Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən ciddi iqtisadi və struktur islahatları əhalinin sosial müdafiəsi sahəsində də uğurlu nəticələrin əldə olunmasını təmin etmişdir. İqtisadi inkişaf modelinin ən mühüm uğuru iqtisadi sahədə qazanılan gəlirlərin, ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır.
Muxtar respublikamızda da həyata keçirilmiş sosial-iqtisadi islahatlar nəticəsində əhalinin, habelə əmək pensiyaçılarının rahatlığının təmin olunması, onların maddi təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə diqqət və qayğısı nəticəsində bütün növ əmək pensiyalarının və müavinətlərin hər ay vaxtından əvvəl maliyyələşdirilməsi təmin olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu sahədə üzərinə düşən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Bunun nəticəsidir ki, muxtar respublika üzrə noyabr ayında əmək pensiyalarının ödənişi vaxtında maliyyələşdirilmişdir. Ödəniş plastik kartlar və poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılmışdır. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi üçün hazırda müvafiq işlər görülür.
Ödənilən məcburi dövlət sosial sığorta haqları sığortaolunanların fərdi uçot sistemində açılmış fərdi şəxsi hesablarına işlənilir. Gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürülür. Ona görə də vətəndaşlar bilməlidir ki, məcburi dövlət sosial sığortası onların bu günü və gələcəyi üçün təminatdır. Çünki gələcəkdə əmək pensiyası hüququnun yaranması, eləcə də məcburi dövlət sosial sığortası üzrə ödəmələrdən yararlanmaq üçün məcburi dövlət sosial sığortahaqqının ödənilməsi əsas şərtdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti