Naxçıvan Dövlət Universitetində “Stomatologiyada müasir innovasiyalar” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, ali təhsil müəssisəsində 2012-2013-cü ildən tədrisi aparılan Stomatologiya ixtisasında 300 tələbə təhsil alır. Onlardan 199-u xarici ölkə vətəndaşıdır. Bu günədək ixtisas üzrə fakültənin 88 məzunu olub ki, onlardan da 18-i xarici ölkə vətəndaşıdır. Bildirilib ki, fakültənin əsas binasında yaradılan müasirtipli stomatoloji simulyasiya kabinəsi 13 diş simulyatoru-fantom ilə təchiz edilib. Tədrisin yüksək səviyyədə təşkili, müəyyən vərdişlərə yiyələnmək məqsədilə əsas praktik dərslər bu kabinədə keçirilir. Diş texniki kabinəsində tələbələr müxtəlif diş maketləri, protezlər üzərində işlər aparmaq imkanı əldə edirlər.
Rektor onu da vurğulayıb ki, universitet xəstəxanasında hazırda normal, pediatrik və implantoloji olmaqla, 3 stomatoloji kabinə fəaliyyət göstərir. Yaxın zamanlarda 2 yeni diş kabinəsinin istifadəyə verilməsi planlaşdırılır.
Konfransın moderatorları Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, dosent Cabbar Həsənov, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov tədbirin əhəmiyyəti haqqında məlumat veriblər.
Azərbaycan Tibb Universiteti Ortopoedik stomatologiya kafedrasının həkim-mütəxəssisi Elçin Abbasov, Van Yüzüncü Yıl Universitetinin dosenti Esin Özlək, Kahramanmaraş Sütçü İmam Universiteti Ağız-diş və çənə cərrahiyyəsi kafedrasının həkim-mütəxəssisi Eldar Nəcəfov, Ukrayna Stomatoloqlar Assosiasiyasının prezidenti, professor İrina Mazur, Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri Cabbar Həsənov, Naxçıvan Dövlət Universiteti Stomatologiya kafedrasının müdiri, həkim Rauf Cəfərov və həmin kafedranın müəllimi Zaur Hüseynov müxtəlif mövzularda çıxış ediblər.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.
Səadət Əliyeva