22 Dekabr 2024, Bazar

Son illərdə muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən diqqət davamlı xarakter alıb. Belə ki, bu sahənin dövlət tərəfindən dəstəklənməsi, yeni emal və istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud obyektlərin isə fəaliyyətlərinin bərpa olunması və mütərəqqi təsərrüfat formalarının tətbiqi yeni iş yerlərinin yaradılmasına və bunun məntiqi nəticəsi kimi insanların məşğulluğuna müsbət təsirin göstərib.
Belə tədbirlər sırasında ailə təsərrüfatlarının yaradılması xüsusi qeyd olunmalıdır. O da vurğulanmalıdır ki, həmin təsərrüfatlara qayğı da unudulmayıb. Təsərrüfatların fəaliyyətində yaranan çətinliklərin aradan qaldırılması, onlara metodik köməkliklərin göstərilməsi, maliyyə dəstəyinin təmin edilməsi, ailə təsərrüfatlarının məhsullarının təbliği və satışı üçün məqsədyönlü tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb. Bunun ifadəsidir ki, 2017-ci il noyabr ayının 18-də ilk dəfə olaraq Naxçıvan şəhərindəki Naxçıvanqalada “Ailə təsərrüfatları məhsulları” festivalı keçirilib.

2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması belə təsərrüfatlara böyük önəm verilməsinin ifadəsi kimi dəyərləndirilir. Məlumat üçün onu da bildirək ki, bu gün muxtar respublikada müxtəlif profilli mindən artıq ailə təsərrüfatı mövcuddur.
Bu günlərdə Şərur rayonuna getməkdə məqsədimiz bu bölgədə yaradılmış ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanmaq idi. Qeyd edək ki, bu gün rayonda 100-dən artıq ailə təsərrüfatı var. Onlardan biri də 2018-ci ildə keçirilən “Ailə təsərrüfatları məhsulları” festivalında I yerin sahibi olmuş rayonun Çərçiboğan kənd sakini Muqbil Zamanovdur.
Onunla söhbət zamanı bildirdi ki, 2010-cu ildən bu işlə məşğuldur. 25 növdə araq, 2 adda çaxır istehsal edir. Bunun üçün müxtəlif ədəbiyyatlar oxuyur. Söhbətindən də hiss etdik ki, Muqbil bu sahədə mükəmməl biliyə malikdir. Öyrəndik ki, araq istehsalı üçün ayırdığı sahə kiçik olduğu üçün ona hərtərəfli şəraiti olan sex tikilməsi üçün 1500 kvadratmetr torpaq sahəsi verilib. Torpaq sahəsində 5000 ədəd qızılgül, bir qədər də qara qarağat və moruq əkib. Tikdirəcəyi istehsal sahəsinin layihəsi hazırlanıb. Burada xammalın istehsal üçün hazırlanması, qıcqırdılması, çəkilməsi, süzülməsi üçün otaqlar, anbar olacaq. İstehsal sahəsinə əlavə işçilər qəbul ediləcək ki, bu da əhalinin məşğulluğuna töhfəsini verəcək.
Onu da öyrəndik ki, ailə təsərrüfatında çox böyük müalicə əhəmiyyəti olan sarımsaqla limonun və bananın ekstraktı hazırlanır. Muqbil deyir ki, ailə təsərrüfatına belə qayğı gələcəkdə həmin təsərrüfatın böyüyəcəyinə və daha çox insanın daimi işlə təmin ediləcəyinə onda böyük inam yaradıb. Satış üçün heç bir çətinliyi olmayan Muqbil diqqətimizə çatdırdı ki, muxtar respublikamızda bitən hər bir meyvənin, giləmeyvənin və digər məhsulların arağını çəkmək mümkündür. Onların hər birindən müalicə məqsədilə istifadə çox xeyirlidir. Ancaq həmin araqların hazırlanma və çəkilmə üsulları var. Bunlara mütləq əməl olunmalıdır ki, bol məhsul əldə edilsin və istehsal olunan məhsul insan orqanizminə mənfi təsir göstərməsin.
Həmsöhbətim ailə təsərrüfatlarında yetişdirilən məhsulların satışında festival və yarmarkaların böyük əhəmiyyəti olduğunu diqqətə çatdırdı və minnətdarlığını bildirdi.

- Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR