 22 məqalə dərc edilmişdir.
“Şərq qapısı”