Ələhi, Xurs və Nürgüt kəndlərində bir gündə 8 obyekt istifadəyə verilib
Yazıya giriş
Ordubad rayonunun Ələhi, Xurs və Nürgüt kəndləri rayonun Gəmiqaya qolu üzərində yerləşir. Bu qol rayondakı 4 istirahət və turizm zonasından biridir və yay aylarında ilin 4 fəslini də bu zonada müşahidə etmək mümkündür. Adıçəkilən yaşayış məntəqələrində noyabr ayının 12-də yeni sosial obyektlər istifadəyə verilib. Həmin kəndlərə üz tutmağımız bu ünvanlarda yaşayan insanlarla görüşmək, göstərilən dövlət qayğısı müqabilində onların ürək sözlərini eşitmək idi. Yol boyu düşüncələrimə hakim olan isə bu idi ki, 20 ildən artıqdır, blokada şəraitində yaşayan, qısa müddət ərzində 10 illərə bərabər inkişaf və tərəqqi yolu keçən bir məmləkətdə yaşayan insanlar dünənimizlə bu günümüz arasında olan əsaslı dəyişiklikləri necə dəyərləndirirlər? Belə inkişaf onların həyat tərzində özünü necə göstərir? Bu suallara getdiyimiz yaşayış məntəqələrində cavab tapmağa çalışdıq.
Bura Ələhidir və ya ilk təəssüratlar
Ələhi kəndi Bist kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibindədir. Bu yaşayış məntəqəsinin sakinləri həmin gün 3 yeni obyektin açılışında iştirak ediblər. Obyektlərdən biri kənd ümumi orta məktəbi, digərləri kənd və xidmət mərkəzləridir. Bist kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hüseyn Hüseynovla kənd mərkəzində görüşürük. Hüseyn müəllim böyük diqqət və qayğıdan doğan sevinclə minnətdarlığını bildirir. Deyir ki, bu gün Naxçıvan-Ordubad magistralının Aza kəndi ərazisindən ayrılan yol üstdə hansı kəndə üz tutsan, mütləq kompleks quruculuq tədbirləri həyata keçirildiyinin şahidi olacaqsan.
Onunla yolumuzu Ələhi məktəbindən salırıq. Məktəbin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sözlərini xatırlayıram: “Bu gün ölkəmizdə məktəb işinə xüsusi diqqət və qayğı göstərilir. Şəhər və rayon mərkəzlərində, ucqar dağ kəndlərində yeni məktəb binaları tikilir, tədrisin səviyyəsi yüksəldilir. Bu gün dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, çətin dağlıq ərazidə yerləşən Ələhi kəndində müasir məktəb binasının istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bu eyni zamanda ölkəmizdə insan amilinə verilən qiymətin bariz nümunəsidir”.
Yeni məktəb binası 88 şagird yerlikdir. Burada bir faktı xüsusi vurğulamağa ehtiyac var. Məktəbdə 5 sinif komplektində 14 şagird təhsil alır. Bu sayda şagirdi olan məktəb üçün üçmərtəbəli bina inşa edilməsi inkişafı təhsildən keçən doğma məmləkətin sabahına cavabdehlik hissinin nəticəsidir.
Məktəb binası kənd meydanına yaxın ərazidə, yolun solunda tikilib. Uzaqdan göz oxşayır. Ərazidə gülkarlıq salınıb. Ələhinin hüsnünə yeni gözəllik bəxş edən məktəb binası yaxınlığında kənd sakinləri ilə görüşürük. İkibir, üçbir söhbət edən sakinlərin hamısı razılıq edirlər. Kənd sakini Rəfael Sədiyev deyir ki, Ələhi kəndi mövcudluğu dövründə belə qayğı görməyib. Bir neçə gün əvvəl kənd sakinlərinin ixtiyarına verilən bu obyektlər kəndin simasını tamamilə dəyişdirib. Bu gün ələhililər həm də ona sevinirlər ki, yeni tikililər Naxçıvan şəhərində, rayon mərkəzlərində tikilənlərdən seçilmir, hər cür şəraiti var. Kənd adamının sosial problemləri həll olunubsa, deməli, insanların öz torpağına bağlılığı güclənib, qurmaq-yaratmaq əzmi yüksəlib.
Müəllim Zakir Cabbarov da söhbətə qoşulur: – Ələhililər çətinliyə dözməyi bacaran insanlardır. Buna baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində onların da bəzilərində ruh düşkünlüyü sezilirdi. Belələrini qınamaq da olmurdu. Niyə? Məktəb yararsız vəziyyətdə idi, uyğunlaşdırılmış binada yerləşdirilmişdi. Səhiyyə xidməti unudulmuşdu, müasir informasiya texnologiyalarından istifadə barədə söhbət etməyə dəyməzdi. Sevinirik ki, muxtar respublikanın digər ucqar dağ kəndləri kimi, Ələhinin də problemləri öz həllini tapdı, özü də yüksək səviyyədə. Bu isə həm biz müəllimlərin, həm də kənd sakinlərinin məsuliyyətini artırıb. Bütün gücümüzlə çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq, fərdi təsərrüfatları inkişaf etdirək, muxtar respublika iqtisadiyyatının gücləndirilməsinə töhfələrimizi verək.
Yaşayış məntəqəsində istifadəyə verilən yeni kənd mərkəzi insanların rahatlığının təmin olunması, sakinlərin problemlərinin vaxtlı-vaxtında həll edilməsi məqsədi daşıyır. Kənd mərkəzində fəaliyyət göstərəcək qurumlar üçün lazımi iş şəraiti yaradılıb. Açılış mərasimində Ali Məclisin Sədri tövsiyələrini verərək deyib: “Dövlət qurumları və müvafiq icra strukturları kənd yaşayış məntəqələrində səhiyyə, rabitə və təhsil sahəsində işlərin günün tələbləri səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlamalıdırlar. Bu gün Ələhi kəndində görülən işlər bu ucqar dağ kəndi ilə şəhər arasındakı fərqin azalmasına səbəb olmuşdur. Ona görə də sakinlər tikilənləri, qurulanları qorumalı, kəndin abadlaşması istiqamətində bundan sonra da çalışmalıdır”.
Xurs müasir yaşayış məntəqəsinə çevrilib
Yolumuz Xurs kəndinədir. Həmin gün bu yaşayış məntəqəsində də kənd tam orta məktəbinin binası, kənd və xidmət mərkəzləri qapılarını xursluların üzünə açıb.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Bu məktəbdə 27 şagirdin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olur. Sadə bir hesablama aparaq: bir müəllimə iki şagird belə düşmür. Deməli, uğur qazanmaq üçün daha geniş imkanlar yaradılıb. Qalır ki, bu imkanlardan səmərəli istifadə edəsən. Kənd sakini Ələkbər Səfərov bu fikrimizi təsdiq edir. Deyir ki, bu gün Naxçıvanda belə quruculuq tədbirlərinin həyata keçirilməsi adi hala çevrilib. Belə tədbirlər ondan ötrüdür ki, insanların tələbatları ödənilsin, onların yaxşı yaşaması təmin olunsun, sağlamlıqlarının qeydinə qalınsın, potensiallarından səmərəli istifadə edilsin.
Digər obyektlərə də baş çəkdik. Yaradılan şəraitlə tanış olduq. İnsanların hələ də sevinc içərisində olduqlarını duymaq çətin deyildi. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhərrəm Həbibov bildirdi ki, muxtar respublikanın kənd yaşayış məntəqələrində aparılan kompleks quruculuq tədbirləri bu gün şəhərlə kənd arasındakı fərqi aradan götürməkdədir. Odur ki, belə tədbirlər məktəb şagirdlərindən tutmuş kəndin ən yaşlı sakininə qədər hamını ürəkdən sevindirir. Məktəbli sevinir ki, müasir binada təhsil alacaq, torpaq adamı düşünür ki, evinin bəzi ehtiyaclarını ödəmək, xəstəsini sağaltmaq üçün rayon mərkəzinə üz tutmayacaq. Bununla, əlavə xərc çəkməyəcək, vaxt itirməyəcək.
Kənd sakini Məmmədhəsən Səfərov icra nümayəndəsinin sözlərini təsdiqləyir: – Bütün bu işləri görənləri sağ olsunlar. Daha heç bir xurslunun bugünkü yaşayışından narazılıq etməyə haqqı yoxdur. Məktəbi var, dükanı var, bərbərxanası, hətta gözəllik salonu da var. Həyətyanı təsərrüfatında da nə istəsə, əkib-becərməyə şərait yaradılıb, – deyərək gülümsəyir və əlavə edir: – Bizim kimi yaşlı adamlar üçün də hələ yaşamağa dəyər.
Dağ kəndlərində quruculuq tədbirlərinin öz çətinlikləri var
Qeyd edək ki, rayonda ilk yeni məktəb binalarından biri – Nürgüt kənd tam orta məktəbinin binası 2002-ci ilin avqust ayında istifadəyə verilib. Cari ilin mart ayında isə binada əsaslı təmir işləri aparılıb, yeni korpus tikilib. Məktəb 110 şagird yerlikdir.
Kənd əhalisinə daha bir qayğı isə məktəb binasında iki otaqdan ibarət feldşer-mama məntəqəsinin yaradılmasıdır.
Nürgütə gəlişimiz şagirdlərin payız tətilinə təsadüf etmişdi. Ancaq müəllimlər məktəbdə idi. Müəllimlərlə görüşüb onları yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etdik, gələcək işlərində uğurlar arzuladıq. Məktəbin direktoru Qüdrət Quliyev bildirdi ki, Nürgüt kəndi muxtar respublikanın ən ucqar zirvəsində yerləşsə də, ilk dövlət qayğısı görən yaşayış məntəqələrindən biridir. Odur ki, bu il kənddə məktəb binasının yenidən qurularaq və yeni xidmət mərkəzinin tikilərək istifadəyə verilməsini bu qayğının davamı hesab edirlər. Həmsöhbətimiz bir qədər əvvələ qayıdaraq deyir: – Bir vaxtlar yolların bərbad vəziyyəti xüsusən qarlı-yağışlı havalarda insanları yola çıxmağa qorxudurdu. Elektrik enerjisi və yanacağın olmaması isə ən böyük dərdlərimizdən idi. Bütün bunlar kənd adamlarını öz yurd yerlərindən didərgin salmışdı. Evlərin qapılarına vurulmuş qıfıllar pas atmışdı. Şükür Allaha, bu gün hər bir nürgütlünün evində işıq yanır. Kəndin gecələri gündüzündən seçilmir.
Kənd camaatı ilə də həmsöhbət olduq. 83 yaşlı kənd sakini Məhəmməd Məmmədov: – Dövlətimizin ucqarlarda yaşayan insanlara qayğısı məni də ürəkdən sevindirir. Bir neçə ay ərzində xeyli quruculuq işi görülüb. Belə işlərə bu gün Naxçıvanın hər yerində rast gəlmək olar. Ancaq ucqar kəndlərdə tikinti işləri aparmağın ayrıca çətinlikləri var. Dağ yolları ilə buraya tikinti materialları daşımağı göz önünə gətirmək kifayət edər. Ancaq dövlətimiz öz vətəndaşlarının yaxşı yaşaması üçün bütün çətinlikləri dəf etmək gücündədir.
Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Mağazada muxtar respublikamızda istehsal olunan keyfiyyətli ərzaq və sənaye məhsullarının satışına daha çox üstünlük verilir.
Üç-dörd saatlıq görüşlərdən, dağ kəndlərinin dağ vüqarlı insanları ilə söhbətlərdən aldığım zəngin təəssüratlarla bu ucqar yurd yerlərindən ayrılıram. Bir neçə il əvvəlləri xatırlayır, düşünürəm: Bu illərdə dəyişən və dəyişməyən nədir? Sualın cavabı genişdir: Kəndlərimizin siması dəyişib, bu yaşayış məntəqələri müasirlik donuna bürünüb, insanların rifah halı yaxşılaşdırılıb, təfəkkür tərzi yenilənib, qurub-yaratmaq arzuları güclənib. Dəyişməyən isə uzun illər müxtəlif problemlər məngənəsində boğulan insanların dövlətçiliyimizə, müstəqilliyimizə, yurd yerlərimizə böyük və dərin sədaqətidir.
Muxtar MƏMMƏDOV