22 Dekabr 2024, Bazar

Culfa rayonunun Yaycı kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov açmışdır.
“Ailədə sağlam həyat tərzinin aşılanmasında qadının əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, qadının ailədə rolu böyükdür. Bu gün Azərbaycan ailələrində milli dəyərlərimizin qorunmasında qadının rolu əvəzsizdir. Bütün bunlarla yanaşı, qadının – ananın müqəddəs bir vəzifəsi də var ki, bu, onun ailədə sağlam həyat tərzi aşılamasıdır. Qadınlarımız nəsillərarası münasibətin qorunub saxlanmasına, ailələrdə böyüyən övladlarının bütün əxlaqi keyfiyyətlərə yiyələnməsinə, torpağına, elinə bağlılıq ruhunda tərbiyəsinə çalışmalı, qan qohumluğu, erkən nikahlara qəti olaraq qarşı çıxmalı, buna şərait yaratmamalıdırlar.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov “Qadın hüquqları” mövzusunda çıxış edərək vurğulamışdır ki, qadın və kişi ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquq vəzifələrinə malikdirlər. Bu, ailə qanunvericiliyinin mühüm prinsipial müddəasıdır. Nikaha daxil olarkən ailə qanunvericiliyi ilə müəyyən edilmiş nikah müqaviləsinin bağlanması da vacib hesab olunmalıdır. Bu saziş nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edir, qadınların əlverişsiz şəraitə düşməsinin qarşısını alır.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva elmi dəlillərlə keser əməliyyatlarının törətdiyi ağır fəsadlardan danışmış, slaydların müşayiəti ilə təhlillər vermişdir. Bildirilmişdir ki, yaşadığımız zamanın başlıca problemlərindən olan keser əməliyyatı və abortlar nəinki ana və uşağın sağlamlığına mənfi təsir edir, həmçinin cəmiyyətdə demoqrafik vəziyyətin pozulmasına səbəb olur.  
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR