22 Dekabr 2024, Bazar

Oktyabr ayında qəza və hadisələrin baş vеrməməsi üçün 14 оbyеktdə texniki təhlükəsizliyə əməl olunması yоxlanılmış, 6 müəssisədə aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni istismara veriləcək şaxtada aparılan işlərdə texniki təhlükəsizliyin vəziyyəti, habelə Sədərək gömrük-keçid məntəqəsində tikilən tuneldə elektrik və şəbəkə kabellərinin çəkilməsi, radiasiya aşkar edən portal monitorların quraşdırılması zamanı texniki və yanğın təhlükəsizliyi tələblərinin həyata keçirilməsi vaxtaşırı yoxlanılmışdır. 7 təhlükə potensiallı obyektdə texniki təhlükəsizlik tələblərinə əməl olunmasına, Naxçıvan şəhəri 49-cu məhəllədə inşa edilən yaşayış binalarında istismar edilən qülləli kranın və 14 sərnişin liftinin təhlükəsiz istismar edilməsinə nəzarət olunmuşdur. 4 müəssisədə 10 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı verilmiş, 10 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilərək dövlət nömrə nişanı və texniki pasportla təmin edilmiş, 42 texnoloji nəqliyyat vasitəsi 2020-ci il üçün texniki baxışdan keçirilmişdir. 8 təhlükə potensiallı obyektdə mühafizə işinin təşkili yoxlanılmış, 11 müəssisədə 213 nəfər işçinin iştirakı ilə maarifləndirmə işi aparılmışdır.
Fövqəladə hallarda fəaliyyəti zəruri olan 13 xəstəxanada, 10 rabitə, 26 energetika, 4 qaz təchizatı və 8 sənaye obyektində fövqəladə hallara hazırlığın vəziyyəti təkrar yoxlanılmış, 14 obyektdə aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür. 24 ümumtəhsil məktəbində mülki müdafiə üzrə sənədlər toplusunun icra vəziyyəti yoxlanılmış, 13 obyektdə mülki müdafiə sahəsində sənədlərin işlənilməsinə metodik köməklik göstərilmişdir.

Muxtar respublikada pandemiyaya qarşı dezinfeksiya tədbirləri davam etdirilərək şəhər və rayonlarda küçələr, prospektlər, döngələr və səkilər daxil olmaqla, ümumilikdə, 4 milyon 674 min kvadratmetr sahə, 207 müxtəlif təyinatlı obyektin ərazisi, 92 yaşayış binasının girişi və ətrafı, 30 yaşayış binasının zirzəmisi, uşaq əyləncə yerləri, 2 yeraltı dayanacaq, 2 yerüstü və 1 yeraltı keçid, 4 hərbi hissənin ərazisi, 2 hərbi şəhərcik, 13 mərasim evi, 12 məscid, 15 muzey və dini ziyarət yerləri, istirahət parkları, qəbiristanlıqlar, 16 inzibati ərazi dairəsi üzrə nümayəndəliyin həyəti, 17 ticarət və xidmət mərkəzinin ətrafı dezinfeksiya olunmuşdur. Dezinfeksiya tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 11 yanğın avtomobili, Dövlət Baytarlıq Xidmətinin 7 dezinfeksiya avtomobili və ümumilikdə, 85 nəfər şəxsi heyət cəlb olunmuşdur.
Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 103 obyektdə diqqətli, 198 obyektdə nəzəri, 6 obyektdə məqsədli yanğın-texniki müayinə aparılmış, pаyız-qış mövsümünə hazırlıqlа bağlı 772 qazanxanada texniki və yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunmasına nəzarət edilmişdir. Kənd yaşayış məntəqələrində 3904 yaşayış evinə baxış keçirilmiş, standarta uyğun olmayan 36 elektrik xətti, 133 şlanqla çəkilmiş qaz xətti dəyişdirilmiş, 6 suqızdırıcının və 119 tezqatlanan tüstü borusunun istismarı dayandırılmışdır.
Aid dövlət orqanları ilə birlikdə standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının istismarına yol verilməməsi üçün ticarət obyektlərinin sahibkarları ilə görüşlər keçirilmiş və onlara bildirişlər təqdim edilmişdir. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı sahibkarlıq subyektlərində izahat işləri aparılaraq 57 obyektlə icbari sığorta müqaviləsinin bağlanılmasına əməli köməklik göstərilmişdir.
Peşə məktəblərində 267 nəfərin qazanxana maşinisti peşə ixtisası kurslarına cəlb olunması üçün maarifləndirmə işi aparılmış, bu müdavimlərlə elektrik avadanlıqları, yanğın təhlükəsizliyinə nəzarət və əməyin mühafizəsi fənləri üzrə təyin olunmuş dərslərin keçilməsi təmin edilmişdir.
Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikintisi başa çatmış 4 obyektin istismara hazırlığı yoxlanılaraq istismara hazırlıq aktı verilmiş, mühəndis-geoloji, beton və sement laboratoriyasında yeni tikilən obyektlərin ərazisindən qrunt nümunələri götürülərək onların fiziki-mexaniki xüsusiyyətləri araşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR