Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda növbəti seminar Şərur rayonunda keçirilib.
Rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və qulluqçularının iştirakı ilə təşkil olunan seminarı giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sahib Qurbanov açıb. O, muxtar respublikanın digər rayonlarında olduğu kimi, Şərur rayonunda da bələdiyyələrin fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığını qeyd edib, bu sahəyə göstərilən dövlət qayğısı və bugünkü seminarın əhəmiyyəti barədə məlumat verib.
Ədliyyə Nazirliyinin əməkdaşı, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri” mövzusunda çıxış edib. Bildirib ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. İcarə müqaviləsində tərəflərin hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, icarə müddəti, icarə haqqı və digər məsələlər öz əksini tapmalıdır.
Vurğulanıb ki, bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi məqsədilə bələdiyyələr mülkiyyətində olan torpaq sahələrinin istifadə vəziyyəti düzgün təhlil edilməli, icarəyə verilən torpaq sahələrinin icarə haqqı bazar məzənnəsi nəzərə alınmaqla tənzimlənməlidir.
“Bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı” mövzusunda çıxış edən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oktay Məmmədov qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə qarşıya qoyulan mühüm vəzifələrdəndir. Ona görə də həmin torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.
Ədliyyə Nazirliyinin digər təmsilçisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxışda vurğulayıb ki, bələdiyyələrin səlahiyyətlərinə aid olan məsələlərə dair qəbul etdikləri normativ xarakterli aktları qərar formasında qəbul edilir. Normativ xarakterli aktlar müvafiq normativ-hüquqi aktlar əsasında qəbul edilməli və qanunun müvafiq normasına istinad edilməlidir.
Sonda iştirakçılara mövzu ilə əlaqədar metodik vəsaitlər və yaddaş kitabçası təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin
mətbuat xidməti