Şahbuz rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələbləri” mövzusunda seminar-müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev açıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərov çıxış edərək “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması münasibətlərini tənzimləyən qanunvericilik” mövzusunda danışıb.
Nazirliyin Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərimov çıxışında bildirib ki, qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə ciddi əməl olunması, əhaliyə bu sahədə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsinin təmin edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.
Sonda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev yekun vurub.
Xəbərlər şöbəsi