Bu istiqamətdə həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilmiş ay ərzində, ümumilikdə, məhsul nümunələrinin 347 halda, o cümlədən qida məhsullarının 337 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması prioritet vəzifə kimi diqqətdə saxlanılır. Bu məqsədlə hesabat ayı ərzində 29 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə, ümumilikdə, 140 halda texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu yoxlanılmış və nöqsan aşkar olunmamışdır.
Yüksəkkeyfiyyətli bal və digər arıçılıq məhsulları gəlirliliyinə və faydalılığına görə aqrar sahədə mühüm yer tutur. Naxçıvanda bu sahənin davamlı inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində bal məhsullarının 17 halda laboratoriya analizləri aparılmış, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Ailə təsərrüfatı modelinin dəstəklənməsi işi muxtar respublikada davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində oktyabr ayı ərzində, ümumilikdə, 3 ailə təsərrüfatına istehsal etdikləri məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməkliklər göstərilmişdir. Ötən ay Şahbuz, Babək, Ordubad, Culfa, Şərur, Kəngərli və Sədərək rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə yerlərdə meyvəçilik, bostançılıq və tərəvəzçiliklə məşğul olan ailə təsərrüfatları ilə görüşlər keçirilmiş, qurudulmuş və qablaşdırılmış məhsul istehsalının təşkili, onların düzgün etiketlənməsi istiqamətində maarifləndirici söhbətlər aparılmış, qurudulmuş meyvə və tərəvəz məhsullarından 42, ümumi məhsullardan 241 halda nümunələr götürülərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların və standartın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
İstehlakçıların ailə təsərrüfatı məhsulları haqqında rahat məlumat əldə edə bilməsi və ailə təsərrüfatı məhsullarının aktiv satışının təşviqi məqsədilə hazırlanmış “Kənddən al” mobil tətbiqinin məlumat bazasının aktuallaşdırılması istiqamətində birgə fəaliyyət davam etdirilmiş, yeni məlumatların yerləşdirilməsi üçün 6 ailə təsərrüfatının istehsal etdiyi məhsullar haqqında məlumatlar “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinə təqdim olunmuşdur.
Oktyabr ayında ev şəraitində araq istehsalı ilə məşğul olan 1 ailə təsərrüfatında minifiltr qurğusunun quraşdırılması təmin edilmiş və müvafiq ailə təsərrüfatlarının sayı 34-ə çatmışdır. Ailə təsərrüfatları nümayəndələri ilə keçirilmiş görüşlərdə minifiltr qurğuları haqqında məlumat verilmiş, bunlara ehtiyacı olan ailə təsərrüfatlarının qeydiyyatı aparılmış və köməklik göstərilməsi məqsədilə yeni avadanlıqların gətirilməsi üçün sifariş verilmişdir.
Alkoqollu içkilərin standartlara uyğunluğu ciddi nəzarətdə saxlanılır. Bu istiqamətdə oktyabr ayı ərzində alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 9 halda, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Xidmət sektoru əhalinin hər gün istifadə etdiyi və keyfiyyət standartlarına həssas olan obyektlərdən olduğu üçün 14 ət satışı mağazasına, 66 ictimai iaşə və xidmət sahəsinə, 234 ərzaq və qeyri-ərzaq mağazasına maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir. Həmçinin metroloji norma və qaydalara uyğun olaraq 1090 ölçmə vasitəsi yoxlanılmışdır.
Xarici bazarlara çıxış imkanlarının artırılması, xüsusilə diqqət mərkəzindədir. İstehlak bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi, ailə təsərrüfatları məhsullarının ixracına dəstək göstərilməsi istiqamətində təsərrüfat subyektləri ilə 20 halda informativ xidmət üzrə müqavilə bağlanaraq istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə beynəlxalq mühafizəsi üçün xidmətlər haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılmışdır. İxrac istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının yüksələn iqtisadi aktivliyi tərəfimizdən dəstəklənir. Belə ki, Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilir.
Hesabat ayında payız-qış mövsümünə hazırlıq da diqqətdə saxlanmışdır. 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasında keçirilmiş müşavirədə standartın tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz məişət cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısının alınması barədə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə hazırlanmış iş planına uyğun olaraq tədbirlər həyata keçirilmişdir. Belə ki, ümumilikdə, 2713 cihaza, o cümlədən 20 elektrik, 2693 qaz məişət cihazına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 20 elektrik və 55 qaz məişət cihazının idxalına icazə verilməmişdir.
Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti