Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Gənclərin vətənpərvərlik tərbiyəsində sosial könüllülərin rolu” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı bu istiqamətdə xeyli iş görməyə stimul olub. Hər il çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə fiziki imkanları məhdud şəxslər tərəfindən isti qış geyimlərinin hazırlanması təşkil edilir, sosial könüllülərin iştirakı ilə hərbi-vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində sosial könüllü tərəfindən verilmiş təklif əsasında hazırlanan və Birinci Qarabağ müharibəsinin iştirakçılarının keçdikləri döyüş yolundan bəhs edən “Canlı tarixlər” adlı videoçarx da gənclərə vətənpərvərlik hisslərinin aşılanması, bu istiqamətdə ictimai fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə, eləcə də muxtar respublikamızda gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Bu məqsədlə keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına yönəldilir.
Çıxış edənlərdən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və “Kanal 35” televiziyasının baş redaktoru Ramal Məmişov müharibə veteranlarının keçdikləri şanlı döyüş yolunun təbliğinin gənc nəslin gələcək inkişafında, onlarda hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsindəki əhəmiyyətindən danışıblar.
“Canlı tarixlər” videoçarxının ideya müəllifi Aytac Əliyevanın çıxışından sonra sözügedən videoçarx nümayiş etdirilib və müəllif mükafatlandırılıb.
Xəbərlər şöbəsi