Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminatı Xidmətindən aldığımız məlumata görə, qurum 2013-cü ilin ilk doqquz ayı ərzində qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə səy göstərib.
Xidmət tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsi, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial-tibbi reabilitasiyası, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təminatı, eyni zamanda onların sanatoriya və kurortlarda müalicələrinin təşkili, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər görülüb. Bu dövrdə bütün növ müavinətlərə və ünvanlı dövlət sosial yardımına 8 milyon 677 min 994 manat vəsait sərf olunub.
Cari ilin ilk doqquz ayı ərzində 539 tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilib. Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 190 şəxsin, Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud 185 uşağın müalicəsi təşkil olunub, eyni zamanda onurğa xəstəlikləri olan məhdud fiziki imkanlı 9 şəxsin Ukrayna Respublikasının Saki şəhərində, sağlamlıq imkanları məhdud 16 uşağın isə Evpatoriya şəhərində fəaliyyət göstərən sanatoriyaya müalicəyə göndərilməsi təmin edilib. Bəhs olunan dövrdə məhdud fiziki imkanlı 45 şəxsin, o cümlədən sağlamlıq imkanları məhdud 35 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətlərinin təşkili də həyata keçirilən tədbirlər sırasındadır.
Xidmətdən aldığımız məlumatda o da bildirilir ki, sağlamlıq imkanları məhdud vətəndaşlarımızın sanatoriyalarda müalicəsi və istirahət etmələri diqqətdə saxlanılıb, bu məqsədlə 78 nəfərə göndəriş verilib. 270 nəfər müxtəlif texniki bərpa vasitələri ilə təmin olunub, 143 nəfərə protez-ortopedik xidməti göstərilib. Məhdud fiziki imkanlı 40 şəxsin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. 20 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik edilib.
Muxtar respublikamızda əlillərə göstərilən yüksək diqqət və qayğının ifadəsi kimi müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud 30 şəxs minik avtomobili ilə təmin olunub.
Əlamətdar günlərdə keçirilən görüşlərdə, ümumilikdə, 1537 ahıl və sağlamlıq imkanları məhdud şəxsə bayram sovqatı və hədiyyələr təqdim edilib. Həmçinin 15 sentyabr – Bilik Günü münasibətilə sağlamlıq imkanları məhdud 220 şagirdə məktəbli geyimi və məktəbli ləvazimatları verilib. Keçirilən bayram tədbirlərində və əsgərlərlə görüşlərdə sağlamlıq imkanları məhdud ifaçıların konsert proqramları təşkil olunub.
Sosial xidmətə ehtiyacı olan tənha ahıllar da unudulmayıblar. Onlar evlərində ziyarət olunub, problemləri həll edilib.
Məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyası, intellektual səviyyələrinin inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə tədbirlər davam etdirilib. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların iştirakı ilə “Naxçıvan tarixi abidələr diyarıdır” rəsm müsabiqəsinin, “Yurdumuzu tanıyırıq” bilik yarışının keçirilməsi, məhdud fiziki imkanlı rəsm həvəskarlarının rəsmlərinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunan “Yay etüdləri” sərgisində nümayiş etdirilməsi bu qəbildən olan tədbirlərdir. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu dövrdə ölkəmizdə ilk dəfə olaraq Şərur Olimpiya-İdman Kompleksində Paralimpiya İdman Festivalı keçirilib.
Məhdud fiziki imkanlılara göstərilən sosial xidmətlər günbəgün genişlənir və təkmilləşir. Bu istiqamətdə görülən tədbirlərin davamı kimi Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə və danışma məhdudiyyəti olanlar üçün daktilo əlifbası (əl əlifbası) üzrə dərslər keçilməsi təşkil edilib. Eyni zamanda mərkəzdə 429 görmə və 242 eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxana xidməti istifadəyə verilib.
Xəbərlər şöbəsi